Dünya sosial şəbəkələrdə Donald Trampın guya vəfat etməsi barədə iddiaları müzakirə edərkən, ABŞ prezidenti Truth Social platformasında gözlənilməz paylaşım edib.
Tramp yazıb ki, o, bir neçə gün əvvəl Ağ Evdəki Rəngli Bağçada (Rose Garden) daş üzərində böyük bir çat aşkar edib:
“Ağ Evdə ən gözəl mərmər və daşlardan istifadə etmişəm. Mənim üçün səthlər çox önəmlidir. Rəngli Bağçadakı daş işləri ilə xüsusi qürur duyuram. Amma üç gün əvvəl orada uzunluğu 25 yarddan çox olan, dərin və çox eybəcər bir çat gördüm”.
Onun sözlərinə görə, məsələni araşdırarkən videomüşahidə kameraları sayəsində səbəbin bir podratçı olduğu müəyyən edilib. Tramp iddia edir ki, işçi ağır avadanlığı qüsurlu arabada daşıyarkən daşlara zərər vurub.
“Mən yaxşı işçiləri və podratçıları sevirəm və hörmət edirəm, amma belə şeylər yolverilməzdir. Daşı dəyişəcəyəm, xərcləri podratçıya ödədəcəyəm və həmin şirkətin bir daha Ağ Evdə işləməsinə icazə verməyəcəyəm”, – deyə Tramp bildirib.
O, əlavə edib ki, videomüşahidə sistemi bu işi “anında üzə çıxarıb” və buna görə “çox məmnundur”.
Musavat.com