AZ

Ermənistan Qarabağdan imtina edir, Azərbaycan isə təzminatlardan: sülh müqaviləsinin mətnində nə önəmlidir?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Avqustun əvvəlində Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnini yekun olaraq təsdiqlədilər, indi yalnız onu imzalamaq qalır.

Bu sazişdə Bakının maraqlarına nə uyğundur, hansılar Yerevan üçün əlverişlidir və hansı məsələlər hələ də həll olunmamış qalır?

BBC bu sualları erməni, azərbaycanlı və beynəlxalq ekspertlərə ünvanlayıb.

Qarabağ - əsas güzəşt

Sülh müqaviləsinin mətni iki ölkə liderlərinin Vaşinqtondakı görüşündən sonra dərc olundu. Orada xarici işlər nazirləri hər bir səhifəyə öz baş hərflərini yazdılar - diplomatik dildə buna paraflama deyilir.

Amma iki ölkənin liderlərinin müqaviləni nə vaxt imzalayacağı hələlik məlum deyil. və ABŞ Prezidenti Donald Trump-ın himayəsi altında keçirilən görüş də sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırmadı.

Mətn qarşılıqlı şəkildə ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının və suverenliyin tanınması ilə başlayır. Bu isə o deməkdir ki, Bakı müstəqillikdən bəri əsas xarici siyasət hədəfinə - Ermənistanın Dağlıq Qarabağa dair bütün iddialardan imtinasına nail oldu.

"Bu, əsas kompromisdir - bütün münaqişə Qarabağın kimə məxsus olması mövzusuna əsaslanırdı", - Qarabağ münaqişəsinin tarixçisi, birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Prezident Administrasiyasında çalışmış Arif Yunus deyir.

Amma bu kompromis yenilik deyil. Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə il əvvəl Qarabağı Azərbaycanın tərkibində tanımağa hazır idi.

Onun mövqeyi isə 2020-ci il müharibəsində Azərbaycanın qələbəsindən və 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun hərbi əməliyyatı nəticəsində ermənilərin Qarabağdan köçməsindən sonra yerindəki vəziyyətlə şərtlənirdi.

Sülh müqaviləsinin ilk variantı Bakının təklifi idi və yeni reallıqların hüquqi cəhətdən təsbit olunması arzusunu ifadə edirdi.

"Bu mətnin ilkin layihəsi Azərbaycan tərəfindən hazırlanmışdı, Ermənistan isə son illər ərzində, sadəcə, onu redaktə etməyə çalışırdı", - politoloq Tiqran Qriqoryan deyir.

Lakin ərazi bütövlüyünün qarşılıqlı tanınmasının başqa bir tərəfi də var: 2021-ci ilin mayından etibarən, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisində bir neçə mühüm yüksəklikləri nəzarətdə saxlayır.

Bu vəziyyəti Kral Beynəlxalq Münasibətlər İnstitutunun ("Chatham House") elmi əməkdaşı Lourens Broers "Ermənistan ərazilərinin hissə-hissə işğalı" kimi xarakterizə edir.

Bundan əlavə, Bakıda "Qərbi Azərbaycan İcması" fəaliyyət göstərir və bunun altında Ermənistan ərazisi nəzərdə tutulur. Azərbaycanın bu icmanı ləğv edib-etməyəcəyi və qoşunlarını Ermənistan ərazisindən çıxarıb-çıxarmayacağı hələlik aydın deyil.

"SSRİ dövründəki inzibati sərhədlərin beynəlxalq sərhəd kimi tanınmasını çox böyük çətinliklə Bakının kiçik güzəşti saymaq olar, çünki son illərdə Azərbaycandan Ermənistanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar və hədələr vaxtaşırı səslənirdi", - Qriqoryan deyir.

Ərazi bütövlüyünün tanınması ilə yanaşı, müqavilənin əsas bəndlərindən biri diplomatik münasibətlərin qurulmasıdır.

Qarabağ münaqişəsi SSRİ-nin dağılmasından əvvəl başlamışdı və nəticədə 1991-ci ildə müstəqil olan Azərbaycan və Ermənistan arasında heç vaxt rəsmi əlaqələr olmamışdı - nə səfirliklər, nə də konsulluqlar...

İndi isə iki ölkə onların yaradılmasına razılıq verir və bu, ən vacib bənddir, Berlin Karnegi Mərkəzinin elmi əməkdaşı Zaur Şiriyev bildirir.

Onun fikrincə, situativ təmaslardan rəsmi diplomatik münasibətlərə keçid iki tərəf arasında etimadı möhkəmləndirəcək.

Qarşılıqlı hədələrdən imtina

2020-ci il müharibəsində qələbədən sonra belə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı onun şərtlərini yerinə yetirməsə, hərbi əməliyyatlarla hədələyirdi.

"Biz Zəngəzur dəhlizini həyata keçirəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. Əgər istəsə, məsələni asan yolla həll edərik, istəməsə, güclə həll edəcəyik", - Azərbaycan lideri deyirdi.

Sülh müqaviləsinin mətni isə bu cür hədələri istisna edir: tərəflər güc tətbiqi ilə hədələməkdən çəkinməyi öhdələrinə götürürlər.

"Güc tətbiqindən imtina Ermənistanın xeyrinədir, çünki Ermənistan zəifdir və onun sərhədləri daim təhdid altındadır", -Arif Yunus deyir.

Azərbaycanın güc tətbiqindən imtinasını kiçik hesab etmək olmaz, - Ermənistan hökumətinin rəyi ilə hesablaşdığı erməni tarixçisi və diplomatı Jirayr Liparityan deyir.

"Bu təhdid uzun müddət Ermənistanın üzərində asılı vəziyyətdə qalmışdı, əhali arasında narahatlıq və qeyri-müəyyənlik yaradırdı və bəlkə də potensial investorları çəkindirirdi", - deyə Liparityan bildirir.

Irqçiliklə mübarizə kimə daha sərfəlidir?

Müşahidəçilər üçün gözlənilməz məqamlardan biri tərəflərin "dözümsüzlüyə, irqi nifrətə və ayrı-seçkiliyə, separatizmə, zorakı ekstremizmə və terrorizmin bütün təzahürlərinə qarşı mübarizə aparmaq" öhdəliyini götürməsidir.

Son 35 ildə qonşularla düşmənçilik hər iki ölkədə, faktiki olaraq, milli ideyaya çevrilmişdi. Hər iki ölkənin prezident administrasiyaları münaqişənin ən qanlı səhifələri ilə bağlı sui-qəsd nəzəriyyələri yayırdılar.

"Hər iki ölkədə həm nifrət dili, həm də dözümsüzlük var, - Arif Yunus deyir, - burada Ermənistan parlamentində müxalifləri 'türk' adlandırmağı xatırlatmaq olar ki, bu, açıq irqçilikdir; eləcə də Azərbaycan məktəb dərsliklərində ermənilərin düşmən obrazında təqdim edilməsini..."

Onun sözlərinə görə, nifrət və dözümsüzlüklə mübarizə uzun bir prosesdir, bunun üçün komissiyaların yaradılması və ayrı-ayrı halların uzun-uzadı araşdırılması tələb olunur.

Arif Yunusun bu işlə ciddi məşğul olunacağına şübhəsi var: "Düşünürəm ki, həm orada, həm də burada bu maddəni boş ritorika kimi qəbul edirlər".

Amma Ermənistanda qorxurlar ki, bu bənd Azərbaycanın Ermənistanın daxili işlərinə qarışmasına bəhanə ola bilər. Politoloq Qriqoryanın sözlərinə görə, Bakıda "müxtəlif prosesləri sərbəst şəkildə şərh edə bilərlər" və bunu müqavilə şərtlərinin pozulması kimi təqdim edə bilərlər. Məsələn, Qarabağ ermənilərinin hüquqları ilə bağlı hər hansı müzakirəni sülh müqaviləsinin pozuntusu kimi dəyərləndirə bilərlər, çünki Ermənistan müqavilədə separatizmlə mübarizə aparmağı öhdəsinə götürüb.

Qarşılıqlı iddialardan imtina

Müqavilə tərəflərin mövcud "dövlətlərarası iddialardan hər hansı hüquqi instansiyada qarşılıqlı imtinasını" və gələcəkdə belə iddiaların qadağan olunmasını nəzərdə tutur. Amma bu bənd tamamilə fərqli şəkildə şərh olunur.

Ermənistanda çoxları hazırda qüvvədə olan beynəlxalq iddialardan imtinanı çox ciddi güzəşt hesab edirlər. Həmin iddialarda Azərbaycan hərbi cinayətlərdə və abidələrin məhv edilməsində ittiham olunur. Tiqran Qriqoryanın sözlərinə görə, bu iddiaların geri götürülməsi Bakının qələbəsi olacaq.

Lakin Azərbaycanda bu bənd daha çox Ermənistanın təzminat ödəməsi tələbindən imtinası kontekstində müzakirə olunur.

Dağlıq Qarabağı əhatə edən yeddi Azərbaycan rayonu 1994-cü ildən 2020-ci ilə qədər erməni qüvvələrinin işğalı altında olub və Bakı şəhərlərin, infrastrukturun dağıdılmasına görə çoxmilyardlıq iddialar qaldırmışdı, faktiki olaraq, reparasiya tələbi kimi...

Zaur Şiriyev qeyd edir ki, Azərbaycanda bir çox insanlar beynəlxalq məhkəmələrin Yerevanı böyük təzminatlar ödəməyə məcbur edəcəyinə inanırdı.

"15-ci maddə açıq şəkildə göstərir ki, bu baş verməyəcək və bu gözləntilər, əsasən, real olmayan və ya şişirdilmiş tələblərə əsaslanırdı. İndi isə bu fikri irəli sürənlərin əksəriyyəti səssizləşib, inananların çoxu isə məyusluq və hətta qəzəb hissi yaşayır", -deyə Şiriyev bildirir.

Sənədə daxil edilməyənlər: erməni məhbuslar və beynəlxalq zəmanətlər:

Sülh müqaviləsinin imzalanmasının əsas əngəli Əliyevin əvvəlcədən irəli sürdüyü şərtdir: Ermənistan əvvəlcə öz konstitusiyasını dəyişməlidir.

Onu narahat edən odur ki, Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinad var, sənədin əvvəlində isə "Ermənistan SSR-i və Dağlıq Qarabağın birləşdirilməsi" barədə qeyd edilir.

Bu şərt o deməkdir ki, sülh müqaviləsi bu il imzalanmayacaq. Konstitusiyanın dəyişdirilməsi üçün referendum tələb olunur və ehtimal ki, bu referendum 2026-cı ilin ortalarından əvvəl keçirilə bilməz; nəticəsini isə qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Razılaşdırılmış mətnin həll etmədiyi digər problemlər də var.

"Bu sənədin beynəlxalq təminatçısı varmı? Əgər tərəflərdən biri razılaşmanı pozsa, nə baş verəcək? İş BMT-yə gedəcəkmi? Bunu təsdiqləyən BMT Təhlükəsizlik Şurasının qətnaməsi varmı?" - deyə Karnegi Mərkəzinin aparıcı elmi əməkdaşı Tom de Vaal sual edir.

Ermənistan mübahisələrin həlli üçün beynəlxalq mexanizmin daxil edilməsini istəyirdi, lakin bu bənd yekun sənədə daxil edilməyib, - de Vaal əlavə edir.

Avqustun 8-də Ağ Evdə keçirilən mərasim - Trump, Əliyev və Paşinyanın iştirakı ilə sülh bəyannaməsinin imzalanması gələcək sülh prosesində ABŞ-ın təminatçı kimi çıxış etdiyi təəssüratını yarada bilərdi, amma imzalanmış sənədlərin heç biri buna işarə etmir, - deyə Jirayr Liparityan qeyd edir.

Sənəddə, həmçinin erməni cəmiyyəti üçün çox həssas olan məsələ - Bakıda həbsdə olan onlarla erməni hərbi və mülki şəxsin azad edilməsi qeyd olunmayıb, "Chatham House"dan Lourens Broers bildirir.

"Başqasının oyununda piyada olmamaq"

Sülh müqaviləsinin mətni ilkin olaraq, ingilis dilində hazırlanıb, erməni və Azərbaycan dillərinə tərcümələri var, rus dilində isə rəsmi tərcümə nəzərdə tutulmayıb.

Bu, 2020-ci il atəşkəs razılaşması ilə müqayisədə diqqət çəkir; həmin sənəd rus dilində hazırlanmış və Əliyev, Paşinyan və Rusiya lideri Vladimir Putin tərəfindən imzalanmışdı.

Erməni və azərbaycanlı politoloqlar razılaşırlar ki, bu fakt regionda Rusiyanın təsirinin azalmasının növbəti sübutudur.

Erməni tarixçi Liparityan bildirir ki, əldə olunmuş müqavilə Cənubi Qafqaza subyektivlik qazandırır və indi əldə olunmuş irəliləyişi möhkəmləndirmək lazımdır ki, "Cənubi Qafqaz yalnız coğrafi deyil, siyasi bir anlayış olsun".

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan Gürcüstanla birlikdə çalışmalı və xarici qüvvələrin onların sülh yolunu pozmasının qarşısını almalıdırlar.

"Alternativi isə xarici manipulyasiyalar və münaqişənin yenidən bərpası dövrünə qayıtmaq olardı; bu zaman [region ölkələri] başqasının oyununda "piyada" rolunda olacaq və yalnız kəmərlərin keçdiyi ölkələr kimi qiymətləndiriləcək", — deyə Liparityan hesab edir.

Seçilən
78
bbc.com

1Mənbələr