AZ

Edqar Adilxanov: “Ambisiyalarım başqadır” - MÜSAHİBƏ

“Şamaxı”nın futbolçusu Edqar Adilxanovun Futbolinfo.az-a müsahibəsi

– “Sumqayıt”la matçda qazanılan 1 xal yetərlidir?

– Bilirdik ki, oyun ağır olacaq. Fikrimcə, həm biz, həm də rəqib bu oyunda heç-heçəyə layiq idik.

– Meydana daxil olarkən dərhal komandanızın yeganə qolunun müəllifi oldunuz. Ayxan Abbasov sizə qol tapşırığı vermişdi, yoxsa sadəcə fürsətdən yararlandınız?

– Ümumiyyətlə, ehtiyatdan daxil olan futbolçu oyunu gücləndirməlidir. Düzü, belə bir tapşırıq olmamışdı. Fürsət düşdü, mən də həmin fürsətdən istifadə etdim.

– Komandanızın mövsümün startındakı nəticələri necə dəyərləndirirsiniz? Ümumilikdə çempionatın səviyyəsi barədə fikriniz necədir?

– Səviyyə keçən ilkindən daha güclüdür, daha maraqlıdır. Mövsümə pis başlamamışıq. Ümid edirəm, gələcək oyunlarda daha çox xallara və qələbələrə sevinərik. Yaxşı komandamız var, özümüzə inanırıq.

– Gənc və perspektivli futbolçulardan sayılırsız. Xaricdən və ya digər klublardan təkliflər almısınız? Yaxın gələcəkdə legioner həyatı yaşamaq kimi planlarınız varmı?

– Bir neçə təklif olmuşdu. Legioner adı ilə Azərbaycandan çıxıb hər hansı komandada oynamaq istəmirəm. Daha böyük düşünürəm və ambisiyalarım başqadır. Üzərimdə işləyib, bunlara nail olmaq istəyirəm.

– Ötən mövsümü sizin üçün uğurlu hesab etmək olar – futbolçu olaraq parladınız. Bəs, bu mövsüm özünüzü inkişaf etdirmək üçün nə kimi işlər görürsünüz və Ayxan Abbasovdan hansı iradları eşidirsiniz?

– Zəif və güclü tərəflərim var. Bunların arasında ən vacib şey stabillikdir. O da təcrübə və öz üzərimdə işləmək nəticəsində gəlir. Həmişə özümü analiz edirəm və Ayxan müəllim zəif tərəflərimi göstərərək onları aradan qaldırmağa kömək edir.

– “Şamaxı” gənc futbolçulara şans verməsi ilə tanınır. Cari mövsümdə legioner limitinin olmamasına baxmayaraq bu siyasət davam edir. Bu amillər sizin inkişafınıza necə təsir göstərir?

– Düşünürəm, inkişafım üçün çox yaxşı bir yerdəyəm.

– U-21 millisinin üzvü kimi Portuqaliya və Bolqarıstanla oyunlara necə hazırlaşırsınız?

– Maksimum dərəcədə çalışacağıq ki, bu iki qarşılaşmadan üzüağ çıxaq. Əsas odur ki, özümüzə güvənək və mübarizə aparaq.

– Bu rəqiblər barədə nə kimi məlumatınız var və şanslarınızı necə qiymətləndirirsiniz?

– Millinin toplanışı hələ başlamayıb. Toplanışda analiz edib rəqiblərimizi daha yaxından tanıyacağıq.

– Bir futbolçu olaraq mövsümün əvvəlində qarşıya qoyduğunuz hədəflər nələrdir?

– Əsas hədəfim sabitlikdir. İstəyirəm ki, çoxlu qollar və assistlərlə komandama kömək edim.

İdman.biz

Seçilən
41
1
idman.biz

2Mənbələr