Bakı, 1 sentyabr, AZƏRTAC
ICPC artıq 49-cu ilini qeyd edir, yəni biz ilk rəqəmsal əsrin birinci yarısını tamamlamaq üzrəyik. Bu illər ərzində biz parlaq tələbələri problem həlletmə bacarıqlarını inkişaf etdirməyə, cəmiyyətə fayda gətirəcək sistemlər yaratmağa həvəsləndirmişik. Bunu məhz biz edirik. Hazırda isə ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalı elə burada - Bakıda keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi (ICPC) Fondunun prezidenti Bill Pauçer Bakıda keçirilən ICPC-nin 49-cu Dünya Finalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
“Bütün bu parlaq tələbələrlə birlikdə Bakı bu anda Yer kürəsinin ən ağıllı şəhərinə çevrilib. Onlar həyatlarındakı nailiyyətlərin başqalarının həyatına necə töhfə verə biləcəyinə görə həyəcanlanırlar”, - deyə ICPC Fondunun prezidenti bildirib.
ICPC-nin süni intellekt dövründəki rolu barədə danışan Bill Pauçer deyib: “Bunu dəyərləndirməyin yollarından biri də budur ki, hazırda 500000 ICPC məzunumuz var və məhz onlar, həmçinin onların dostları bu gün asılı olduğumuz, o cümlədən süni intellekti də əhatə edən kritik sistemlərin böyük bir hissəsini yaradıblar.
Əslində, həm “OpenAI”, həm də “Google DeepMind” burada sponsor qismində çıxış edir və hər iki şirkət ICPC istedadları ilə zəngindir. Biz Bakıda — möhtəşəm bir şəhərdə parlaq insanlarla birlikdə ICPC-nin 49-cu Dünya Finalını qeyd etməkdən çox məmnunuq. Bu, dərin bir sirdir, onu başqa bir zamanda açıqlayacağıq. Çox təşəkkür edirik.
ADA Universitetinə də təşəkkür edirik. Çünki bu gün və burada ADA Universiteti ICPC kainatında bir nömrəli universitetdir. Bu universitet qonaqpərvərliyini dünyanın ən parlaq və istedadlı gənclərinə açdı və məhz bu qaynaqdan dünyamız faydalanacaq”.