Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi, at şousu və çövkən oyununun təqdim olunduğu xüsusi tədbir keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Gün Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi ilə başlayıb. Burada həm AAF-da qeydiyyatdan keçən yüzdən çox retro avtomobil, həm də Heydər Əliyev Mərkəzinin kolleksiyasından eksponatlar nümayiş etdirilib. Daha sonra retro avtomobillər Neftçilər prospektindən Binə Atçılıq Mərkəzinədək yürüş edərək paytaxt sakinlərinə nostalji dolu anlar yaşadıblar.
Binə Atçılıq Mərkəzində tədbir Azərbaycan Avtomobil Federasiyası və Atçılıq Federasiyasının fəaliyyətinə dair təqdimatla davam edib. Qarabağ atlarının möhtəşəm “Zəfər” proqramı və çövkən oyununa həsr olunmuş videoçarx nümayiş olunub.
Xatırladaq ki, çövkən 2013-cü ildə UNESCO-nun Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və gələn il Bakıda Çövkən üzrə II Dünya Çempionatı keçiriləcək.
Tədbir çərçivəsində Azərbaycan-İtaliya yoldaşlıq çövkən oyunu baş tutub. Görüş Azərbaycan komandasının 2:1 hesablı qələbəsi ilə nəticələnib. Eyni zamanda “Ən unikal avtomobil”, “Ən qədim avtomobil”, “Ən yaxşı qadın və kişi süvari” də daxil olmaqla bir sıra nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.
Axşam proqramı tanınmış sənətçilərin çıxışı ilə davam edib. İtaliyalı tenor Vittorio Grigolo, Azərbaycanlı dünya şöhrətli ifaçı Yusif Eyvazov, soprano Afaq Abbasova klassik musiqi nümunələri ilə çıxış ediblər. Rumıniyalı müğənni Minelli isə enerjili performansı ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.
Tədbir “Nazar Holdings”, “Volvo Cars”, “Azerbaijan Automobiles” və “Azpetrol” şirkətlərinin sponsorluğu ilə, həmçinin “Motor House”, “Green Car” mərkəzləri, RİİB və “Nargis” jurnalının dəstəyi ilə gerçəkləşib.