AZ

Bir aydır Azərbaycana gələn əcnəbi qapıçı: "Çox qonaqpərvər xalqınız var"

BAKI, 1 sentyabr. TELEQRAF

“İmişli” Azərbaycan Premyer Liqasının III turunda səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. Bölgə təmsilçisi 4 xalla 12 komanda arasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Matçdan sonra belarusiyalı qapıçısı Andrey Sinenka Teleqraf-a müsahibə verib:

– Mövsümdə ilk qələbənizi qazandınız. Oyun barədə fikirləriniz?
– Düşünürəm, azarkeşlər üçün maraqlı oyun oldu. Hər iki tərəfdə qol imkanları vardı. Oyun kifayət qədər həyəcanlı keçdi. Ümid edirəm, hamının xoşuna gəldi.

– Komandanı xilas edən qurtarışlarınız oldu. Qələbədə pay sahibi olduğunuzu dşünürüsünüz?
– Deməzdim ki, oyunun taleyini həll edən seyvlər etdim. Biz komanda olaraq bu qələbəni qazandıq. Hər bir oyunçu 100 faiz gücünü ortaya qoydu və bunun nəticəsində qalib gəldik. “İmişli” yüksək səviyyəli rəqiblərə qarşı mübarizə aparmağa qadirdir. Kollektiv artıq bir-birinə öyrəşir və daha yaxşı işləyir.

– Premyer Liqanın debütantı olan komandaya gələndə tərəddüd etmədiniz?
– Klub prezidenti və rəhbərliklə çox konstruktiv söhbətlərimiz oldu. Onların işə yanaşması mənim çox xoşuma gəldi. Məqsədləri yüksəkdir və bizim fikirlərimiz üst-üstə düşdü. Bir oyunçu olaraq məqsədlərim böyükdür. Ona görə də seçimi belə etdim.

– İlk dəfədir Azərbaycanda çıxış edirsiniz. Qısa müddət olsa da, ölkə barədə hansı fikirdəsiniz?
– Bura, xüsusilə Bakı, çox xoşuma gəldi. Nəinki şəhər, azərbaycanlılar da çox qonaqpərvərdir. Bir neçə yerli insanla dostlaşmışam. Həyat yoldaşım da Azərbaycandadır. Bu ölkə barədə təəssüratlarım çox yüksəkdir.

– Azərbaycan Premyer Liqası barədə düşüncələriniz necədir?
– “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi hər şeyi deyir. AFFA legioner limitini aradan qaldırdığına görə böyük irəliləyiş var. Bu da göstərir ki, Azərbaycan futbolu çox yaxşı inkişaf edir.

– Stadionla bağlı probleminiz olduğundan müvəqqəti olaraq Şamaxı, daha sonra isə Qubada oynayacaqsınız. Bu sizin üçün çətinlik yaradır?
– Əlbəttə, doğma stadionda oynamaq istəyirdik, bu daha pozitiv və qürurlu olar. “Sabah”la oyunda azarkeşlərimizin sayı rəqibdən geri qalmırdı. Gürultu və dəstək baxımından onlardan üstün idilər. Bu isə göstərir ki, azarkeşlər çox neytraldır. Biz onlara görə futbol oynayırıq və onlara minnətdarıq. Belə azarkeşlərlə harada oynasaq da, motivasiyamız yüksək olur.

Seçilən
11
teleqraf.com

1Mənbələr