Yeni Klinikanın Uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi 0–18 yaş arası uşaqlara bütün təcili hallarda yüksək ixtisaslı tibbi xidmət göstərir.
Şöbəyə yüksək hərarət, qəfil başlayan təngnəfəslik, boğulma, qıcolma, huşun itirilməsi, kəskin baş və qarın ağrıları, şiddətli qusma kimi simptomlarla müraciət edən uşaqlara ixtisaslı həkim heyəti tərəfindən operativ tibbi yardım göstərilir.
Şöbənin fəaliyyət istiqamətləri sistemlər üzrə aşağıdakı sahələri əhatə edir:
-Tənəffüs sistemi: astma tutmaları, bronxiolit, pnevmoniya, kəskin laringit;
-Ürək-damar sistemi: miokardit, ritm pozğunluqları;
-Sinir sistemi: qıcolmalar, baş ağrısı, huş pozulmaları;
-Allergik xəstəliklər: anafilaksiya, kəskin allergik reaksiyalar;
-Neonatal dövr: sarılıq, tənəffüs pozulmaları, qidalanma ilə bağlı təcili vəziyyətlər;
-Skelet-əzələ sistemi: travmatik olmayan kəskin oynaq və əzələ ağrıları.
Müraciət edən hər bir uşaq triyaj otağında vital göstəricilərinə və şikayətlərinə uyğun olaraq zonalara bölünür. Belə ki, ambulator müalicəyə ehtiyacı olan pasiyentlər yaşıl zonaya, qısa müddətli müşahidə və müalicə tələb edən hallarda sarı zonaya, həyati təhlükə yaradan və dərhal müdaxilə tələb edən hallarda isə qırmızı zonaya yönləndirilirlər.
Ehtiyac yarandığı təqdirdə isə uşaqlar Neonatologiya, Uşaq reanimasiya və intensiv terapiya, Uşaq sağlamlığı və xəstəlikləri həmçinin Uşaq cərrahiyyəsi şöbələrinə yönləndirilərək stasionar müalicəyə cəlb olunurlar.
Peşəkar kadr potensialı və müasir tibbi avadanlıqlara sahib olan şöbə uşaqlara beynəlxalq standartlara uyğun təcili tibbi yardım göstərməkdədir.
Xatırladaq ki, təcili və təxirəsalınmaz tibbi yardım zamanı, eləcə də stasionar (xəstəxanada) müalicə zamanı istifadə olunan dərman və tibbi sərf materialları icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir və sığortaolunan üçün ödənişsizdir.









