AZ

Onlar da qatarda idi, heç kim görmədi...

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı. Səhər saat 07:00. Dəmiryol vağzalının qarşısı...

Rəmiş damağında papiros o tərəfə, bu tərəfə gedir. Nəhayət, səbri çatmır, dillənir:

- Qağa, bu Qədir harada qaldı?

Arif Babayev Rafiq Hüseynovu sakitləşdirməyə çalışır:

- Dədə, Bakını bilmirsən? Yəqin tıxacda qalıb.

- Sən Seyid Lazım Ağanın cəddi, bəsdir, səhərin bu vaxtı nə “probka”?

Səxavət Məmmədov da Babayevə dəstək olur:

- Mən də Bakıda qalanda tıncıxıram. Heyif deyil Gülablı?..

Hamı səbirsizlənir...

O tərəfdən əlində qara çamadanla Xudu Məmmədov da gəlir. Hamıyla bir-bir görüşür. Professor sevincək deyir:

- Gedək görək Mərzilidə nə var, nə yox?..

Bu məqamda Qədir Rüstəmov da gəlib çıxır və həmişəki kimi zarafatından qalmır:

- Siz tez gəlmisiniz, yoxsa mən gecikmişəm? (gülür)

Rəmiş başını bulayır:

- Qağa, sən Allah, bəsdir.

Sənətkarlar qatarda öz yerini alır. 

Ön sırada tanış simalar var: Fred Asif, Şirin Mirzəyev, Raquf Orucov...

Birdən kimsə soruşur:

- Bəs, Allahverdi Bağırov hanı?

Fred Asif deyir:

- O Canpoladla (Rzayev-red) bizi orada gözləyir.

Qatar Ağdama yol alır.

Birdən Səxavətin gözü önə zillənir:

- Ayə, Sədi də burada imiş ki... Qadanalım, ay Sədi... 

Öpüşüb görüşürlər...

Yolda söhbət futboldan düşür, “Qarabağ”dan danışırlar. Bu məqamda Ceyhun Mirzəyev pəncərədən gözlərini çəkib müzakirəyə qoşulur:

- O Qurbanın qadasını alım... Halal olsun, vallah. O ki komandanı bu vəziyyətə gətirdi, aldığı pul ana südü kimi halalıdır.

Fred Asif müdaxilə edir:

- Ona söz yox. O vaxt Ağdamdakı komanda ilə indikini müqayisə edirəm, yerlə-göy arasında fərq var. Nə danışırsan e? İndiki “Qarabağ”a söz ola bilməz. 

Rəmiş də söhbətdən geri qalmır:

- O qara gədənin adı nədir? Qabaxda oynuyur ey, birtəhər də adı var...

- Addai?

- Həə, ondan nəsə gözüm su içmir...

Bu məqamda qatarın arxa sırasından Ağdam boyda səs gəlir. Səxavət Məmmədov elə qatarcada oxumağa başlayır, o vaxt Ağdam toylarında olduğu kimi. Rəmiş tez gitarasına sarılır, Ceyhun Mirzəyev çırtma ilə ritm turur:

Ağdam, Qarabağın toy otağısan,

Bülbüllər səyrişən gül yatağısan,

Həmişə baharın gülşən bağısan,

Nə gözəl yaraşır ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam! 

Qədir Rüstəmov sevinərək Arif Babayevə pıçıldayır: 

- Qağa, çox oxuyurdun e, ana vətənim, ana vətənim, Ağdamım mənim... Bu da sənə Ağdam...

Saat 11:53. 32 il sonra qatar Ağdama çatır. Tarixdə belə şey olmayıb - gələn qonaqlar ev sahibidir. Şəhər ayağa qalxır...

Emin Səfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
qafqazinfo.az

1Mənbələr