Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dünyanın bir çox ölkəsinin, o cümlədən də Ermənistan və Gürcüstan mətbuatının, ictimai-siyasi dairələrinin diqqət mərkəzində olub. Burada dövlət başçısının diqqət çəkdiyi əsas məqamlardan biri Ermənistan konstitusiyası ilə bağlı olub.
Qeyd edib ki, Ermənistan konstitusiya dəyişikliyi edəndən sonra Azərbaycanla sülh sazişi imzalanacaq: “Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - 5 Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq”.
Xatırladaq ki, Bakı ilə İrəvan arasında sülh sazişini avqustun 8-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri paraflayıblar. Ermənistanın baş naziri Nikol Paşinyan hələ ötən il yeni konstitusiyanın qəbul olunacağını deyib, ötən həftə bu planlarını bir daha dilə gətirib. Lakin b6u fonda xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan Azərbaycanla razılaşmalar çərçivəsində konstitusiyanı dəyişdirmək öhdəliyi götürməyib. O, İctimai Televiziyaya müsahibəsində deyib ki, Ermənistan konstitusiyasında problem olması haqda Azərbaycan tərəfinin fikrini bölüşmür: “Vaşinqtonda Konstitusiya mövzusu müzakirə olunmayıb, baxmayaraq ki, bu barədə əvvəllər Azərbaycan tərəfindən bəyanatlar eşitmişik. Biz də onların konstitusiyasında problemlər görürük, lakin inanırıq ki, sülh sazişi bu məsələləri konstitusiyaları dəyişdirmədən həll edə bilər”. Mirzoyan əlavə edib ki, Ermənistan heç bir ölkənin tələbi ilə konstitusiyasını dəyişmək öhdəliyini üzərinə götürməyib: “Onun dəyişdirilməsi imkanından biz hələ 2018-ci ildən danışırıq və bu söhbətlərə sadəcə Bəyannaməyə istinadla bağlı hissə əlavə olunub. Biz demirik ki, saziş imzalanıb. Bəli, paraflanıb, tədbirlər görüləcək, amma güman edirəm ki, imzalanma və ratifikasiyanın sonrakı mərhələləri hətta çəkisinə görə paraflamanı da keçə bilməyə bilər. Hələ çox görüləsi işlər var. Sülh müqaviləsində bir ölkə üçün yaxşı və mahiyyət etibarı ilə başqa bir ölkə üçün pis olacaq heç bir müddəa yoxdur”. Əslində, Ararat Mirzoyan etiraf edib ki, Ermənistan konstitusiyasında dəyişiklik olacaq. Sadəcə, erməni tərəfi bunun Azərbaycanın tələbi ilə olmadığını göstərməyə çalışır. Xatırladaq ki, Bakı İrəvandan konstitusiyanın preambulasını çıxarmasını tələb edir. Orada Ermənistanın 1990-cı il müstəqillik bəyannaməsinə istinad yer alıb. Həmin bəyannamədə 1989-cu ildə Sovet Ermənistanı və Dağlıq Qarabağ Muxtar Vilayətinin qəbul etdiyi birləşmə aktına istinad olunur. Bunu gerçəkləşdirməyin yeganə hüquqi yolu referendum vasitəsilə yeni konstitusiyanın qəbulundan keçir. Müşahidəçilərin fikrincə, Ermənistan konstitusiyasında dəyişikliklə bağlı referendum 2026-cı ilin iyununda növbəti parlament seçkiləri ilə eyni vaxtda baş tuta bilər. Müxalifət qrupları isə erməniləri yeni konstitusiyanı rədd etməkdən ötrü səfərbər edəcəklərini vəd ediblər.
Bu arada qeyd edək ki, prezident Əliyev müsahibəsində həmin səsverməyə, Paşinyanın məğlubiyyəti və hakimiyyətdən getməsi ehtimalına da toxunub: “Əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir”. Müxalifətdən olan deputat Kristine Vartanyan iddia edir ki, İlham Əliyev erməniləri yeni konstitusiyanı qəbul etmədikləri halda, hərbi müdaxilə ilə təhdid edir. Onun sözlərinə görə, bu, Paşinyanın Vaşinqton sammitinin Ermənistan-Azərbaycan münaqişəsinə son qoyduğu barədə bəyanatlarını mənasız edir: “Əliyev üçün artıq Paşinyanla əldə etdiyi razılaşmalar o qədər də mühüm deyil. O, erməni xalqı ilə eyni məzmunda bir razılaşma istəyir, yəni, xalqın iradəsinin ifadəsini. Biz bunu baş verməməsi üçün əlimizdən gələni edəcəyik”. Hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Asmik Akopyan isə İlham Əliyevin bəyanatında hədə görmədiyini deyib: “Əgər Ermənistan da Azərbaycanın ərazi bütövlüyünə hörmət edərsə, heç bir hədə yoxdur. Əgər hakimiyyətdə Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyəcək qüvvələr olarsa, o zaman hədələr Əliyevin nəzərdə tutduqlarına bənzəyir. Mən bu siqnalı aldım”. Xatırladaq ki, Azərbaycan prezidenti Vaşinqtonda imzalanan sənədi “Ermənistan üçün sülhə və sabit inkişafa zəmanət” kimi dəyərləndirməklə, sadəcə, regionda deyil, dünyada gedən proseslər baxımından da Ermənistanın son dərəcə diqqətli davranmalı olduğuna diqqət çəkib. Bakı nəzərə alır ki, heç bir dövlətin sənədi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına ala bilməz. Diqqətə çatdırılan digər məsələ də o idi ki, dövlət başçısı Ağ Evdə prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında paraflanmış bu sənədi müharibənin başa çatması faktı kimi dəyərləndirdi.
Ramil QULİYEV