AZ

Rusiyanın Qafqaz siyasəti son 200 ildə ən uğursuz dövrünü yaşayır... Əsas yanlış Bakıya qarşı edildı...


Rusiya ənənəvi olaraq Cənubi Qafqazda əsas təsir gücünə malik dövlətlərdən biri hesab edilirdi. Lakin bu regionun lider ölkəsi olan Azərbaycanla bağlı yanlışlıqlar, eləcə də Ukrayna müharibəsi fonunda Rusiyanın Cənubi Qafqazdakı mövqeyində nəzərəçarpacaq zəifləmə müşahidə olunur. Bu zəifləmə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində özünü büruzə verir.

Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəifləməsi artıq faktdır və bu proses geri dönməz görünür. Azərbaycanın müstəqil siyasəti, Ermənistanın Qərbə yönəlməsi, Gürcüstanın Avropaya inteqrasiyası Moskvanın təsir dairəsini xeyli daraldıb. Ukrayna müharibəsi isə bu zəifləməni sürətləndirib. Yeni geosiyasi reallıqda Cənubi Qafqazda Azərbaycanın sayəsində həm də çoxqütblü güc balansı formalaşır. Cənubi Qafqaz və Avrasiya üzrə amerikalı siyasi analitik Simona Skottinin "Commonspace" nəşri üçün yazdığı məqalədə də deyilir ki, Cənubi Qafqaz artıq Rusiyanın təkbaşına hökmranlıq meydanı deyil, Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan-Ermənistan sammiti digər aktorların proseslərə təsir etmək imkanlarının olduğunu göstərib. Ekspert qeyd edib ki, onilliklər boyu Rusiya Cənubi Qafqazın təhlükəsizlik sisteminin mərkəzində olub və heç bir sülh sazişi və ya böyük infrastruktur layihəsini Moskvanın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Ekspert bildirib ki, Bakı və Moskva arasında münasibətlərdəki çatlar 2024-cü ilin sonlarından, Rusiyanın Azərbaycan aviaşirkəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsini vurmasından sonra özünü göstərməyə başlayıb. İlkin araşdırmanın nəticələri göstərir ki, təyyarə Rusiyanın “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən vurulub. Yeri gəlmişkən qeyd edək ki, bu məsələyə prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də geniş şəkildə toxunub: “Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu. Birincisi, ilk növbədə, təyyarəyə atəş açılmamalı idi, çünki Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim “xalça”, rus dilində “kavyor” adlanır. Dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır. Həmin təyyarə qəzaya düşməzdən iki həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə geri dönmüşdü. Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq vurulandan sonra siqnal verdilər. Bunu yalnız araşdırma prosesini aparacaq şəxsləri çaşdırmaq üçün etdilər. İki dəfə atəş açdılar. Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi. Enişdən sonra qəza baş verdi. Bəzi sərnişinlər sağ qaldı, bizdə ifadə verənlər var”.

Bütün bunlar fonunda Simona Skotti vurğulayır ki, təyyarə məsələsində Bakının reaksiyası əksər ekspertlərin proqnozlaşdırdığından daha sərt olub: Rusiyanın mədəniyyət müəssisələri bağlanıb, media daha tənqidi olub və Moskvanın Qafqazda ənənəvi “arbitr” rolu şübhə altına alınıb. Ekspert qeyd edib ki, eyni zamanda Moskva Ermənistanla əlaqələri gücləndirməyə çalışıb, lakin burada da onun təsiri zəifləyib. Ermənistan rəhbərliyi ölkənin xarici siyasətinin diversifikasiyası ilə bağlı qətiyyətli mövqe tutub: “Beləliklə, regionda Rusiyanın təsir monopoliyası zəifləyir. Məhz bu fonda avqustun 8-də Vaşinqtonda sammit keçirilib. ABŞ prezidenti Donald Tramp tərəfindən təşkil edilən Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü bir sıra irəliləyişlər gətirib: Bakı və İrəvan sülh sazişini paraflayıb, bu sazişin Ermənistan konstitusiyasına düzəlişlər edildikdən sonra imzalanacağı bildirilir; hər iki tərəf fəaliyyət göstərməyən ATƏT-in Minsk qrupunun buraxılmasına çağırıb və uzun müddət mübahisə edilən Zəngəzur dəhlizinə nəhayət yaşıl işıq yandırılıb. Xüsusilə əhəmiyyətli olan təkcə sazişin özü deyil, həm də onun zəmanətçisinin kim olması idi. Bir vaxtlar Rusiyanın nəzarəti altında istifadəyə verilməsi nəzərdə tutulan dəhliz indi ABŞ şirkətinin nəzarəti altında fəaliyyət göstərəcək və hətta "Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu" (TRIPP) adını alıb. Bir sözlə, Vaşinqton Rusiyanın bir vaxtlar öz mülkü hesab etdiyi məsələlərdə özünə rəsmi rol təmin edib”. Bu şəraitdə region ölkələri üçün yeni əməkdaşlıq imkanları açılır. Burada o da xüsusi qeyd olunamlıdır ki, 2020-ci ildən sonra əldə edilən hərbi-siyasi qələbələr Azərbaycanın regional lider kimi mövqeyini möhkəmləndirdi. Azərbaycan-Ermənistan sülh prosesində Moskvanın deyil, ikitərəfli formatın ön plana çıxması da Rusiyanın rolunun azalmasını göstərir. Bakı həm Türkiyə ilə strateji müttəfiqliyi, həm də Avropa İttifaqı ilə enerji əməkdaşlığı sayəsində manevr imkanlarını genişləndirib. İndi bu sıraya ABŞ da daxil olur. Xüsusən də Zəngəzur dəhlizinin reallaşması Azərbaycanla yanaşı, Türkiyə və bütövlükdə Qərb üçün mühüm əhəmiyyət daşıyır. Bu, ölkəmizə əlavə manevr imkanları da qazandırır.

Nahid SALAYEV

Seçilən
4
baki-xeber.com

1Mənbələr