AZ

Ukrayna Rusiyanı keçmiş parlament sədrinə sui-qəsddə ittiham edir

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı saxlanılan şübhəli şəxs bazar ertəsi tutulub. Milli polis rəisi İvan Vyhivski açıqlamasında deyib ki, şənbə günü Lvovda kuryer qiyafəsində olan silahlı şəxs Parubiyə səkkiz dəfə atəş açıb:
“Cinayətkar uzun müddət hazırlaşıb, izləyib, plan qurub və nəhayət atəş açıb... Bu işdə Rusiyanın izi görünür”, – Vyhivski Facebook-da yazıb, lakin sübut təqdim etməyib. SBU-nun regional idarə rəisi Vadim Onışçenko isə bəyan edib ki, qətl sifarişli xarakter daşıyır:
“Bizdə Rusiya Federasiyası təhlükəsizlik orqanlarının mümkün iştirakını göstərən məlumatlar var”. Hadisə ilə bağlı Rusiya hələlik heç bir şərh verməyib. Parubiy 2016–2019-cu illərdə Ukrayna parlamentinin spikeri olub. O, həmçinin 2014-cü ildə rusiyapərəst prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən etirazların təşkilatçılarından biri idi. Həmin ilin fevral–avqust aylarında Parubiy Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsində çalışıb. Daxili işlər naziri İqor Klimenko bildirib ki, şübhəli şəxs gecə saatlarında Xmelnitski vilayətində saxlanılıb. Onun 52 yaşlı Lvov sakini olduğu açıqlanıb. Nazir qeyd edib ki, qətl diqqətlə planlaşdırılıb, qurbanın hərəkət marşrutu izlənilib və qaçış planı hazırlanıb. Polis şübhəlinin xüsusi təyinatlılar tərəfindən saxlanıldığı anı əks etdirən fotoşəkilləri də yayıb.

 

Seçilən
82
Ajans.az

1Mənbələr