Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 2-ci turu çərçivəsində “Elbasani” ilə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutmuş bu oyundan xal itkisi ilə ayrılıb – 1:1. Əliyev start heyətdə meydana çıxdığı bu görüşdə sonadək mübarizə aparıb.
“Eqnatiya” 2 turdan sonra 1 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 9-cu pillədə qərarlaşıb. Sözügedən komanda 2 oyunda 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 48 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.