Qasım Hacıyev: “Bu separatçılar hər sifətə düşməyə adət ediblər vəonlarla həmrəy olmayanlarla həmişə düşmən olublar”
Ermənistanda tarix dərsliklərinin başdan-ayağa saxta, uydurma məlumatlarla dolu olduğunu bilməyən yoxdur. Saxtakarlıq o həddə çatıb ki, hətta Ermənistanın Baş naziri N.Paşinyan da dərslik müəlliflərinə real tarixi yazmağı tövsiyə edib.
Paşinyanın tövsiyəsini bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi artıq nəzərə almağa başlayıb. Belə ki, IX sinif “Ermənistan tarixi” dərsliyinin 2023-cü ilin payızında ermənilərin Qarabağdan köçüb getməsi ilə bağlı bölməsində
Samvel Şahramanyanın Qarabağdakı keçmiş qondarma qurumun ləğvi haqqında fərman imzaladığı da əks olunub. Keçmiş “DQR-in” ləğvi haqqında" fərman imzaladığını inkar edən Samvel Şahramanyan bu fakt dərsliyə salındıqlarına görə IX sinif “Ermənistan tarixi” dərsliyinin müəlliflərinə, eləcə də Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə və digər məsul şəxslərə qarşı iddia qaldıracaq.
Bu barədə vəkil Roman Yeritsyan məlumat verib.
İddia edirlər ki, dərslikdə guya tarixi faktlar təhrif olunub. Vəkil deyib ki, “Ermənistanın tarixi” dərsliyinin müəlliflərinə, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə, eləcə də digər məsul şəxslərə qarşı iddia qaldırılaraq, “prezidentlə” bağlı “böhtan xarakterli” məlumatların təkzib edilməsi tələb ediləcək. Şahramanyan dərslikdə gedənlərin guya saxta olduğunu iddia edir. Əvvəla, Azərbaycan üçün bunun heç bir əhəmiyyəti yoxdur. İkincisi, bu faktdır ki, 2023-cü il sentyabrda Şahramanyan sözügedən fərmanı imzaladı, bununla da ermənilərin Qarabağdan köçüb getməsinin əsasını qoydu. Çünki o fərmanla Qarabağdan ermənilərin köçüb getməsinə bir təhlükəsizlik zəmanəti aldı. Bu baxımdan bizim üçün bunun əhəmiyyəti yoxdur, ammaŞahramanyanın bu fərmanı imzalaması tarixi faktdır, o bu qərarı verib.
“...Həmişə gerçəklikdən qorxurlar, onlar reallıqla üz-üzə qalmağı faciə sayırlar”
Tarix elmləri doktoru, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, bütün dünyanın bildiyi bir faktın “Ermənistan tarixi” dərsliyində yer almasının Şahramanyanı qıcıqlandırması təəccüblü görsənmir, çünki o, hələ də separatizmdən əl çəkməyib. Q.Hacıyev qeyd etdi ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərindən sonra qondarma "Artsax" özünü buraxmaq barədə qərar qəbul etdi və keçmiş qondarma qurumun ləğvi ilə bağlı qərar 2024-cü ilin ilk günündə-yanvarın əvvəllərində qüvvəyə minməli olsa da, indiyə qədər bu baş verməyib. “Siyasi oyunbazlıqdan əl çəkmək istəməyən Ermənistandakı separatçı qüvvələr gerçəkliklərlə qətiyyən üzləşmək istəmirlər. Yeni siyasi oyunlarla məşğul olub ətrafın diqqətini yenidən öz “problemlərinə” yönəltməyə çalışırlar. Keçmiş qondarma qurumun özünü buraxması ilə əlaqədar məsələyə yanaşmada ermənilərin öz aralarında ciddi fikir ayrılığı var. Ermənistan hökuməti, bu ölkənin əlaqədar qüvvələri artıq rəsmən göstərirlər ki, “Arsax” adlı özfəaliyyət qurumu yoxdur, ləğv edilib, iki il əvvəl onun buraxılması ilə bağlı qərar qəbul edilib, bu da tarixi fakt kimi dərsliyə salınıb. Gerçəkliyi separatçılıq niyyətindən əl çəkməyən Şahramanyan və onun kimiləri qəbul etmək istəmirlər, onlar istəyirlər ki, yalanları, saxtakarlıqları davam etsin. Faktiki olaraq, ermənilər həmişə gerçəklikdən qorxurlar, onlar reallıqla üz-üzə qalmağı faciə sayırlar. Yalanlardan, saxtakarlıqlardan əl çəkib gerçəkliklə barışmaq istəməyən Şahramanyan erməni Qriqoryan kilsəsinin və Rusiyanın təsiri ilə hərəkət edir. Erməni kilsəsi separatizmi, revanşizmi qızışdırır ki, Paşinyan hökumətinə təsir etsin. Ermənistan hökuməti isə real Ermənistan haqqında düşünməyi, dərslikllərin, kitabların bu yöndə yazılmasını təşviq edir. “Ermənistan tarixi” dərslikləri Azərbaycana, Türkiyəyə, Gürcüstana qarşı ərazi iddilaları, yalan məlumatlarla “zəngin” olub həmişə. İndi Təhsil Nazirliyi hökumətin tapşırığına əməl edərək müəyyən reallıqları əks etdirməyə çalışır, buna da separatçılar “təhrif” donu geydirməyə çalışırlar. Onlar öyrəşiblər ki, dərslikdə Qarabağ Ermənistan “ərazisi” kimi yazılsın, indi görünür, yeni dərsliklərdə belə yazılmadığı üçün bunlar qıcıqlanır”.
Q.Hacıyev bildirdi ki, Ermənistan hökuməti indi tamam başqa yönə köklənib və bu da daxildəki Rusiyapərəst və kilsəpərəst qüvvələri narahat edir, ona görə də bu cür qarşıqlıq yaratmağa çalışırlar. “Samvel Ermənistana gedən kimi onlarla “qoç” kimi döyüşməyə başladı, “Arsaxı” ləğv etdilər, Qarabağdan erməniləri “qovdular”, “Arsaxı” “diriltməliyik” və sair kimi davranışlar sərgiləyib məsələyə siyasi don geydirməyə çalışdı. Ona Ermənistan rəhbərliyi açıq bildirdi ki, sən “DQR”-in buraxılması haqqında sənədə imza atmısan və bu qondarma qurum artıq yoxdur. Paşinyan onun öz silahı ilə özünü vurub susdurdu ki, bu addımı sən atmısan, bizdən başqa heç nə istəmə.
Vaşiqton görüşündən Rusiya, Fransa kimi dövlətlər, eləcə də erməni kilsəsi ciddi narahatlıq keçirdi. Həmin ölkələr gizlində Samvelə dəstək verib separatizimi yenidən tərpətmək istəyirlər. Samvel “Ermənistan tarixi” dərsliyinin müəlliflərinə, Təhsil Nazirliyinəqarşı məhkəmə davası açmaqla, guya özünün “haqlı olduğunu” ortaya qoymaq istəyir. Amma Şahramanyanın imzaladığı qərarın üstündən illər keçməyib ki, o iki il bundan əvvələ aiddir. Bu separatçılar hər sifətə düşməyə adət ediblər vəonlarla həmrəy olmayanlarla həmişə düşmən olublar.
...Keçmiş “dövlət naziri” Vardanyan qadın paltarı geyib qaçmaq istəyirdisə, Şahramanyandan bundan artıq nə gözləmək olar? Heç nə. Bir faktı da deyim ki, Azərbaycan hökuməti erməniləri Qarabağdan qovmayıb, onlar özləri gediblər. Daha dəqiqini desək, Şahramanyan və onların arxasında duranlar ermənilərin Qarabağdan köçməsinə səbəb olub. Şahramanyan yəqin istəmir ki, bunu sadə ermənilər bilsin, ona görə səs-küy salır”-deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA