AZ

İlhami Keleş: MKE Azərbaycanda və bir çox dost-qardaş ölkədə zavodlar qurmaqdadır

“Makine ve Kimya Endüstrisi” (MKE) əvvəllər yalnız öz məhsulunu inkişaf etdirən bir şirkətikən, artıq öz texnologiyasını inkişaf etdirən bir şirkətə doğru qətiyyətlə çevrilir.

“Poliqon” xəbər verir ki, bu sözləri MKE şirkətinin baş direktoru İlhami Keleş “SAHA Sohbet” proqramındakı müsahibəsində deyib.

Onun sözlərinə görə, MKE öz texnologiyasını istehsal edir və gələcəyi bu texnologiyalarla qarşılamağa çalışır. Yalnız Türkiyədə deyil, eyni zamanda xaricdə dost və müttəfiq ölkələrə bu imkanları qazandırmaq məqsədilə texnologiya transferləri həyata keçirir. Azərbaycan, Monqolustan, Demokratik Konqo, İordaniya və s. bir çox dost və qardaş ölkələrdə zavodlar qurmaqdadır.

Baş direktor bildirib ki, şirkət innovativ və yüksək texnologiyaya əsaslanan visionunun konkret bir nümunəsi olaraq, dünyadakı dron təhdidlərinə qarşı TOLGA dron müdafiə sistemini (TOLGA DMS) inkişaf etdirərək süni intellekt dəstəkli ümumi bir sistem həllini ortaya qoyub. Bu sistem aşağıdakı hissələrdən ibarətdir:

Komanda-İdarəetmə Otağı

Radar Aşkarlama Sistemi

“Soft Kill Jammer” Sistemi – 10 km

35 mm Qülləli Silah Sistemi – 3 km

20 mm Qülləli Silah Sistemi – 1 km

40 mm Qülləli Silah Sistemi – 500 m

7 mm Qülləli Silah Sistemi – 300 m.

MKE“Eyni zamanda, bu silah sistemləri üçün xüsusi hazırlanmış qəlpəli sursat ailəsi də sistemin bir hissəsi kimi təqdim olunur. Beləliklə, MKE birbaşa həll hazırlayaraq TOLGA DMS-ni IDEF-də bütün dünyaya tanıtmış və dünyanın bir çox ölkəsindən böyük maraq və tələblə qarşılanmışdır. Qarşıdakı aylarda tam sistem qurularaq sınaq və demo mühiti yaradılacaq, xarici ölkələrdən maraq göstərənlər TOLGA DMS-ni canlı şəkildə sınaqdan keçirəcəklər. Onlar sistemi şəxsən idarə edərək, özləri atacaq və özləri vuracaqlar”, – deyə İlhami Keleş qeyd edib.

Türkiyədə Hava Hücumundan Müdafiə Məktəbinin qurucularından biri və yaxın zamanda hazırlanmış “Polad Qübbə”nin (ÇELİKKUBBE) beyin və sinir sistemini təşkil edən HERKKS hava hücumundan müdafiə radar sisteminin altıncı versiyasına qədər olan prosesləri şəxsən idarə edən İlhami Keleş, TOLGA dron müdafiə sistemi’nin də dronlar üçün bir “Polad Qübbə” xarakteri daşıdığını vurğulayıb. Beləliklə, TOLGA DMS ikinci bir qat yaradaraq “Polad Qübbə”nin 300 metrə qədər enməsini təmin edir.

MKE-nin baş direktoru son dövrlərdə dünyada baş vermiş münaqişələrdə PUA və dronların artan roluna diqqət çəkib: “İkinci Dünya Müharibəsindən sonra dünya təxminən 80 il ərzində iki ənənəvi ordunun bir-biri ilə müharibəsinə şahid olmadı. Ta ki, Ukrayna-Rusiya müharibəsinə qədər. Bu müharibə dünyaya bir çox şey öyrətdiyi kimi, yeni həll ehtiyaclarını da üzə çıxardı. İki müharibə arasındakı 80 illik uzun müddət ərzində texnologiya çox inkişaf etdi. Bu inkişaflar müdafiə sənayesinə də öz əksini tapdı. Müdafiə sənayesindəki texnoloji yeniliklər çox inkişaf etmiş və çox qabiliyyətli məhsullar ortaya çıxardığı kimi, eyni zamanda bu məhsulların çox bahalı olmasına da səbəb oldu. İqtisadi cəhətdən davamlı bir müharibə üçün daha sərfəli məhsullara ehtiyac duyulduğu görüldü. Biz də MKE olaraq buradan nəticə çıxararaq EBU formulunu inkişaf etdirdik. EBU: Effektiv-Sadə-Ucuz (Etkin-Basit-Ucuz). İnkişaf etdirdiyimiz məhsul və texnologiyalarda bu formulu əsas götürərək bütün dünyaya həll təqdim edirik.

Ukrayna-Rusiya müharibəsində Rusiyanın super gücünə qarşı Ukraynanın ona nisbətən daha zəif gücünü tarazlayan yeni ünsürlər ortaya çıxdı. Bunlar pilotsuz vasitələr və dronlar oldu. Buradakı ən mühüm aktorlardan biri “Baykar” istehsalı “Bayraktar TB2” PUA-larımız oldu. Müharibənin gedişatını müəyyənləşdirici rol oynadılar və Ukraynanın mənəvi motivasiya mənbəyinə çevrildilər. Onların adına mahnılar yazıldı, uşaqlara ad olaraq verildi. Müharibənin irəliləyən mərhələsində isə daha ucuz, daha sadə və daha əlçatan sistemlər döyüş meydanında görünməyə başladı. Bunlar kəşfiyyat və kamikadze dronlar idi. Onlardan minlərlə, on minlərlə, yüz minlərlə istehsal olunmağa başladı.

IlhamiBuna qarşı tədbir olaraq “soft kill” müdafiə qabiliyyətləri inkişaf etdirildi. Yəni bu dron təhdidlərini “jammer” kimi sistemlərlə elektron və sistem əsaslı qarışdırma apararaq təsirsiz hala gətirmək mümkün oldu. Ancaq bu müdafiə sisteminə qarşı da fiber-optik kabellərlə idarə olunan dronlar ortaya çıxdı. Bu dronlar birbaşa kabel vasitəsilə idarə olunduğu üçün “soft kill” müdafiə həlli təsirsiz qaldı. Göründüyü kimi, texnoloji inkişaflarla qısa müddətdə yeni təhdidlərə qarşı yeni müdafiə həlləri meydana çıxır.

Belə olduqda, qarşı müdafiə bütün dünya üçün çox kritik hala gəldi. Xüsusilə də yaxın zamanda hamımızın yaddaşında qalan Ukraynanın Rusiyanın daxili dərinliklərində həyata keçirdiyi dron hücumu əməliyyatı nəticəsində Rusiyanın nüvə silahı da daşıya bilən təyyarə parkına ciddi zərər dəydi. Buradakı zərərin təxminən 1.5 milyard ABŞ dolları həcmində olduğu bildirilir. Eyni zamanda, İsrail-İran müharibəsində İranlı yüksək vəzifəli komandirlərə dronlarla həyata keçirilən birbaşa nöqtə əməliyyatlarında da dronların ciddi təhdid yaratdığını gördük.

Yəni artıq dronlar məsafədən asılı olmayaraq bir təhdid olaraq meydana çıxır və bu, bütün dünya üçün dron müdafiəsinin çox kritik olduğunu göstərir. Artıq tədbir görmək məcburi bir ehtiyaca çevrilib. TOLGA dron müdafiə sistemi də bu ehtiyacı tam sistem həlli olaraq qarşılayır. Çünki biz MKE olaraq bu təcili ehtiyacı qarşılayacaq yeganə şirkət idik. Çünki həm silahı, həm də sursatı istehsal etməyi ən yaxşı şəkildə bilirik. Yalnız silah istehsalçısı bu ehtiyacı qarşılaya, yalnız sursat istehsalçısı da buna həll təqdim edə bilməz. Bu həlli həm sursatı yaxşı bilən, həm də silahı ən yaxşı şəkildə tanıyan bir şirkət təqdim edə bilərdi. O da MKE-dir”.

Şirkət tərəfindən inkişaf etdirilən TOLGA dron müdafiə sisteminə toxunan İlhami Keleş, onun əhəmiyyətindən danışıb.

“MKE TOLGA DMS daxilində 3 km mənzilli 35 mm-lik bir silahımız var. Hal-hazırda KORKUT və GÖKDENİZ sistemlərində istifadə olunan silahlar da 35 mm-likdir. Onların silah sistemlərini də MKE istehsal edir. Ancaq bunlar TOLGA 35 mm-dən fərqli silah sistemləridir. KORKUT və GÖKDENİZ-də iki lülə mövcuddur və dəqiqədə 550 + 550 olmaqla ümumilikdə 1100 atım həyata keçirir. TOLGA 35 mm silah sistemi isə tək lülədə dəqiqədə 1100 atım gücünə malikdir.

Sursatı isə qəlpəli sursatdır. Bu sursatın ucuz olması tələb olunurdu. Bunun üçün aparmış olduğumuz tədqiqat-inkişaf (Tə-İn) işləri nəticəsində, 3 km mənzil daxilində partlayaraq qəlpələrə ayrılması ilə bir bulud formalaşdıraraq, 1100 atım sıxlığı ilə təsirli və ucuz bir həll əldə etdik. Bu sistem digər “hard kill” silah sistemlərimizlə birlikdə fərqli mənzillərə qədər həll təqdim edir.

Öz ölkəmizin ehtiyacını hər şeydən üstün tutaraq sürətli şəkildə seriyalı istehsal prosesinə keçəcəyik. Xüsusilə, hərbi obyektlər, aviabazalar, limanlar, meydanlar, istehsal müəssisələri kimi kritik məkanlarımızı bu sistem vasitəsilə dron təhdidlərinə qarşı qoruya biləcəyik. Yalnız öz ölkəmizin deyil, bir çox ölkənin də bu sistemə ehtiyac duyması səbəbindən təcili olaraq seriyalı istehsal infrastrukturunu qurmağımız zəruridir. Buradakı əsas hədəfimiz isə altı ay ərzində seriyalı istehsala keçməkdir”, – deyə baş direktor bildirib.

DRONLARO, MKE-nin yalnız müdafiə sahəsində deyil, eyni zamanda dronların hücum istiqamətində də çalışaraq investisiyalar etdiyini vurğulayıb. Onun sözlərinə görə, şirkətin inkişaf etdirdiyi FPV və kamikadze dronlar iddialı məhsullar olaraq ortaya çıxıb: “MKE-nin partlayıcı istehsal etmə səlahiyyəti, icazəsi, təcrübəsi və yüksək qabiliyyəti sayəsində bu dronların hazırlanması daha asan oldu. Burada həm kamikadze dronların partlayıcı doldurma işləri, həm də sursat buraxan dronlar üçün 60 mm və 81 mm-lik sursatların hazırlanması və onlara xüsusi fitillərin (tapa) inkişaf etdirilməsi MKE tərəfindən həyata keçirilir. Bu sursatlar və tapalar konvensional növlərinə görə xüsusi olaraq hazırlanmış və üstün keyfiyyətli xüsusiyyətlərə malikdirlər”.

Tapa mövzusunu xüsusilə diqqətə çatdıran İlhami Keleş qeyd edib ki, bu, çox xüsusi bir ixtisas və qabiliyyət tələb edən sahədir.

“Təəssüf ki, ölkəmizdə tapa yalnız partlayıcı vasitə kimi düşünülür. Bu düşüncə tamamilə əksinə böyük risklər daşıyır. Tapa partlamaq üçün deyil, partlatmamaq üçün hazırlanır. Əslində tapanın çoxsaylı funksiyaları içərisində yalnız bir funksiyası partlatma xüsusiyyətidir.

Bu anlayışa sahib olmayan və yalnız partlatmağa fokuslanan şəxs digər təhlükəsizlik funksiyalarını nəzərə almadıqda tapa təhlükəli hala gəlir. Çünki bu tapaların istifadə olunduğu kamikadze dronlar hərbçinin çiyinində, helikopterdə və ya anbarlarda saxlanılır və daşınır. Burada yalnız partlatma funksiyasına diqqət yetirildikdə, düşmən deyil, özünüz hədəf halına gəlirsiniz.

Biz də bunun üçün dünyanın ən təhlükəsiz tapasını inkişaf etdirdik. Daha sonra bu vəziyyəti Milli Müdafiə Nazirliyimizə təqdim edərək bir standartın yaradılmasını təmin etdik. Bu səbəbdən Türkyə Silahlı Qüvvələrinin inventarına təhlükəsiz olmayan tapalar və bu tapalara malik olmayan dronlar daxil ola bilmir. Beləliklə yalnız ölkəmizdə deyil, dünyada da mövcud olmayan bir standartı inkişaf etdirmiş olduq”, – deyə baş direktor vurğulayıb.

O, KBRN sahəsində həyata keçirilən işlərdən də danışaraq bildirib ki, vaxtilə Türkiyə KBRN sahəsində xaricə asılı vəziyyətdə olub: “Buna bir həll tapmaq məqsədilə Tə-İn işlərimizlə birlikdə yerli həllər inkişaf etdirdik. KBRN maska sahəsində MKE artıq illərdir istehsal təcrübəsinə malik idi. Biz burada ucdan-uca bir həll yaradaraq KBRN material və avadanlıqlar portfelimizi genişləndirdik. Bunlara daxildir: KBRN geyimləri; Əlcəklər; Bot örtükləri; Sensorlar (dronlara və robot itlərə quraşdırıla bilən) və s.

Burada həm Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını, həm də beynəlxalq bazarda yaranan tələbləri qarşılamağa çalışırıq. Beynəlxalq laboratoriyalarda sertifikasiyanı həyata keçirərək NATO tenderlərinə daxil olma potensialına sahibik. Hədəf bazarımız isə demək olar ki, dünyanın bütün qitələrindəki ölkələrin hərbi bazarları ilə yanaşı, mülki bazarları da əhatə edir”.

Daha sonra dəniz topu sahəsinə toxunan İlhami Keleş vurğulayıb ki, dünya bazarında dəniz topu istehsalını yalnız bir neçə ölkə həyata keçirə bilir. MKE sayəsində Türkiyə də bu qabiliyyəti qazanıb. Hal-hazıradək beş ədəd topu Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Sonuncu, yəni beşinci dəniz topu səkkizinci MİLGEM gəmisində yer alır.

DENIZHAN“Həmçinin bunun 76/62 mm-lik qəlpəli sursatını ilk dəfə istehsal etməyi də bacardıq. Geridə qoyduğumuz IDEF-də isə Türkiyə tarixində bir ilkə imza ataraq ilk dəniz topu ixracımızı İndoneziyaya həyata keçirmək məqsədilə sənədlər imzaladıq. Xatırlayırsınızsa, bir müddət öncə yenə bir ilkə imza ataraq Türkiyənin ilk haubitsa ixracı olan BORAN-ı birinci dəfə Bangladeşə, daha sonra isə Şimali Makedoniyaya təhvil verdik. Beləliklə, artıq Avropaya haubitsa ixrac edən bir ölkə vəziyyətinə gəldik.

Dəniz topunda da İndoneziyaya edəcəyimiz ilk təhvilin ardından iki əlavə top satışını reallaşdıracağıq. Göründüyü kimi, bu təkcə birdəfəlik ixraclar deyil, davamlı və dayanıqlı bir ixrac siyasətidir.

Buna əlavə olaraq, 127 mm-lik yeni dəniz topunu da hazırlamağa başlamışıq. Bu, çox böyük bir əhəmiyyət kəsb edən mərhələdir. Bu topun istehsalı üçün Ankara Mamakdakı “MKE Makine ve Teknoloji Fabrikası”nda sıfırdan yeni bir müəssisə qurmuşuq.

PIRANAPİRANA layihəsində isə EBU formulumuza əsaslanaraq yüksək texnologiyalı kamikadze xüsusiyyətli insansız dəniz aparatı istehsal etdik. PİRANA dizaynı ilə ön plana çıxır. Burada F-35 ilə müqayisə edilə bilər. Dizayn sayəsində radar izi çox aşağı qalaraq gəmi radarları tərəfindən aşkarlanmır. Su jeti mühərriki sayəsində yüksək sürətə çataraq çox dəqiq zərbə qabiliyyətinə malikdir. Burada yalnız insansız dəniz aparatı deyil, həmçinin bir sistem həlli olaraq öz komanda-idarəetmə otağı ilə birlikdə hazırlanıb.

Bu sistemi sahədə həm “TCG Anadolu” gəmisi, həm də “Bayraktar TB3” PUA-sı ilə birgə təlimlərdə uğurla nümayiş etdirdik. PİRANA-nı “TCG Anadolu” gəmisindəki komanda-idarəetmə otağımızdan “Bayraktar TB3” ilə əlaqələndirərək daha uzun mənzillərə çıxmasını təmin etdik. Növbəti addımımız isə peyk üzərindən idarəetmə quraraq çox daha uzun mənzillərə çatmasını təmin etməkdir”, deyə İlhami Keleş qeyd edib.

GURHANOnun bildirdiyinə görə, MKE, Türkiyə Silahlı Qüvvələrinin inventarında aktiv şəkildə istifadə olunan “Fırtına” özüyeriyən artilleriya qurğularının mühərrikləri və güc qruplarının xaricdən tədarükündə yaşanan problemlərə alternativ bir həll olaraq GÜRHAN layihəsini inkişaf etdirib. GÜRHAN, elektrik güc qrupu ilə tətbiq olunan embarqoları effektiv şəkildə dəf edib: “Bunu yalnız GÜRHAN üçün deyil, M60 tankları, M113 zirehli personal daşıyıcıları, “Land Rover”lər kimi bir çox platforma və vasitələrimizə uyğunlaşdırdıq. Yalnız bu vasitələri elektrik güc qrupları ilə təchiz etməklə kifayətlənmədik, həmçinin 12.7 mm və 25 mm-lik özümüz tərəfindən inkişaf etdirdiyimiz qülləli silah sistemləri ilə də gücləndirdik.

Bundan əlavə, GÜRHAN tamamilə elektriklə işləyən bir vasitə olmaqla yanaşı, öz generatoru sayəsində özünü şarj edə bilir və ehtiyat güc qrupunun köməyi ilə çox daha uzun mənzillərə çatma qabiliyyətinə malikdir”.

Baş direktor “Makine ve Kimya Endüstrisi” şirkətinin reallaşdırdığı investisiya layihələrində də söhbət açıb. O vurğulayıb ki, MKE-nin yeni investisiyaları ilə birlikdə Türkiyənin partlayıcı sahəsindəki xaricə asılılığı tamamilə aradan qaldırılacaq.

“Burada həm həcm artırmaq investisiyaları, həm də yeni zavod investisiyaları ilə sürətlə hərəkət edirik. 818 milyon ABŞ dolları dəyərindəki investisiyamızla Kırıkkaledə təxminən 5 000 000 m² sahədə böyük bir müəssisə qururuq. Burada partlayıcı kimyəvi maddələr istehsal ediləcək.

Hal-hazırda aktiv olaraq Azərbaycan, Monqolustan, Demokratik Konqoda açar təhvil fabriklər qururuq. İordaniyada isə belə bir fabriki quraraq təhvil vermişik. Planımıza uyğun olaraq, səkkiz ölkədə daha bu cür müəssisələr quracayıq.

Baş idarəmizin yerləşdiyi Tandoğan kampusundə, “İleri Malzemeler ARGE ve Teknoloji Merkezi”mizi yaratdıq. Bunun dərhal yanında “Prototipleme Merkezi”mizi qurduq. Bu mərkəzdə çox kritik texnologiyaların inkişaf etdirildiyi bir sıra laboratoriyalar fəaliyyət göstərir. Burada məhsula deyil, qabaqcıl material texnologiyasına fokuslanırıq, yəni texnologiyanı inkişaf etdiririk.

Ankara Elmadağda, “MKE Roket və Partlayıcı Fabrikası”nın kampusunda energetik materialların inkişafına fokuslanan “Enerjik Malzemeler Merkezi” qururuq. “İTÜ Arı Teknokent”də “İTÜ Elektronik Ve Gömülü Sistemler AR-GE Merkezi”ndə sualtı sistemlər və ağıllı sualtı minalar kimi yüksək və irəli texnologiyaya malik məhsullar inkişaf etdiririk. “ODTÜ Manyetik Malzemeler ARGE Merkezi”ndə maqnit materiallarla bağlı texnologiyaları inkişaf etdirəcəyik”, – deyə İlhami Keleş qeyd edib.Ilhami

Seçilən
13
1
poliqon.az

2Mənbələr