“Saab” şirkəti İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) ilə daha iri ölçülü insansız sualtı aparatın hazırlanması üzrə müqavilə imzalayıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, müqavilənin dəyəri 60 milyon İsveç kronu (6.3 milyon ABŞ dolları) təşkil edir.
İsveç FMV tərəfindən rəhbərlik edilən layihənin məqsədi LUUV (Large Uncrewed Undersea Vehicle) iri ölçülü insansız sualtı aparat konsepsiyasını inkişaf etdirməkdir. “Saab” şirkəti LUUV-un baş podratçısı olaraq aparatın layihələndirilməsi, qurulması və sınaqlarına cavabdeh olacaq.
Şirkətin suüstü və sualtı gəmilərə avtonom imkanlar təmin edən texnologiyası olan “Autonomous Ocean Core” avtonom idarəetmə sistemi bu aparatın sistemlərinə inteqrasiya ediləcək. İlk dəniz sınaqlarının 2026-cı ilin yayında keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, dəniz dibindəki infrastrukturu müşahidə etməyə və xəritəsini çəkməyə, həmçinin sualtı təhdidlərin aşkarlanması və qarşısının alınmasına olan ehtiyac kifayət qədər böyükdür. LUUV müxtəlif imkanlara malik sensor platforması kimi hazırlanacaq. Aparat operatorlar üçün qərar dəstəyi vasitəsi rolunu oynayacaq və ilk mərhələdə silah daşımaq üçün nəzərdə tutulmayacaq.