İsrail Baş naziri Benyamin Netanyahu avqustun 26-da iştirak etdiyi bir podkast proqramında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi dəyərləndirib. Netanyahunun sözlərinə Türkiyədən sərt reaksiya gəlib.
Erməni əsilli amerikalı aparıcı Patrik Bet-Devid proqramında Netanyahudan 1915-ci il hadisələrini niyə soyqırım kimi tanımadığını soruşub.
Netanyahu suala İsrail parlamenti Knesset-in bu mövzu ilə bağlı bir qanun layihəsi qəbul etdiyini bildirərək cavab verib.
Bundan sonra aparıcı, bu günə qədər heç bir İsrail Baş nazirinin "erməni soyqırımı" ifadəsini işlətmədiyini deyincə, Netanyahu "Buyurun, mən dedim," – deyə cavab verib.
İsrail parlamentində 1915-ci il hadisələrini "soyqırım" kimi tanımağa dair layihələr əvvəllər gündəmə gətirilsə də, indiyə qədər belə bir qanun layihəsi qəbul edilməyib.
Benyamin Netanyahu isə bu hadisələri "erməni soyqırımı" kimi dəyərləndirən ilk israilli baş nazir oldu.
Türkiyə Xarici İşlər Nazirliyi Netanyahunun sözlərini qınayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Netanyahunun açıqlamasının Ermənistan hökumətinin və xalqının maraqları ilə heç bir əlaqəsinin olmadığını bildirib.
"Erməni soyqırımı" barədə suallar və cavablar
Türkiyə nə reaksiya verdi?
Türkiyə Xarici İşlər Nazirliyi Netanyahunun sözlərini qınayıb və rədd etdiyini açıqlayıb.
Yazılı bəyanatda belə ifadələr yer alıb: "Netanyahunun 1915-ci il hadisələrinə dair açıqlaması, keçmişdəki acı hadisələri siyasi məqsədlərlə istismar etməyə yönəlmiş bir cəhddir".
Həmçinin bildirilib ki, "Fələstin xalqına qarşı törədilən soyqırımda roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır".
Netanyahunun sözlərinin "tarixi və hüquqi həqiqətlərlə uyğun gəlmədiyi" vurğulanıb.
Netanyahunun açıqlamasına bir reaksiya da AKP sədrinin müavini və partiya sözçüsü Ömər Çelikdən gəlib.
Çelik X hesabında etdiyi paylaşımda belə yazib: "Soyqırım şəbəkəsinin başında duran Netanyahu, 1915-ci il hadisələri ilə bağlı açıqlaması ilə siyasi yalanlarına yenisini əlavə etmiş oldu".
Çelik Netanyahunun "söylədiyi hər sözün yalan olduğunu" iddia edib.
Dövlət mənbələrinə görə, 350 min, bəzi tarixçilərə görə isə 1,5 milyon erməninin öldüyü hadisələr Türkiyə tərəfindən soyqırım kimi qəbul edilmir.
Ankara, "köç" adlandırılan prosesdə ölümlərin baş verdiyini qəbul etsə də, bunların müharibə dövrünün siyasətlərindən qaynaqlandığını və erməniləri sistematik olaraq hədəf almadığını müdafiə edir.
Paşinyan: "Xalqımızın maraqları ilə heç bir əlaqəsi yoxdur"
Ermənistanın Baş naziri Nikol Paşinyan Netanyahunun "soyqırım" açıqlamasını rədd edərək bunun ölkənin milli maraqları ilə bağlı olmadığını söyləyib.
BBC Monitoring-in məlumatına görə, Paşinyan avqustun 28-də jurnalistlərə verdiyi açıqlamasında belə deyib:
"Özümüzə bu sualı verməliyik: erməni soyqırımının tanınmasının bizim reallığımız, dövlətimiz və ya xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayan, başqalarının gündəmləri tərəfindən diktə edilən geosiyasi bir şou olmasını istəyirikmi?"
O əlavə edib: "Şəhidlərimizin başqalarının geosiyasi sövdələşmələrində alver predmetinə çevrilməsinə icazə verməyəcəyəm".
Türkiyə–Ermənistan münasibətlərin normallaşma prosesi
Ermənistanın Baş naziri Nikol Paşinyan mart ayında Türkiyədən jurnalistlərə verdiyi açıqlamada belə demişdi: "Rəsmi mövqeyimiz odur ki, erməni soyqırımının beynəlxalq miqyasda tanınması bu gün xarici siyasət prioritetlərimiz arasında yer almır".
Paşinyan 2024-cü ilin yanvarında da "soyqırımı" sual altına alan bəyanatlar vermiş, həm ölkə daxilində, həm də erməni diasporası tərəfindən sərt reaksiyalarla üzləşmişdi.
Paşinyanın bu mövqeyi Ankara ilə Yerevan arasında "soyqırımı" düyününün açıla biləcəyi şəklində dəyərləndirilib.
Türkiyə və Ermənistan 2021-ci ildə münasibətlərin "normallaşdırılması" qərarını qəbul ediblər.
Tərəflərin təyin etdiyi xüsusi nümayəndələr vasitəsilə diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını da əhatə edən genişmiqyaslı danışıqlar başlanıb.
Prezident Recep Tayyip Erdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan bu müddətdə iki dəfə üz-üzə görüşüblər.
Paşinyan 2023-cü ilin mayında keçirilən seçkilərdən sonra təşkil edilən andiçmə mərasiminə qatılmaq üçün Ankaraya da gedib.
O, iyunun 20-də Türkiyəyə rəsmi səfər edib. Bu, Ermənistan tərəfindən Türkiyəyə Baş nazir səviyyəsində edilən ilk rəsmi səfər olaraq tarixə düşüb.
Ermənistan müstəqil dövlət olaraq qurulduğu 1991-ci ildən bəri, "erməni soyqırımı" kimi tanıdığı tarixi hadisələrin bütün dünyada qəbul edilməsi və Türkiyə Respublikasına aid etdikləri hüquqi öhdəliklərin yerinə yetirilməsi siyasətini yürüdüb.
Türkiyə isə məsələnin yaradılacaq ortaq bir komissiyada müstəqil tarix mütəxəssisləri tərəfindən araşdırılmasını təklif edir.