AZ

Peşə təhsili kolleci üstələyir: iş dünyasında daha çox fürsət...

Bu gün ölkəmizin əmək bazarında ən çox çatışmayan kateqoriya peşəkar ustalar, texniki kadrlar və xidmət işçiləridir. Bu baxımdan peşə təhsili müəssisələri həmin boşluğu doldurmaqda mühüm rol oynayır.

AzEdu.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, peşə təhsili həm real bacarıq qazandırır, həm də ali təhsilə alternativ və daha rahat yol açır:

166959

“Hazırda Azərbaycanda peşə təhsili sistemi mərhələli şəkildə yenilənir və inkişaf etdirilir. Bu təhsil formasının əsas üstünlüyü praktik yönümlü olmasıdır. Gənclər qısa müddətdə konkret sahə üzrə bacarıq əldə edir və iş mühitinə hazır şəkildə daxil ola bilirlər. Bu gün əmək bazarında ən çox çatışmayan kateqoriyalar məhz peşəkar ustalar, texniki kadrlar və xidmət işçiləridir. Peşə təhsili müəssisələri isə bu boşluğu doldurmaqda əhəmiyyətli rol oynayır. Bundan əlavə, yüksək peşə təhsilinə daxil olan abituriyentlər universitetlərə imtahansız qəbul imkanına sahibdirlər. Yəni peşə təhsili bir tərəfdən real bacarıq qazandırır, digər tərəfdən isə ali təhsilə alternativ və daha rahat yol açır. Bu isə gənclərə həm vaxt, həm də əlavə perspektiv sərbəstliyi verir”.

Bir çox kollec sadəcə “diplom verən” təhsil müəssisəsi kimi tanınır və əmək bazarının tələblərini tam qarşılamır:

“Kolleclərə gəldikdə isə, mövcud reallıq bir qədər fərqlidir. Beynəlxalq təcrübədə kolleclər çox güclü baza rolunu oynayır: tələbəyə həm nəzəri, həm də praktik biliklər verir, ali təhsilə keçidi asanlaşdırır və məzuna əmək bazarında real imkanlar açır. Amma Azərbaycan reallığında kolleclərin bu funksiyanı tam icra etdiyini söyləmək çətindir. Təəssüf ki, bir çox kollec sadəcə “diplom verən” təhsil müəssisəsi kimi tanınır və əmək bazarının tələblərini qarşılamır. İşəgötürənlərin böyük əksəriyyəti ali təhsil tələb etdiyindən, kollec diplomu gənclərə çox zaman rəqabət üstünlüyü qazandırmır. Bu səbəbdən kollec məzunları ya yenidən universitetə imtahan verərək qəbul olunmağa çalışırlar, ya da əmək bazarında istədikləri mövqeyi tuta bilmirlər.

Beynəlxalq təcrübədə kolleclər “orta ixtisas təhsili” adı altında həm iş dünyasına, həm də universitetlərə körpü funksiyası daşıyır. Bizdə isə bu sistem tam oturuşmadığı üçün tələbələrin qazandıqları bilik və bacarıqlar, təəssüf ki, real bazarın ehtiyaclarına cavab vermir. Nəticədə kollec diplomu gənclərə beynəlxalq nümunələrdə olduğu kimi geniş perspektivlər təmin etmir”.

Bütün bunları nəzərə alaraq, bu günün reallığında abituriyentlər üçün daha optimal seçim peşə təhsili müəssisələridir:

“Çünki burada əldə edilən bilik və bacarıqlar real iş dünyasında dəyərləndirilir və gənc qısa zamanda özünü təmin edə bilir. Əlavə olaraq, universitetə imtahansız qəbul imkanı da bu seçimə əlavə üstünlük qatır. Amma ümumi mənzərəni də unutmamaq lazımdır: dövlət siyasəti həm kollecləri, həm də peşə təhsili müəssisələrini inkişaf etdirməyə yönəlib. Bu sistemlərin hər ikisi müasir standartlara uyğun şəkildə təkmilləşdirilərsə, gələcəkdə abituriyentlərin qarşısında seçim daha balanslı və perspektivli olacaq”.

Seçilən
0
azedu.az

1Mənbələr