BAKI, 1 sentyabr. TELEQRAF
Əfqanıstanın şərqində, Pakistanla sərhədə yaxın ərazidə Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Geologiya Elmləri Araşdırma Mərkəzi məlumat yayıb.
Xəbərdə bildirilir ki, təbii fəlakət zamanı azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb.
Həlak olanların əksəriyyəti Nanqarhar əyalətində, xüsusilə də paytaxt Kabildən təxminən 119 km məsafədə yerləşən Cəlalabad şəhərində qeydə alınıb. İlk zəlzələnin episentri 14 km dərinlikdə yerləşib.
Təxminən 20 dəqiqə sonra həmin əyalətdə 4,5 bal gücündə ikinci təkan, daha sonra isə təxminən 10-14 km dərinlikdə 5,2 bal gücündə daha bir zəlzələ baş verib.
Yerli hakimiyyət orqanları dəymiş ziyanı qiymətləndirir və infrastrukturun, o cümlədən yaşayış binalarının və yolların vəziyyətini yoxlayır.
Bölgə sakinləri divarların uçduğunu və binalarda çatların yarandığını, zərərçəkənlərə təcili yardımın lazım olduğunu bildirirlər.
Seysmoloqlar bölgədə ehtimal olunan yeraltı təkanlar barədə xəbərdarlıq edirlər.