AZ

Rusiyalı ekspert: Bu gün Cənubi Qafqaz qeyri-sabit zonadan dayanıqlı inkişaf məkanına çevrilmək üçün real şans əldə edir - MÜSAHİBƏ

Bakı, 1 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC rusiyalı ekspert, siyasi elmlər doktoru, Rusiyanın 1-ci dərəcəli dövlət müşaviri Tatyana Poloskova ilə müsahibəni təqdim edir.

— Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından Vaşinqtonda keçirilən sammitin əhəmiyyətini necə qiymətləndirirsiniz?

— İstənilən danışıqlarda əsas olan nəticədir. Donald Trampın dəstəyi ilə Vaşinqtonda keçirilən sammitin bir sıra əhəmiyyətli nəticələri oldu. Onlardan ən mühümü Cənubi Qafqaz ölkələrinin, indiki halda Azərbaycan və Ermənistanın cari regional məsələləri birbaşa dialoq yolu ilə həll etməyə hazır olduğunu nümayiş etdirməkdir. Bu, hər iki tərəfin siyasi yetkinliyinin sübutudur. Bu gün gözümüzün qarşısında regionda yeni geosiyasi ağırlıq mərkəzi formalaşır və o, artıq konkret bəhrəsini verməkdədir.

Şübhəsiz ki, Donald Tramp Nobel Sülh Mükafatına namizəd olmağa tam layiqdir: onun şəxsi iştirakı sammitə əlavə siyasi çəki və beynəlxalq əhəmiyyət verdi. Lakin regionun xarici siyasət oyunlarının obyekti olmaqdan çıxması və geosiyasi proseslərin müstəqil iştirakçısına çevrilməsinin əməyi Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur.

Bu proses regionun “Rusiyadan ABŞ-a” və ya başqasına getməsi demək deyil. Əslində Azərbaycan da, Ermənistan da heç yerə “getməyib” – nəhayət, özlərinə gəliblər. Əsl yetkinlik buradadır. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə bərabərhüquqlu və müstəqil tərəfdaşlar kimi münasibətlər qurmağı öyrənməsinin vaxtı çatıb.

Azərbaycan, öz növbəsində, Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya dövlətləri, ABŞ ilə səmərəli qarşılıqlı fəaliyyət modelini sürətlə və inamla qurur. Üstəlik, bunu ideoloji ehkamlara və ya tarixi öhdəliklərə əsaslanaraq deyil, müstəsna olaraq qarşılıqlı fayda və praqmatizm prinsipləri əsasında edir.

Sammitin daha bir mühüm nəticəsini - yekun sülh məsələləri üzrə konsensusun əldə olunmasını qeyd etmək yerinə düşər. Gələcək sülh sazişi üçün əsas olacaq Bəyannamə imzalandı. Xüsusilə vacibi odur ki, bütün bunlar lazımsız vasitəçilərin iştirakı olmadan əldə edilib. Bədnam Minsk qrupunun nə qədər səmərəsiz və əslində faydasız olduğunu hamımız xatırlayırıq. Əslində, yeni çərçivə sazişi minlərlə insanın həyatına son qoyan uzunmüddətli münaqişəyə son qoydu. Eyni zamanda onu da vurğulamaq çox vacibdir ki, Azərbaycan və Ermənistan xalqları heç vaxt bu düşmənçilikdə maraqlı olmayıb.

Azərbaycanlı ekspertlərin fikri ilə tam razıyam: Azərbaycan və Ermənistan arasında sülh sazişi genişmiqyaslı regional ticarət, investisiya və iqtisadi əməkdaşlığa yol açacaq. Mən təkcə xarici siyasətdə deyil, həm də beynəlxalq investisiya layihələri sahəsində çalışan bir şəxs kimi əminliklə deyə bilərəm ki, Vaşinqtonda keçirilən sammitin kifayət qədər nəzərəçarpacaq, praktiki nəticələri var.

Ermənistan xalqı tezliklə sülh sazişinin müsbət nəticələrini hiss edəcək. Xaricdəki erməni diasporuna gəlincə, əminəm ki, Zəngəzur dəhlizinin açılması kimi iqtisadi səmərə, investisiya layihələri və infrastruktur təşəbbüsləri Ermənistana xaricdəki soydaşlarının humanitar ianələrindən qat-qat çox fayda gətirəcək.

- Bu sazişlər çərçivəsində Zəngəzur dəhlizinin işə salınmasını nə dərəcədə tarixi hesab etmək olar? Bu, Azərbaycana iqtisadi və siyasi baxımdan hansı üstünlükləri verə bilər?

— Zəngəzur dəhlizinin açılması sadəcə bir infrastruktur layihəsi deyil, həqiqətən də tarixi və vaxtında verilmiş qərardır. Onun əhəmiyyəti logistikadan çox-çox kənara çıxır. Bu, nəhəng humanitar, iqtisadi və siyasi potensiala malik bir addımdır.

Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən maneəsiz quru dəhlizi təmin edilməlidir. Bu gün həmin tələb reallığa çevrilir.

Zəngəzur dəhlizinin Azərbaycan üçün üstünlükləri göz qabağındadır. Bu, təkcə ticarət və ya tranzit axınının artması deyil. Bu, keyfiyyətcə bir sıçrayışdır. Azərbaycan əsas beynəlxalq mərkəzə - Şərqlə Qərbin qovşağında güclü nəqliyyat, logistika və investisiya habına çevrilir. Bu, ölkənin geosiyasi mövqeyini xeyli gücləndirəcək və beynəlxalq iqtisadiyyatda imkanlarını genişləndirəcək.

Üstəlik, qeyd etdiyim kimi, bu dəhliz Ermənistan üçün də təkcə infrastruktur baxımından deyil, həm də sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi baxımından mühüm vasitə ola bilər. Ticarət, investisiya, yeni iş yerləri, logistikanın inkişafı - bütün bunlar Zəngəzur dəhlizinin açılması sayəsində mümkün olacaq. Deməli, açıq desək, Zəngəzur sadəcə yol deyil. Bu, bütün region üçün gələcəyə aparan bir yoldur.

— Layihənin reallaşdırılması regionun ixrac və tranzit imkanlarının inkişafına necə təsir edə bilər? Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün dəhlizin işə düşməsinin hansı mümkün nəticələri olacaq?

— Mən həmkarlarımın, o cümlədən rusiyalı ekspertlərin artıq haqlı olaraq vurğuladığı fikirləri təkrar edirəm: Zəngəzur dəhlizinin işə salınması bütün regionun logistika xəritəsini kökündən dəyişir. Bu, Mərkəzi Asiya, Cənubi Qafqaz və Cənub-Şərqi Asiya ölkələrinin Türkiyəyə, onun vasitəsilə isə Avropaya, Yaxın Şərqə, Şimali və hətta Mərkəzi Afrika ölkələrinə çıxışını xeyli asanlaşdıracaq. Bu, təkcə coğrafi əlaqə deyil, bütün Avrasiya məkanının nəqliyyat və iqtisadi potensialının artmasıdır.

Azərbaycan və Ermənistan üçün keyfiyyətcə yeni imkanlar açılır. Amma ən əsası odur ki, bütün region faydalansın. Onilliklər boyu münaqişələrin və xarici təzyiqlərin girovu olan region əməkdaşlıq, praqmatizm və inkişaf ruhunda yenidən işə başlamaq şansı əldə edir.

Zəngəzur dəhlizi böyük beynəlxalq nəqliyyat layihələrinə üzvi şəkildə uyğun gəlir: Şərq-Qərb, Şimal-Cənub. Bu, mövcud infrastrukturdan optimal istifadəyə və yeni istiqamətlərin genişləndirilməsinə imkan verir. Azərbaycan mediası və ekspertləri haqlı olaraq qeyd edirlər ki, dəhlizin işə salınması Xəzər nəqliyyat şəbəkəsinin inkişafına güclü təkan verəcək. Bu, təkcə ticarətin genişləndirilməsi deyil, həm də enerji təhlükəsizliyinin möhkəmləndirilməsi deməkdir. Dəhliz Xəzərdən Avropaya doğru yeni neft və qaz kəmərlərinin çəkilməsi üçün əsas ola bilər.

Ancaq daha vacib bir məqam var. Layihənin həyata keçirilməsi təkcə logistika və iqtisadi əməkdaşlığa deyil, həm də region ölkələrinin qarşılıqlı iqtisadi asılılığına şərait yaradır. Bu, sülh üçün ən möhkəm təməldir. Ölkələr birlikdə qazanmağa başladığı yerdə mübarizəni dayandırır. İqtisadiyyat sabitliyin ən etibarlı memarıdır.

Ümumiyyətlə, biz Cənubi Qafqazın geosiyasi mənzərəsinin dəyişməsinin şahidi oluruq. Yeni güc mərkəzləri, yeni qarşılıqlı fəaliyyət formatları formalaşır. Bu kontekstdə Zəngəzur dəhlizi sadəcə bir yol deyil. Bu, regionun davamlı sülh, firavanlıq və iqtisadi artım zonasına çevrilməsi üçün real şansdır. Bu, Cənubi Qafqazı təkcə investisiya baxımından deyil, həm də insanların daha yaxşı yaşadığı yer kimi cəlbedici etmək imkanıdır.

- ABŞ-ın bu layihənin həyata keçirilməsində iştirakını necə qiymətləndirirsiniz və bu, region üçün hansı perspektivlər açır?

- ABŞ-ın Zəngəzur dəhlizinin reallaşdırılması prosesində iştirakı layihəyə təkcə beynəlxalq status deyil, həm də strateji əhəmiyyət verir. Donald Tramp sadəcə siyasətçi deyil, nəticəyönümlü, praktik düşüncəyə malik böyük beynəlxalq iş adamıdır. Onun yanaşması ənənəvi siyasi ritorikadan fərqlənir. O, səmərəlilik, fayda və perspektiv baxımından düşünür. Məhz buna görə də onun üçün “sövdələşmə” termini ritorika deyil, qlobal bazar şəraitində beynəlxalq proseslərin real mahiyyətini əks etdirən alətdir.

Tramp realistdir. O, dəfələrlə nümayiş etdirib ki, Birləşmiş Ştatlar üçün əlverişsiz olan sazişlərdən sistemi dağıtmaq məqsədi ilə deyil, daha əlverişli və balanslaşdırılmış formatlar tapmaq məqsədi ilə geri çəkilir. ABŞ Prezidenti fəaliyyət adamı kimi çıxış edir: köhnə şərtlər işləməsə, onların yerini yeni, daha məhsuldar olanlar tutmalıdır. Məhz bu prizmadan onun “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” qeyri-rəsmi adını artıq almış Zəngəzur dəhlizinə marağını nəzərə almalıyıq.

Mahiyyət etibarilə unikal presedent yaradılır: bütün iştirakçıların praktiki fayda əldə etdiyi, regionun isə yeni perspektivlər qazandığı siyasi və iqtisadi model. ABŞ-ın layihədə belə iştirakı Cənubi Qafqaz üçün mühüm imkanlar açır. Birincisi, bu, təhlükəsizliyin və siyasi sabitliyin əlavə təminatıdır, çünki ABŞ təkcə sazişin qarantı deyil, həm də onun birbaşa iştirakçısına çevrilir. İkincisi, bu marşrut investisiyaların cəlb edilməsi, yeni logistika marşrutlarının yaranması və ticarət fəaliyyətinin stimullaşdırılması üçün güclü təkandır. Üçüncüsü, bu, geosiyasi tarazlığın ciddi dəyişməsidir: regiona bazar praqmatizmi və uzunmüddətli planlaşdırma prinsipləri əsasında effektiv mexanizmlər qura bilən aktor gəlir.

Şübhəsiz ki, ABŞ-ın iştirakı Zəngəzur layihəsi üçün əlavə perspektivlər yaradır. Amma həlledici amil bəyannamələrin imzalanması faktı deyil, bu sənədlərin əməldə necə həyata keçiriləcəyi olacaq. Məhz onların həyata keçirilməsində - konkret infrastruktur layihələrində, davamlı iqtisadi effektdə, insanların artan həyat standartında bu beynəlxalq tərəfdaşlığın real dəyəri olacaqdır. Bu gün Cənubi Qafqazın qeyri-sabitlik zonasından dayanıqlı inkişaf məkanına keçmək üçün real şansı var və indi çox şey bütün tərəflərin siyasi iradəsindən və məsuliyyətindən asılıdır.

- Sizcə, layihənin icrası zamanı yarana biləcək əsas çağırışlar hansılardır?

- İstənilən irimiqyaslı beynəlxalq layihə kimi, Zəngəzur dəhlizinin həyata keçirilməsi də xüsusi diqqətlə nəzərdən keçirilməsini tələb edən bir sıra çağırışlar və risklərlə müşayiət olunur. İlk növbədə, münaqişələrin və lazımsız fəsadların qarşısını almaq üçün bu prosesdə iştirak edən bütün əsas aktorların maraqlarını əvvəldən əlaqələndirmək son dərəcə vacibdir. Üstəlik, layihə əsas iştirakçı ölkələrlə yanaşı, Türkiyə, Çin və digərləri kimi bir sıra digər mühüm aktorları da əhatə edir ki, onların da təsiri və mövqeyi gözardı edilə bilməz.

Mürəkkəb geosiyasi vəziyyət kontekstində regional yaxınlaşma proseslərinin qarşısını almaqda maraqlı ola biləcək qüvvələr tərəfindən mümkün risklərin və əks fəaliyyət ssenarilərinin əvvəlcədən proqnozlaşdırılması da vacibdir.

Bununla belə, iqtisadi və texniki risklərlə yanaşı, daha bir mühüm aspekt var - regionun siyasi sabitliyi. “Tramp marşrutu” layihəsi davamlı sülh və qarşılıqlı anlaşma mövzusu ilə sıx bağlı olduğundan, Cənubi Qafqazın uzunmüddətli sülh yolu ilə inkişafına təhlükə yarada biləcək regional və beynəlxalq amilləri ayrıca nəzərə almaq lazımdır.

Beləliklə, Zəngəzur dəhlizinin uğurla həyata keçirilməsi üçün təkcə ölkələr arasında hərəkətlərin ahəngdarlığının təmin edilməsi deyil, həm də risklərin güclü idarə edilməsi sisteminin həm daxili, həm də xarici - formalaşdırılması vacibdir. Yalnız bu halda layihə həm iqtisadi, həm də geosiyasi baxımdan öz potensialını tam reallaşdıra biləcək.

- Dəhlizin davamlı inkişafı və regional əməkdaşlığı gücləndirilməsi üçün növbəti hansı addımlar atıla bilər?

- Əsas addım Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Bunun üçün isə, məlum olduğu kimi, Paşinyan öz “ev tapşırığı” ilə məşğul olmalıdır. O, Əsas Qanuna - Ermənistan Konstitusiyasına lazımi dəyişikliklərə nail olmalıdır.

Seçilən
13
2
azertag.az

3Mənbələr