AZ

Qarabağa dair 9 noyabr sənədi üzərində qeyri-müəyyənlik qatılaşır...


Elşad Həsənov: “Bütün bunlar Rusiyanın yersiz inadkarlıq göstərməsi anlamına gəlir”

“Bu, sadəcə bir ifadədir və eyni şeyi baş nazirin öz bəyanatı haqqında da demək olar”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Nikol Paşinyanın 9 noyabrın keçmişdə qalması ilə bağlı bəyanatını şərh edərkən belə deyib.

M.Zaxarova brifinq zamanı vurğulayıb ki, 2020-2022-ci illər üçün üçtərəfli sazişlər aktuallığını qoruyur, heç bir tərəf onlardan geri çəkilməyib və bununla bağlı sənədlər öz qüvvəsini itirməyib.

Ermənistan baş naziri Nikol Paşinyan deyir məlum bəyanat qüvvəsini itirib, Zaxarova deyir itirməyib. Bu necə olur? 9 noyabr sənədinin qüvvədən düşməsi üçün hansı addım atılmalıdır ki? Əgər Azərbaycanla Ermənistan avqustun 8-də Vaşinqtonda yeni razılaşmaya daxil olursa o zaman Zaxarovanın nəzərdə tutduğu üçtərəfli saziş necə aktuallığını qoruyur?

“Bu o deməkdir ki, Moskva 8 avqustda Vaşinqtonda yaranan yeni reallığı qəbul etmək istəmir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Paşinyan açıq bəyan etdi ki, 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanat qüvvəsini itirib: “O da, təbii ki, 8 avqustda Vaşinqtonda imzalanan razılaşmadan çıxış edərək bu qənaətə gəlir. Məsələ ondadır ki, Vaşinqton razılaşmasına əsasən, Zəngəzur dəhlizinin (Tramp yolu) idarəçiliyi 99 il müddətinə ABŞ şirkətinə veriləcək. Belə olanda, təbii ki, ortalığa sual çıxır. Əgər dəhliz ABŞ şirkətinə icarəyə veriləcəksə, o zaman 2020-ci ildə Rusiyanın iştirakı ilə imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndi kimə lazımdır? Avtomatik olaraq hüquqi qüvvəsini itirir. Ermənistan onsuz da dəhlizə Rusiyanın nəzarət etməsini istəmirdi. Belə olmasaydı, ötən 5 ildə Rusiyanın nəzarəti təmin olunardı. Bütün bunların fonunda, Zaxarova bəyan edir ki, 2020-ci ildə imzalanan üçtərəfli saziş aktuallığını qoruyur. Bu isə Rusiyanın yersiz inadkarlıq göstərməsi anlamına gəlir. Bu o deməkdir ki, Moskva 8 avqustda Vaşinqtonda yaranan yeni reallığı qəbul etmək istəmir. Təsadüfi deyil ki, Paşinyan Çində Putinlə görüşdə sözügedən məsələyə toxunmadı. Rusiya ona görə belə müqavimət göstərir ki, Cənubi Qafqazı itirmək istəmir. Çünki Rusiyanın regionda yalnız Ermənistanda hərbi bazaları, sərhəd qoşunları mövcuddur. Paşinyanın son hərəkətləri, Vaşinqtonda imzalanan sənədlər və sülh müqaviləsi bəndlərinin paraflanması Rusiyanı həddən artıq qıcıqlandırıb. Maraqlıdır ki, bütün bu baş verənlərin fonunda, Rusiya Gümrüdəki 102-ci hərbi bazasını daha da gücləndirib. Ora mütəmadi olaraq silah-sursat və hərbiçilərini daşıyır. Görünən odur ki, son baş verənlərlə Moskva barışmaq istəmir və açıq əzələ nümayiş etdirir. Həmçinin, Ermənistanda olan Rusiyapərəst müxalifəti, kilsəni Paşinyana qarşı toparlamağa çalışır. Ermənistanda Rusiyapərəst qüvvələr əvvəlki illərlə müqayisədə zəif olsa da, Moskva onları təşkilatlandırmağa çalışır. Ancaq düşünmürəm ki, Rusiya Ermənistanda öz məqsədlərinə çatsın. Birincisi, bütün resurslarını Ukraynaya yönəldib və orada gedən müharibə Rusiyanı zəiflədir. İkincisi, Avropa İttifaqından sonra ABŞ-ın Ermənistana diqqəti artırması Paşinyanın mövqelərini gücləndirir. Üçüncüsü, Ermənistanda müxalifətin lider problemi var. Elə Rusiyapərəst, xarizmatik lider yoxdur ki, müxalif qüvvələri ətrafında təmərküzləşdirə bilsin. Əvvəlki prezident Levon Ter-Petrosyan çox yaşlıdır və elə bir nüfuzu da qalmayıb. Sabiq prezident Robert Köçəryandan isə danışmağa dəyməz. Çünki Ermənistanı uçuruma aparanlardan biri məhz elə Köçəryan olub. O baxımdan son illər Paşinyanın reytinqi nə qədər aşağı düşsə də, revanşist müxalifət liderlərindən daha nüfuzludur. Bütün bunlar nəticə etibarı ilə Ermənistandakı mövcud hakimiyyətin xeyrinə işləyir”.

Vidadi ORDAHALLI

Seçilən
14
baki-xeber.com

1Mənbələr