AZ

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 800-ü ötdü

Əfqanıstanın şərqində baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 800 nəfəri keçib, 2500-dən çox insan isə yaralanıb.

Turkustan.az xəbər verir ki, bu barədə AFP yerli hökumət rəsmilərinə istinadla məlumat yayıb. Ölənlərin əksəriyyəti ölkənin Kunar vilayətində qeydə alınıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kani AFP-yə açıqlamasında bildirib ki, zəlzələ nəticəsində çox sayda yaşayış evi tamamilə dağılıb. Agentliyin məlumatına görə, əfqanların əksəriyyəti seysmik cəhətdən zəif olan, alçaq mərtəbəli və çiy kərpicdən tikilmiş evlərdə yaşayır ki, bu da tələfatın artmasına səbəb olub.

BMT isə xəbərdarlıq edib ki, Kunarda ən çox zərər görən kəndlərdən bəziləri yolların bağlanması səbəbindən hələ də yardım qrupları üçün əlçatmaz olaraq qalır.

Zəlzələ bu gecə paytaxt Kabildən təxminən 200 km məsafədə baş verib və 6,0 bal gücündə qeydə alınıb. Ardınca 4,5–5,2 bal gücündə bir neçə afterşok (təkrar təkan) müşahidə olunub.

ABŞ Geoloji Xidməti (USGS) isə bildirib ki, zəlzələnin təsirini 1,2 milyondan çox insan hiss edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
123
turkustan.az

1Mənbələr