AZ

Aqrar Subsidiya Şurası məhsul subsidiyalarına yeni əlavələr edib

BAKI, 1 sentyabr. TELEQRAF

Aqrar Subsidiya Şurasının qərarına əsasən məhsul subsidiyası siyahısı genişlənir.

Kənd Təsərrüfatı Nazirliyinin Teleqraf-a verdiyi məlumata görə, qarğıdalı üzrə məhsul əmsalı qarğıdalıdan yağ, nişasta, qlükoza və fruktoza istehsal edən müəssisələrə, eləcə də mal-qara və quş yemi istehsal edən müəssisələrə təhvil verilən qarğıdalıya tətbiq olunacaq.

Bundan əlavə, meyvə şirəsi (konsentrat və s.) istehsalı üçün emal müəssisələrinə təhvil verilən nar və alma üçün məhsul subsidiyası verilməsi barədə Şura tərəfindən qərar qəbul edilib.

Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil edilir, digər rayon və kəndlər üzrə 0-a bərabər qəbul edilir. Məhsul əmsalı həmçinin əkin ili üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilmiş məlumatlar əsasında hesablanmış orta məhsuldarlığı 15 sent/ha və ya daha aşağı olan fermerlər üçün, eləcə də bir fermer üzrə orta məhsuldarlığın 60 sent/ha-dan yuxarı olan hissəsi üçün 0-a bərabər qəbul edilir.

Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Qubadlı, Şəki, Tovuz, Yardımlı, Zaqatala və Zəngilan rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilir.

Aqrokimyəvi analiz predmeti olan ərazilərdə aparılan əkinlərdən əldə edilmiş məhsullar üzrə məhsul subsidiyası həmin torpaqların müvafiq akkreditasiyadan keçmiş laboratoriyalarda fermerlər tərəfindən analiz etdirilməməsi halında hər ton üçün bu müəyyən edilən məhsul subsidiyası məbləğindən pambıq üzrə 10 AZN (0.05 məhsul əmsalı), tütün üzrə 2 AZN (0.01 məhsul əmsalı), şəkər çuğunduru üzrə 1 AZN (0.005 məhsul əmsalı), soya üzrə 10 AZN (0.05 məhsul əmsalı) azaldılmaqla ödənilir.

Buğda üzrə məhsul əmsalı Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilir, digər hallarda 0-a bərabər qəbul edilir.

Seçilən
146
teleqraf.com

1Mənbələr