Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.
Ç.Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib.
Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura Çingiz Mustafayevi "215 kl studiyası"nı yaratmağa təşviq edib. Reportajları, əsasən cəbhədən olduğuna görə, "215 kl studiyası"nı da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul ediblər.
Ç.Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi kadrlarla tanıyıb.
O, 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. Ona 1993-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.