BAKI, 1 sentyabr. TELEQRAF
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, şair publisist Sabir Rüstəmxanlı Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Sabir bəy, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh mətni tərəflərin bir- birinə qarşı ideoloji təbliğatını qadağan edir. Sizcə, uzun on illiklər Azərbaycana qarşı nifrət ideologiyası əsasında formalaşan erməni cəmiyyəti asanlıqla bundan imtina edə biləcəkmi?
- İdeoloji mübarizənin dayandırılması ilə bağlı rəsmi şəkildə dövlət üzərinə məsuliyyət götürürsə, bu məsələnin ilkin mərhələsi hesab edilir. Amma ideoloji silah və media təkcə dövlətin əlində deyil. Bu məsələ ilə məşğul olan çoxlu sayda sərbəst qurumlar da mövcuddur. Bundan sonra da erməni kilsəsinin, qeyri-hökumət təşkilatlarının, siyasi partiyalar və digərlərinin Azərbaycana qarşı “ideoloji” təxribatı davam edəcək. Ermənistan hökuməti isə deyəcək ki, rəsmi orqanlarda bu cür təbliğat yoxdur və s. Ona görə də, bu iki başlı oyun həmişə gedib. Keçmiş sovet dövründə də ermənilər tərəfindən Azərbaycan əleyhinə yazılar yazılırdı. Biz buna cavab verə bilmirdik. Deyirdilər ki, qonşuluq münasibətləri pozduğuna görə, Moskva onlara təsir göstərəcək, özləri cavab verəcək və s.
- İdeoloji mübarizədə daha çox hansı xəttin üstün tutulması əks təsirləri neytrallaşdırmağa imkan verə bilər?
- Qonşuların münasibətini gözləmədən, dünyanın nə fikirləşdiyini nəzərə almadan hər bir dövlət, hər bir xalq öz xəttini, milli ideyasını inkişaf etdirməlidir. Eyni zamanda mövcud ideoloji sistem möhkəmləndirilməlidir. Xüsusən də tarixlə, ərazi məsələləri, milli dəyərlərin, mədəni irsin qorunması ilə bağlı işlər davam etməlidir. Bu barədə kitablar yazılmalı, həqiqətlər ortaya çıxarılmalıdır. Erməninin kimliyi, bura haradan, nə vaxt gəldiyi bəlli olmalıdır? Bunun dövlətin ideoloji xəttinə aidiyyatı yoxdur. Bu tarix araşdırılmalıdır. Ermənilər ideoloji təxribatlarını bundan sonra da davam etdirəcəklər. Başqa ölkələrdəki lobbi təşkilatlarının əli ilə bu istiqamətdə “iş” aparacaqlar. Azərbaycan tərəfi də bu məsələlərə daha çox diqqət etməli və öz işini görməlidir.
- Bu cür “ideoloji” mətnlər necə ortaya çıxır?
- Bədii təsvirlərdə, mətnlərdə olan ideoloji təbliğat fərqli anlayışlardır. Bunu nə dövlət, nə də jurnalistika müəyyənləşdirir. Bu daha çox müəllifin istedadı və yazıçı araşdırmaları nəticəsində meydana çıxır. Yazıçıya hansısa mətni yazmamaqla bağlı qadağa qoymaq mümkün deyil. Zərərli ideologiyaya xidmət edən kitabları dövlət nəşriyyatları çap etdirməyə bilər. Amma müstəqil nəşriyyatlarda yazıçılar öz işlərini görəcəklər. Sözsüz ki, bundan sonra Ermənistan tərəfindən olan müəyyən yanaşmalarda dəyişikliklər olacaq. Daha əvvəlki qədər düşmənçilik aparmaq mümkün olmayacaq. Sözsüz ki, gizlin şəkildə ədəbiyyatda və digər yazılarda bu davam edəcək. Birdən-birə bunun qarşısını almaq mümkün deyil. Ermənistanda türklərə qarşı uzun illərdir təbliğat gedir. Üç-beş ilə bunun sona çatacağı inandırıcı deyil. Bunun qarşısını ancaq düzgün mövqe ortaya qoymaqla almaq olar.
- Azərbaycan əleyhinə təbliğatda yer almayan erməni yazıçısı tanıyırsınızmı?
- Mənim tanıdığım erməni yazıçılarının bir çoxu bu məsələlər barədə yazılar yazıb. Azərbaycan əleyhinə yazı yazmayan yeganə erməni yazıçı Qrant Matevosyan idi. Mətbuat və informasiya naziri olan vaxt (1993-1995) Qazax rayonu ərazisində “Didivan” restoranında Ermənistandan gələn yazıçılar və tənqidçilərlə görüşüm oldu. Qrant Matevosyan da onların içərisində idi. Bu görüşdə də onlara dedim ki, Qrant Matevosyandan başqa bütün erməni yazıçıları Azərbaycanın və azərbaycanlıların əleyhinə yazılar yazıb. Sanki onların arasında yarış gedirdi ki, kim daha çox Azərbaycanın və türkün əleyhinə yazı yazacaq. Matevosyan onda dedi ki, “biz ömrü boyu azərbaycanlılarla qonşu olmuşuq və həmişə yaxşılıq görmüşük. Nəyə görə azərbaycanlılar haqqında əks təbliğat aparmalıyam?”