AZ

Evə sərxoş vəziyyətdə gələn ərinə irad bildirən qadın döyüldü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Malik Nəbiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan işin icraatına xitam verilib.


İttihama görə, hadisə 06 iyul 2025-ci il tarixdə, təqribən saat 14:00 radələrində Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evində baş verib.


Belə ki, evə sərxoş vəziyyətində gələn Malik Nəbiyevə arvadı, zərərçəkmiş Bəsti Nəbiyeva (adı, soyadı şərtidir) irad bildirib. Bu zaman o, əl, yumruq və ayaq zərbələri ilə vuraraq zərərçəkmişin sifət, baş, bel, qol və bədəninin digər nahiyələrinə xəsarətlər yetirib. Nəticədə Malik Bəstinin sağlamlığına qəsdən yüngül zərər yetirib.


Məhkəməyə ərizə təqdim edən zərərçəkmiş qeyd edib ki, Malik Nəbiyevlə barışıb və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunub.


Kamal Məmmədov 

Tarix: 1 Sentyabr 2025, 08:11   
Seçilən
15
pravda.az

1Mənbələr