Elşən Manafov: “Paşinyan müdrik Çin əjdahasının diplomatik fəndinə adekvat gediş edə bilməyib”
Ermənistan və Çin strateji tərəfdaşlıq qurmaq barədə razılığa gəliblər. Müvafiq birgə bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan və Çinin sədri Si Cinpin Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilən görüşdə qəbul ediblər.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bəyan ediblər. Xüsusilə, Paşinyan və Si elm, təhsil, mədəniyyət, turizm, informasiya və metrologiya sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə səfəri zamanı Bakı və Pekin arasında “hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında” birgə bəyanat imzalanıb. Gürcüstan və Çin isə 2023-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə keçid etdiklərini açıqlayıblar.
Maraqlıdır, İrəvanla Pekin arasında imzalanan strateji tərəfdaşlıq bəyannaməsi Ermənistana çox fayda verəcək, ya bütün region üçün faydalı olacaq? Bu, Azərbaycanla sülh prosesinə necə təsir edə bilər?
“...Regionda sülhün və stabilliyin təmin olunması ilə bağlı məsələlərə gəlincə, rəsmi Bakı Ermənistandan fərqli olaraq...”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında buna bir neçə aspektdən yanaşdı: “Azərbaycan və Ermənistan liderləri arasında Trampın vasitəçiliyi ilə razılaşdırılmış Vaşinqton bəyannaməsi bölgədə sülh və təhlükəsizliyin yaxın perspektivdə tam mənada bərqərar ola biləcəyi ilə bağlı ümidlərin artmasına səbəb olub. Region və onun ətrafında logistika, habelə nəqliyyat kommunikasiya ilə bağlı layihələrə marağın daha da güclənməsinə səbəb olub. Bəllidir ki, Zəngəzur dəhlizi ilə bağlı perspektiv razılıqlara geosiyasi güc mərkəzlərinin, habelə region dövlətlərinin münasibəti fərqlidir. Bu da onların fərqli geosiyasi mövqelərdə durması ilə bağlı amillərdən irəli gəlir. Azərbaycan və Ermənistan liderlərinin bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü tədbirinə dəvət almaları da məhz bu amillərdən irəli gəlir. Pekin ABŞ-ın onun "Bir kəmər, bir yol layihəsinə" münasibətindən xəbərdardır. Anlayır ki, rəsmi Vaşinqton region dövlətlərinin siyasi elitaları ilə razılaşmalar hesabına Çinin mövqelərinin Avrasiya məkanında güclənməsinə səbəb ola biləcək səylərinin qarşısına sipər çəkmək istəyir. 2001-ci ildə təşkil edilmiş ŞƏT-ın tərkibinə hazırda 10 dövlət daxildir. ABŞ-ı qayğılandıran isə bu təşkilatın dünya nizamına təsir etmək potensialı və niyyətidir. Təşkilata daxil olan dövlətlər dünya ərazisinin 60 faizini, UDM-nin 25 faizini, dünyada əhalinin 45 faizini təşkil edirlər. Təşkilatın NATO kimi hərbi bloku olmasa da, dünyada sabitlik və təhlükəsizlik uğrunda mübarizə aparacağına, separatizm və terrorizmin hər cur formalarına qarşı olacağını bəyan edib. Qlobal Cənubu ehtiva edən BRİKS-in ərsəyə gəlməsində ŞƏT-in özünəməxsus rolu olub”.
Politoloq hesab edir ki, Çin də Ermənistanla strateji əməkdaşlıq barədə memorandum imzalamaqla rəsmi Pekin İrəvana ABŞ təsirlərinin bu ölkədə anti-Rusiya və anti-Çin ritorikasınıngüclənməsinə yol verməməyə çalışıb: “Pekin elm, təhsil, metroloğiya, innovasiyalar sahəsində əməkdaşlığa investisiya qoymağa hazır olduğunu bildirib. Paşinyan isə müdrik Çin əjdahasının diplomatik fəndinə adekvat gediş edə bilməyib. Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu bildirib. Bu isə Vaşinqton və Brüssel tərəfindən yaxşı qarşılanmayacaq. Digər tərəfdən, onun Putinlə Çində görüşü və özünü büruzə verən narazılığı göstərir ki, Paşinyan gələn il seçkilərdə onun siyasi məhvinə gətirib çıxara biləcək addımları atmaqdan çəkinəcək. Azərbaycana gəlincə, ölkəmiz hələ 2016-cı ildə ŞƏT-də qonaq statusu ilə təmsil olunmaq hüququ ilə təmin edilib. Prezident Əliyev özü 2 dəfə -2022 və 2024-ci illərdə ŞƏT-in keçirdiyi tədbirlərdə yüksək səviyyəli qonaq kimi qəbul olunub. Bu isə Azərbaycanın məlum təşkilatla çoxtərəfli münasibətlərin genişlənməsi və inkişafında maraqlı olmasından irəli gəlir. ŞƏT TransXəzər layihəsinə də ciddi maraq göstərir və rəsmi Bakı, məlumdur ki, layihənin icrası istiqamətində danışıqlarda, bir qayda olaraq, fəal iştirak edir. Regionda sülhün və stabilliyin təmin olunması ilə bağlı məsələlərə gəlincə, rəsmi Bakı Ermənistandan fərqli olaraq geosiyasi güc mərkəzləri ilə münasibətləri qarşılıqlı, faydalı əməkdaşlıq müstəvisi üzərində qurur. Bu mənada maraqlıdır ki, məhz rəsmi Bakının təklifi ilə Ermənistanla demarkasiya məsələlərinin razılaşdırılmasından sonra tərəflər arasında sərhədlərə yaxın ərazilərdə üçüncü dövlətin hərbi qüvvələrinin yerləşdirilməyəcəyi ilə bağlı müddəa Vaşinqton razılaşmasının mətninə daxil edilib. Paşinyanın Vaşinqtonda Trampla imzaladığı sənədin üzünü isə hələ indiyədək heç kəs görməyib. Çin və Rusiyanın narahatlığı da buradan qaynaqlanır. Ehtimallar var ki, razılaşmanın müddəaları Ermənistanın əsas qanunu ilə ziddiyyət təşkil edərsə, ustunluk qanuna deyil, imzalanmış sənədin özünə veriləcək”.
Vidadi ORDAHALLI