Futzal üzrə ölkə çempionu "Araz-Naxçıvan"ın və Azərbaycan millisinin qapıçısı Emin Kürdov UEFA Çempionlar Liqasının ilk iki turundakı nəticələri dəyərləndirib.
Naxçıvan təmsilçisinin kapitanı Fanat-Az-a açıqlamasında Avstriyadakı oyunlar barədə belə danışıb:
"İlk oyundakı rəqibimiz "Sparta Belfast" bizə tanış idi. Onlarla ötən il də Çempionlar Liqasında qarşılaşmış və qalib (7:1) gəlmişdik. Bu dəfə də demək olar eyni ssenari yaşandı. Bu dəfə 9:1 qalib gəldik. İkinci oyunda Şotlandiya çempionu "PYF Saltires" ilə qarşılaşdıq. Bu rəqibi tanımırdıq, haqqında heç nə bilmirdik. Amma uğurlu startdan irəli gələn motivasiya ilə meydana çıxdıq. İnamlı oynayıb rahat - 7:2 hesablı qələbə qazandıq. Ümumiyyətlə, ilk iki turdakı oyunların bizə çox faydası oldu. Çünki "Araz-Naxçıvan" yenilənib, 90 faizi yeni oyunçulardır. Buna görə oyun təcrübəsinin və anlaşmanın azlığından əziyyət çəkə biləcəyimizdən ehtiyatlanırdıq. Tədricən daha yaxşı formaya düşəcəyik.
Sabah turnirdə ən vacib oyuna çıxacağıq. Meydan sahibi "Ljuti Krajişniçi" də ilk iki görüşünü qələbə ilə başa vurub. Yerli publika da onların tərəfində olacaq. Ancaq istənilən halda, hədəf qrupu maksimum nəticə ilə zirvədə başa vurmaqdır. Sonuncu oyunumuzu da qələbə ilə başa vurmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".
Qeyd edək ki, "Ljuti Krajişniçi" (Avstriya) – Araz-Naxçıvan oyunu 30 avqustda baş tutacaq və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Görüşü Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna) və Aleksandar Vangelovdan (Bolqarıstan) ibarət hakimlər briqadası idarə edəcək.
Mirağa