AZ

Xəstəxananın həyətində həmyerlisini bıçaqlayan şəxslə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsi xuliqanlıqda təqsirləndirilən Cəfər Tahirovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayətini təmin etməyib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb.


Qərara əsasən, apellyasiya şikayəti isə təmin edilməyib və əvvəlki hökm qüvvədə saxlanılıb.


İttihama görə, hadisə 26 noyabr 2024-cü il tarixində, təqribən saat 10:00 radələrində Beyləqan Rayon Mərkəzi xəstəxanasının həyətində baş verib.


Belə ki, Cəfər Tahirov orada səs- küy salaraq insanların gözü qarşısında ictimai qaydanı kobud şəkildə pozub, yüksək səslə zərərçəkmiş Fərəc Nadirovu (adı, soyadı şərtidir) söyüb və zor tətbiq edib. Daha sonra o, özü ilə gətirdiyi bıçaqla Fərəcin başı istiqamətində qəsdən bir dəfə zərbə endirib. Bıçaq isə zərərçəkmişin başına dəyməyib. Lakin buna baxmayaraq Cəfər bıçaqla Fərəcin sağ sağrı nahiyəsinə bir dəfə vuraraq sağlamlığa yüngül zərər yetirib.


Hadisədən sonra Cəfər Tahirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Beyləqan Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Kamal Məmmədov 

Tarix: 1 Sentyabr 2025, 08:10   
Seçilən
77
3
pravda.az

4Mənbələr