AZ

Xankəndi və Şuşaya səfər edən yüzlərlə əcnəbi harada gecələyib? - Şübhəli statistika

Bu ilin iyul ayında turizm məqsədi ilə Azərbaycana 198 min 182 nəfər xarici ölkə vətəndaşı səfər edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 37 min 832 nəfəri ölkəmizə işgüzar məqəsdlə gəlib.

Qeyd edək ki, iyul ayında Azərbaycan mühüm beynəlxalq tədbirə – İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi edib. Xankəndi şəhərində keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi böyük nümayəndə heyətləri iştirak edib.

Bundan başqa iyul ayının 19-21-i tarixlərində Xankəndi və Şuşa şəhərlərində 3-cü Şuşa Qlobal Media Forum keçirilib. Foruma 52 ölkədən 255 media təmsilçisi qatılıb.

Məlumat üçün bildirək ki, iyul ayı ərzində Xankəndi və Şuşa şəhərlərində 2 mühüm beynəlxalq tədbirin keçirilməsinə baxmayraq, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistikada bu şəhərlərdə gecələyən əcnəbilərin sayının az olduğu görülür. Belə ki, bu ilin iyul ayında əcnəbilərin Xankəndi otellərindəki gecələmlərinin sayı 27, Şuşa otellərindəki gecələmələrinin sayı isə 487 olub. Müqayisə üçün bildirək ki, iyul ayında əcnəbilər Bakıdakı otellərdə 191 min 885, Qusardakı otellərdə 15 min 263, Naftalandakı otellərdə 10 min 395, Qəbələdəki otellərdə 9 min 251, Qubadakı otellərdə 4 365, Şamaxıdakı otellərdə isə 2 min 295 gecə keçiriblər.

Qeyd etdiyimiz kimi, Şuşa Qlobal Media Forumunda aralarında Ukrayna, Almaniya, Böyük Britaniyanın da olduğu 52 ölkədən nümayəndələr iştirak edib. Maraqlıdır ki, açıqlanan rəsmi statistikda Şuşadakı otellərdə gecələyənlər arasında adları qeyd olunan ölkələrin vətəndaşları olmayıb.

Seçilən
0
3
hurriyyet.az

4Mənbələr