“Məhkəmədə sözü keçən “S-300” raketlərini Şuşada yerləşdirməklə, Rusiyanın strateji planı...”
Avqustun 29-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan ibtidai istintaqa ifadəsində bildirib ki, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusu”nda “maddi-texniki təchizat üzrə qərargah rəisi” işləyib. 1994-cü ilin mayında atəşkəs elan olunan dövrədək aparılan döyüş əməliyyatlarında hərbi qüvvələrin birbaşa təchizatının təminatında iştirak edib.
Bako Sahakyan 2015-2020-ci illərdə Şuşa şəhərində olan “S-300” raket kompleksini Ermənistanın Müdafiə Nazirliyinin göndərdiyini deyib.
Onun ifadəsində göstərilib ki, ümumiyyətlə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən əvvəlki və sonrakı dövrlərdə silah-sursat, hərbi texnika və şəxsi heyət təminatı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən bu ölkənin dövlət büdcəsi hesabına təmin olunub.
Bako Sahakyan ifadəsində bildirib ki, Ermənistan Müdafiə Nazirliyi qondarma rejimin "müdafiə nazirliyi”ni silah-sursat və digər hərbi təminatla təchiz edib.
Rusiya keçmişdə Ermənistana hətta “S-300” raketləri də verib və onları hətta Qarabağda yerləşdiriblər. Erməni separatçılarına bu raketləri verən Rusiyanın hansı strateji planları var idi?
“...Çalışırdı ki, birdəfəlik bölgədə qalsın və eyni zamanda Cənubi Qafqaza yaxın olan regionları nəzarətdə saxlasın”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Qarabağda törətdikləri cinayətlərə görə Bakıda məhkəmə qarşısında dayanan təqsirləndirilən şəxslər hələ çox məsələlərin üstünü açacaqlar. A.Nağının sözlərinə görə, məhkəmənin gedişində erməni vəhşilikləri ilə bağlı çoxtərəfli, çoxfaktorlu məlumatlar, faktlar ortaya çıxır. O qeyd etdi ki, şahidlər ifadələr verir, vaxtilə törədilən cinayətlərlə, məhkəmədə olan və olmayan hərbi canilərlə, Ermənistan və Rusiya rəhbərliklərinin cinayətləri ilə əlaqədar çoxlu faktlar ortaya çıxır. “Burda, həmçinin, Rusiyanın məsuliyyəti ilə bağlı faktlar üzə çıxır. Əvvəllər 1994-1995-ci illərə aid faktlar ortaya çıxdı. Rus genaralları özləri etiraf edirdilər ki, Ermənistana, eyni zamanda onların Qarabağda apardıqları işğalçı müharibəyə tam şəkildə hərbi dəstək göstərirlər, silah-sursat, texnika verirlər. O vaxt bu etiraflar böyük qalmaqala səbəb oldu. İndiki faktlar isə 2015-2020-ci illərə aiddir. Ondan əvvəl bütün müharibə dövründə Rusiya Ermənistanın arxasında dayanırdı, hərbi cəhətdən, şəxsi heyət sarıdan, texnika ilə, silah-sursatla kömək edirdi. İndi bu faktlar bir-bir açılır. Hələ çox faktlar ortaya çıxacaq, onların hamısı bir-bir danışacaq. O cümlədən, özünü lal və kar yerinə qoyan Vardanyan da danışacaq. 2015-2020-ci illərdə bu kütləvi qırğın silahının – “S-300”-ün Şuşada yerləşdirilməsi Putin rejiminin cinayətlərinin göstəricisidir. Yəqin “S-400”-ün Şuşada olması ilə bağlı da məlumatlar ortaya çıxacaq. Rusiya öz intriqalarından geri çəkilmirdi, tam şəkildə Ermənistanın arxasında idi. Bu məhkəmədə ortaya çıxan faktlar onların cinayətlərini göstərir. Bunun bir tərəfi də odur ki, yeni-yeni şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır, o cümlədən, o dövrdə Rusiyada hakimiyyətdə olan Putin. Bu fakt ona aydın şəkildə göstərilsin. Onların indiki narahatlığı da onunla bağlıdır, onlar Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Rusiyanın məlumatı var ki, bu məhkəmənin gedişində birbaşa Rusiyanı ittiham və ifşa edən, Rusiya hakimiyyətinin cinayətlərini ortaya çıxaran faktlar var. Ona görə, Rusiya Azərbaycana qarşı bu cür mövqedən çıxış edir. Azərbaycan bu məsələnin üzərində diqqətlə dayanmalıdır, bu, beynəlxalq təsisatlara təqdim edilməlidir və cinayət məsuliyyətinə cəlb olunması üçün Putinlə bağlı məsələni qaldırmalıdır. Onunla bağlı təhqiqat işi açılmalıdır, Azərbaycan heç nədən çəkinməməlidir.
SSRİ deyilən Sovet imperiyasının rəhbəri Qorbaçova qarşı ilk məhkəmə prosesi Azərbaycanda başladı. Bu addım Putinlə bağlı da atılmalıdır”.
A.Nağı qeyd etdi ki, Rusiya bu gün Azərbaycana qarşı sərt mövqe ortaya qoymağa çalışır və bunun da kökündə Azərbaycanın 44 günlük müharibədə həm Ermənistana, həm də onun arxasında dayanan Rusiyaya qalib gəlməsi durur. O qeyd etdi ki, həmin vaxtdan bugünə qədər Rusiya rəhbərliyini qıcıqlandıran bu amildir.
Məhkəmədə sözü keçən “S-300” raketlərini Şuşada yerləşdirməklə Rusiyanın strateji planı regionda öz mövqeyini möhkəmləndirmək idi. Regiondan çıxmaq haqda düşünmürdü”.
A.Nağı vurğuladı ki, 2015-2020-ci ildə, İkinci Qarabağ müharibəsi ərəfəsində Rusiya bu cür silahları orda yerləşdirməklə mövqelərini möhkəmləndirirdi. “Ola bilərdi ki, o raketi müəyyən bir müddətə Ermənistanın ixtiyarına veriblər, amma çox böyük ehtimalla, Rusiyanın öz mütəxəssisləri o raketə nəzarət edirdilər. Ola bilsin, “S-300”-dən Rusiya öz məqsədləri üçün də istifadə etmək niyyəti güdüb. Ola bilərdi ki, bu, Azərbaycana, ola bilərdi Türkiyəyə qarşı olsun. Məqsədləri kimə qarşı idi, hansı hədəfləri əldə etmək istəyirdilər? Bu barədə müxtəlif versiyalar səsləndirmək olar. Burda bir məsələ şübhəsiz idi ki, Rusiya regiondan çıxmaq istəmirdi və Qarabağda qüvvələrini artırırdı. Onun ardınca ora daha çox sayda “S-300”, “S-400”lər və başqa kütləvi qırğın silahları gətirməklə orda özünə ciddi bir meydança düzəltməyə çalışırdı ki, birdəfəlik bölgədə qalsın və eyni zamanda Cənubi Qafqaza yaxın olan regionları nəzarətdə saxlasın”-deyə A.Nağı bildirdi.
İradə SARIYEVA