AZ

Bu şadlıq sarayının qanunsuzlarına “DUR” deyən olacaq?!

NewsBaku.az-a daxil olan şikayyət əsasında bu gün sizə ağ günümüzü qara günə çevirən, xoşbəxt günümüzə bədbəxtlik qatan "Şadlıq Evi” haqqında danışacağıq. Müşviqabad qəsəbəsində yerləşən "Nicat” Şadlıq Sarayı bəlkə də ölkədə ən reytinqsiz, ən aşağı səviyyəli xidmət göstərən və bütün qanuni normaları vəhşicəsinə zorlayan şadlıq evidir.

Bu şadlıq sarayında şad gününü keçirtmək üçün üz tutan yeni ailələr günün sonunda hüsrana uğrayır.

Restoranın problemləri saysız-hesabsız qədərdir. İlk öncə onu bildirim ki, toy mərasimindən öncə stollarda təamlar düzülüşlə olmur, necə gəldi qoyulur, sanki ofisiantları zorla işlədirlər. Stoldakı büzüşmüş, köhnədən qalan salatlar yeyiləcək halda deyil. Masaya gələn ətin qoxusu toxunmadan adamın mədəsini "doydurur”. Ofisiantlar özləri də bəzən təsdiq edir ki, bir gün öncəki toyda satılmayan ətlər bugünkü toyda hazırlanan yeməyə qatılır. Belə yerdə adamın yadına Qida Təhlükəsizliyi Agentliyi düşür. Görəsən agentliyin əməkdaşları bu obyektə baş çəkəcəklərmi?!

Ofisiantlara göz gəzdirirsən, 15-16-17 yaşlı uşaqlar. Həftənin az qala hər günü səhər saat 10-dan gecə 0:1-0:2-ə qədər "Nicat” Şadlıq Evində ora bura qaçırlar. Qanun isə deyir ki:

"Həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır. Əmək haqları isə müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir.

Yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. Axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.”

Bu şadlıq evinin rəhbərliyinin ölkənin qanunlarından xəbəri yoxdur yoxsa qanun onlar üçün keçərli deyil?!

Məlumata görə, azyaşlı ofisiantların heç birinin əmək müqaviləsi də yoxdur. Sadəcə toy olan günlər onlara səhər 10-11 arası restoranda olmaq tapşırılır, gecə 12-də toy dağılışdan sonra isə masaları toplayıb, təmizləyib günlük 15-16 saatlıq iş rejimindən sonra evə gedirlər.

Bu cinayətdir, yolverilməzdir! Dövlət Əmək Müfəttişliyi Xidməti təcili və təxirəsalınmaz addımlar ataraq bu şadlıq evində yoxlama aparmalı və qanuna zidd əməllərə görə obyekt sahibi cəzalandırılmalıdır. Əgər obyekt yoxlanılarsa "Nicat” Şadlıq Evi bağlanacaq, çünki, bu obyektdə qanunsuzluq diz boyudur.

Restoranda virtual təftişi davam etdirdikdə şikayət edənlər bildirir ki, restoranın kababxanası iyrənc durumdadır. Kababın tüstüsündən göz görmür, çünki, kabab aparatının tüstünü ixrac edən yolu sadəcə mətbəxin pəncərələri və qapısıdır. İşçilər isə bu tüstü altında yemək hazırlayır və o tüstünü udurlar. Bu isə işçi istismarıdır və yolverilməzdir!

Moyka o qədər antisanitar durumdadır ki, adam stolda qabağına gələn yeməyin qabından iyrənir. Yarısı yuyulmuş, yarısı yağlı qabları mətbəxə göndərib zala yemək tədarükü göndərilir.

Restoranda yanğın çıxışı yoxdur. Bu azmış kimi yanğın zamanı ilk yardım kimi istifadə olunan yanğın balonu da restoranda tapmaq mümkün deyil. Bu obyekt maksimum ilk yanğına qədər işləyər…

"Nicat” Şadlıq Sarayının problemləri bununla bitmir. Restoranın Namiq adlı inzibatçısı var, özünü lotu kimi aparır, tək çatmayan təsbehidir. Narazılıq edən toy sakininin üstünə qışqırır, toy sahibi haqqı olan nəyisə tələb edəndə təhdid edir, restoran sahibinə şikayət edəcəyini bildirəndə isə "get kimə istəyirsən şikayət elə” deyir. Yəqin, restoranın sahibi onu yox, o restoran sahibini işə götürüb.

Toydan narazı halda düşüb maşınınızı tapmaq istəsəniz xeyli vaxt itirməli olacaqsınız. Çünki, şadlıq evinin parklanması yoxdur.

İnternetdə biraz araşdırdıq, restoranın niyə bu qədər qanunsuzluq olduğu halda fəaliyyətini davam etdirməyini araşdıranda qarşımıza tanış bir ad çıxdı: Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev…

A. Fərzəliyevin qoruması altında fəaliyyət göstərən bu obyekt sahibi heç nəyə məhəl qoymur. Nə də olsa Vergilər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Fövqəladə Hallar Nazirliyi və obyektdə təmassız ödəniş olmadığı üçün (!!!) Vergilər Nazirliyi əməkdaşları gəldiyi zaman onları geri göndərəcək Abdin müəllim var. Görəsən Abdin Fərzəliyev qoruma altına aldığı bu şadlıq evində nələrin baş verdiyindən xəbəri varmı?

Biz isə ölkənin qurumlarını hərəkətə çağırır, bu şadlıq evində yoxlamalar aparmağa təcili olaraq dəvət edirik. Əgər hələ də bu şadlıq evində kütləvi zəhərlənmə halı baş verməyib, bunun qarşısını almaq üçün qurumların hələ də vaxtı var…

İndi isə söz sizindir, əziz dövlət qurumları…
Seçilən
27
7news.az

1Mənbələr