AZ

Göygöldə II Moruq Festivalı və Aqrar Biznes Festivalı keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Göygöl rayonunun Keşkü kəndində II Moruq Festivalı və Aqrar Biznes Festivalı keçirilib. Bölgənin aqrar sahənin və aqroturizmin inkişafına dəstək məqsədilə keçirilən bu tədbirlər Göygöl rayon icra hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin (AİM) təşkilatçılığı, Dövlət Turizm Agentliyi, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatorluğu, "Göygöl Şərab Zavodu" ASC, "Şirin Aqro" QSC, "DNK Hospital", "Prior Leasing" və digər dövlət və özəl qurumların tərəfdaşlığı ilə baş tutub.
Tədbirin açılış mərasimində çıxış edən Göygöl rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, II Moruq Festivalı yerli istehsalçılara öz məhsullarını daha geniş auditoriyaya tanıtmağa, aqroturizmin inkişafı baxımından Göygölün imkanlarının nümayişinə imkan verir. O qeyd edib ki, festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir. İkinci dəfə keçirilən festivala çox böyük marağın olduğunu deyən Elvin Paşayev Göygölün ölkəmizdə ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biri olduğunu xatırladıb, iştirakçılara və qonaqlara uğurlar diləyib.
AİM direktoru Anar Cəfərov bildirib ki, bölgələrdə təşkil olunan məhsul festivalları aqrar sahədə çalışan fermerlər və sahibkarlar üçün öz məhsullarını nümayiş etdirmək, yeni satış kanalları tapmaq və təcrübə mübadiləsi aparmaq üçün gözəl bir platformaya çevrilib.
Tədbirin açılış mərasimində çıxış edən digər natiqlər Göygöldə keçirilən II Moruq Festivalı və Aqrar Biznes Festivalının bölgənin kənd təsərrüfatı və turizm potensialını daha yaxşı formada dəyərləndirmək baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.
Göygöldə həmçinin Aqrar Biznes Festivalı da keçirilib. Bu festival kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələr, dövlət qurumları və sahibkarların bir araya gəldiyi mühüm platforma sayılır.
Festival iştirakçılarına toxumçuluq, gübrə və pestisid istehsalı, aqrotexnika, suvarma sistemləri sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən məhsul və xidmətlər təqdim olunub. Tədbir çərçivəsində müxtəlif əyləncəli şou proqramlar, ustad dərsləri nümayiş olunub. Ziyarətçilər sənətkarların hazırladıqları əl işləri ilə tanış olmaq, açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı əldə ediblər.
Xatırladaq ki, Göygöl rayonu Azərbaycanda ən çox giləmeyvə becərilən rayonlardan biridir. Son illər rayonda moruq bitkisinin sənaye üsulu ilə becərilməsi həyata keçirilir. Fermerlər moruğun daha məhsuldar olan "Polka" və Polyana" sortlarını becərməyə üstünlük verirlər. Ötən il Göygöldə 120.5 hektar sahədə giləmeyvə, əsasən moruq və böyürtgən becərilib. Sahələrdən 164.6 ton məhsul yığılıb, orta məhsuldarlıq 14.2 sent/ha olub.
İki gün davam edən festivalları minlərlə qonaq ziyarət edib.
Seçilən
45
oxu.az

1Mənbələr