AZ

Vüsal İsgəndərli “Teuta”ya qarşı 70 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 2-ci turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan xal itkisi ilə ayrılıb – 0:0. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 70-ci dəqiqəsində əvəzlənib.

“Partizani” 2 turdan sonra 4 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-ci pillədə qərarlaşıb. Sözügedən komanda 2 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 2 oyuna çıxıb.

Xatırladaq ki, Vüsal “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunmuşdu. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 41 matça çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Vüsal İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Seçilən
101
arena.az

1Mənbələr