AZ

Kim Çen In Pekinə zirehli qatarla yola düşdü

Şimali Koreya lideri ənənəni davam etdirərək təhlükəsizlik və diplomatiya məqsədilə qatarla səyahət edir...

Poliqon xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In bu gün Pxenyanı tərk edərək qatarla Çinə – Pekinə yola düşüb. Reuters-in məlumatına görə, bu addım Pxenyan rəhbərliyinin onilliklərdir davam etdirdiyi ənənənin davamıdır.

Mütəxəssislər bildirirlər ki, Kimin hansı qatardan istifadə etdiyi dəqiq məlum olmasa da, onun əvvəllər zirehli və xüsusi təchizatlı qatarlarla səfər etdiyi ehtimal olunur. Belə qatarlar təhlükəsizlik, geniş müşayiət heyəti, qida təminatı və danışıqlar üçün rahat mühit yaradaraq dövlət başçısına şərait yaradır.

Kim Çen In hakimiyyətə gəldiyi 2011-ci ildən bəri Çin, Vyetnam və Rusiyaya səfərlərini məhz qatar vasitəsilə həyata keçirib.

Cənubi Koreyalı ekspert An Byon Min bildirib ki, təhlükəsizlik səbəbindən Şimali Koreya rəhbərliyi birdən çox qatardan istifadə edib. Onun sözlərinə görə, adətən bu qatarlar 10-15 vaqondan ibarət olur: bəziləri liderin şəxsi istifadəsinə – yataq otağına, bəziləri isə mühafizəçilərə və tibb heyətinə ayrılır. Həmçinin qatarlarda Kimin ofisi, rabitə avadanlıqları, restoran və hətta iki zirehli “Mercedes” avtomobili üçün yer nəzərdə tutulur.

Şimali Koreyanın qurucusu və Kim Çen Inın babası Kim İr Sen də 1994-cü ildəki ölümünə qədər beynəlxalq səfərlərində dəmir yolunu üstün tutub. Kim Çen Inın atası Kim Çen Ir isə Rusiyaya səfərlərində yalnız qatarla hərəkət edib. 2001-ci ildə onun 20 min kilometrlik Moskva səfəri Şimali Koreya tarixində ən uzun səfərlərdən biri kimi yadda qalıb. Kim Çen Ir 2011-ci ildə vəfat edərkən də qatarda olub və həmin vaqon bu gün Pxenyandakı mavzoleydə nümayiş etdirilir.

Qatarlar həmçinin ölkə daxilində Kimin xalqla görüşlərini işıqlandıran dövlət təbliğatının mərkəzi elementlərindən biri olaraq qalır.

Poliqon.info

Seçilən
110
50
poliqon.info

10Mənbələr