AZ

Bakıda bir klinikanın 25 milyon manat vergi borcu necə yaranıb?..


Fərzəlibəyov qardaşlarının tibb xidmətləri bazarındaki inhisarını kim himayə edir?

“Caspian İnternational Hospital” MMC-nin dövlət qarşısında vergi borcu yaranıb. Bu barədə Dövlət Vergi Xidməti məlumat verib.

Məlumata əsasən, “Caspian İnternational Hospital” MMC-nin vergi borcu 24 974 566.63 manatdır.

Xatırladaq ki, 2013-cü ildən fəaliyyət göstərən klinika Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşir.

Bir müəssisinin bu qədər borcu necə yarana bilib? İllərlə buna necə dözülüb? Axı bu məbləğ birdən yaranmır ki...

Məsələn, nəyə görə vergi borcu 100 min olanda onu ödətdirməyiblər, ictimailəşdirməyiblər?

Kimindir bu klinika?

Əvvəl o suala cavab tapaq ki, vergi borcu haradan və necə yaranıb.

Qeyd edək ki, bu şirkətin nizamnamə kapitalı cəmi 10 manat olub. Belə böyük borcun yığılmasının əsas səbəbi illər ərzində kiçik cərimələrin yığılıb-çoxalmasıdır. Belə ki, müxtəlif illərdə 40-120 manat civarında e-taxes.gov.az elektron vergi sistemi üzərindən avtomatik cərimələr tətbiq olunub. Belə kiçik məbləğlər zamanla toplanaraq milyonlarla manat həcmə çatıb. Buna vergidən yayınma, hesabat təqdim etməmək, maliyyə nəzarətinə əməl etməmək kimi hallar səbəb olub.

Kiçik cərimələrin vergi idarələri tərəfindən yığılmaması, ciddi nəzarət tədbirlərinin olmaması borcun böyüməsinə şərait yaradıb. Sözsüz ki, verginin tələb edilməməsinin arxasında məmur himayəsinin olması ehtimalı böyükdür. Bunu bir qədər sonra aydınlaşdıracağıq.

Həmçinin, şirkətin "risqli vergi ödəyicisi" kimi qeyd olunmaması da bunu göstərir. Yəni Dövlət Vergi Xidməti (DVX) onları yüksək risqli ödəyici kateqoriyasına daxil etməyib. Deməli, DVX da bu klinikanın vergi borcunun yığılmasına şərait yaradıb.

Nəticədə, borc milyonlara çatana qədər müdaxilə edilməyib. Bu da adi hal kimi qalmaqda davam edib.

Rəsmi qeydiyyata görə, klinikanın hüquqi təmsilçisi Cəbrayıl Neymət oğlu Abbasovdur. Lakin digər mənbələrdə qeyd olunur ki, klinikaya 2016–2017-ci illərdə rəhbərlik etmiş şəxs Ramin Bayramlı olub. Ramin Bayramlı TƏBİB-in keçmiş rəhbəri idi.

Araşdırmalara görə, “Caspian International Hospital”ın real sahibi Şamo Fərzəlibəyovdur. O, əvvəllər Səhiyyə nazirinin müavini olmuş Elsəvər Ağayevin qudasıdır.

Şamo Fərzəlibəyov Azərbaycanda fəaliyyət göstərən tanınmış iş adamlarından biridir. O, “Badam Medical Center” (Badam klinikası) və “Caspian International Hospital” kimi iri tibb müəssisələrinin formal rəhbəri və sahibi olaraq göstərilir.

Eyni zamanda, Şamo Fərzəlibəyov “Arash Medical Company” tibbi şirkətinin rəhbəri kimi tanınır. Bu şirkət səhiyyə sahəsində dövlət tenderləri və satınalmalarının populyar qaliblərindən biri olub.

Şamo Fərzəlibəyovun sabiq səhiyyə nazirinin keçmiş müavini Elsəvər Ağayevlə qudalıq əlaqəsi onun biznes fəaliyyətlərinin mərkəzdə olan şəxslərlə əlaqələrə malik olduğuna dair iddiaları gücləndirir.

Bu məlumatlar mediaya əsaslanan araşdırmalara istinadən verilsə də, ictimaiyyət üçün qismən qaranlıq olaraq qalır. Şamo Fərzəlibəyovun şəxsiyyəti, biznes fəaliyyəti və roluna dair daha rəsmi və təsdiqlənmiş məlumatlar mövcud deyil.

Qeyd edək ki, Şamo Fərzəlibəyovun qardaşı Ehtiram Fərzəlibəyov tanınmış blogger-aşpaz, Şuşa Beynəlxalq Kulinariya Festivalının iştirakçısı və Azərbaycanda tibb avadanlıqlarının satışı üzrə ixtisaslaşmış “Araş” Tibb Kompaniyasının prezidenti olub. O, həmçinin gənc yaşlarında filmlərə çəkilib və hazırda “Araş Dental & Beauty” şirkətinin direktoru kimi fəaliyyət göstərir. Bir maraqlı məqamı da qeyd edək ki, Ehtiram Fərzəlibəyov orta təhsillidir.

Onu da əlavə edək ki, hələ 2023-cü ilin avqust ayında “Caspian International Hospital”ın milyonlarla vergi borcu olduğu barədə mediada məqalələr dərc edilib. Maraqlıdır, Dövlət Vergi Xidmət buna niyə göz yumub və bu susqunluq niyə hələ də davam edir? Çünki 25 milyon vergi borcu olmasına baxmayaraq, “Caspian International Hospital” haqqında hələ də heç bir inzibati tənbeh tədbiri görülməsı üçün hüquq-mühafizə orqanlarına müraciət edilməyib. Bu isə onu deməyə əsas verir ki, Fərzəlibəyovların əsas dayağı olan Elsevər Ağayev görəvdən getsə də, qardaşlar özünə yeni "krişa" tapa biliblər.

Akif NƏSİRLİ

Seçilən
8
baki-xeber.com

1Mənbələr