Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin iqtisadiyyatlarının həcmi 30 trilyon dollara yaxınlaşıb və təşkilatın iqtisadi təsiri artır. Bunu Çin sədri Si Cinpin deyib. O, ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasında bildirib:
“Şanxay Əməkdaşlıq Təşkilatı bu gün 26 iştirakçını birləşdirən, 50-dən çox sahədə əməkdaşlıq edən, ümumi iqtisadi potensialı 30 trilyon dollara yaxınlaşan dünyanın ən böyük regional təşkilatına çevrilib”.
Qeyd edək ki, bu nəhəng təşkilatla artıq Azərbaycan da sıx əməkdaşlıq edir. Çinin Tiencin şəhərində Azərbaycan prezidenti İlham Əliyevin Çin xalq respublikasının sədri Si Cinpin ilə görüşündə bu müstəvidə əməkdaşlıq da diqqət mərkəzində yer alıb. Çin Xalq Respublikasının sədri bildirdi ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəkləyir. Qeyd edək ki, 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilən təşkilata sonradan Pakistan, Hindistan, İran və Belarus da qoşulub. Bundan başqa, hazırda qurumun 2 müşahidəçi üzvü, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla, 14 dialoq tərəfdaşı var. Daha bir neçə ölkə dialoq tərəfdaşı statusu almaq üçün müraciət edib. Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin edir. Onu da qeyd edək ki, daha çox ticari əlaqələri özündə ehtiva edən ŞƏT, həmçinin aid olduğu bölgədə regional təhlükəsizlik, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirləri çərçivəsində daha dərin əməkdaşlıq nəzərdə tutur. Sülhün və stabilliyin vacib təməlləri kimi bu sahələrdə qarşılıqlı əməkdaşlıq, nəqliyyat və enerji infrastrukturlarının inkişafı, iştirakçı ölkələr arasında kiberçağırışlar və rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığı gücləndirir. Azərbaycan ŞƏT-in iclas və forumlarında fəal iştirak edir, təşkilatın fəaliyyətinə və qərarların müzakirəsinə töhfə verir. Ölkəmiz siyasi, iqtisadi və humanitar əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirir, həmçinin terrorizm və narkotik ticarəti ilə mübarizə kimi təhlükəsizlik təşəbbüslərində iştirak edir. Dialoq formatı əsasən mövcud əməkdaşlığın gücləndirilməsinə xidmət etsə də, onun hədəfi siyasi, iqtisadi və humanitar tərəfdaşlığın daha da inkişafı üçün möhkəm zəmin yaratmaqdır. Azərbaycan üçün ŞƏT platforması Asiyanın böyük güclərini birləşdirən nüfuzlu qurum olaraq böyük əhəmiyyətə malikdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, prezident İlham Əliyev ilk dəfə 2022-ci ildə ŞƏT-in Səmərqənd Sammitində fəxri qonaq qismində iştirak edib və sonrakı illərdə Azərbaycan–ŞƏT əməkdaşlığı yüksələn xətt dinamikasına malik olub. ŞƏT həm də Azərbaycanın öz səsini və mövqeyini dünyaya çatdırması üçün vacib platformaya çevrilib. Marşrutları Azərbaycan ərazisindən keçən Şimal–Cənub və Şərq–Qərb nəqliyyat layihələrinin reallaşmasına gözləntilərin artması ilə ölkəmizin ŞƏT dövlətləri üçün əhəmiyyəti daha da çoxalıb.
ŞƏT-in beynəlxalq cəlbediciliyinin onun hansısa bloka daxil olmamasıdır. Qurum üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörməti, daxili işlərə qarışmaqdan imtina etməsi və münaqişələrin qarşısının alınmasında iştirak baxımından da cəlbedicidir. Hesab edilir ki, ŞƏT müxtəlif mədəni və sivilizasiya daşıyıcılarına, öz xarici siyasət istiqamətlərinə və milli inkişaf modellərinə malik olan ölkələri birləşdirməyə nail olmuş unikal dövlətlərarası strukturdur. Aparılan dəyərləndirmələr göstərir ki, ŞƏT-in təkcə kəmiyyət zənginləşdirməsi ilə deyil, həm də yeni strateji vektorların kəşfi yolu ilə transformasiya və inkişaf üçün gözəl perspektivləri var. Bunlar nəqliyyat və əlaqə, enerji, ərzaq və ekoloji təhlükəsizlik, innovasiya, rəqəmsal transformasiya və “yaşıl iqtisadiyyat”dır. Yuxarıda qeyd edilənlər fonunda təəccüblü deyil ki, Azərbaycan ŞƏT-lə əməkdaşlığa böyük önəm verir. ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirmək, müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır. Hələ 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Ölkəmizlə əməkdaşlıq ŞƏT-in özü üçün də olduqca cəlbedicidir. Xüsusən Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi burada öz sözünü deyir. Zəngəzur dəhlizinin açılması da ŞƏT üçün də nəqliyyat-logistika sferasında əlavə üstünlüklər yaradacaq. ŞƏT-də Çinin aparıcı rolu var. Son illər Azərbaycan-Çin münasibətlərinin sürətlə inkişafı ölkəmizin ŞƏT ilə əməkdaşlığına da müsbət təsir göstərib. Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. İqtisadi, hərbi potensialını sürətlə gücləndirən Çinin müasir dünyada siyasi proseslərə, beynəlxalq münasibətlərin formalaşmasına təsir imkanlarının da dinamika şəkildə artması müşahidə edilir. Çin Si Cinpinin rəhbərliyi ilə dünya iqtisadiyyatının ən qüdrətli mərkəzlərindən birinə çevrilməklə yanaşı, artıq qlobal siyasətdə də lider ölkələrdən biri statusunu qazanıb. Yeni dünya düzənində Çinin həm güclü iqtisadiyyatı, həm də siyasi iradəsi ilə daha böyük rol oynayacağı heç kəsdə şübhə doğurmur. Bu baxımdan Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir. Bəlli olduğu kimi, Çin, eyni zamanda, beynəlxalq arenada birqütblülüyün bərqərar olmamasının əsas qarantıdır. Çinin proseslərə siyasi, iqtisadi yanaşması bir çox dünya ölkələrinin, o cümlədən Azərbaycanın bu dövlətlə münasibətlərini daha dinamik formada inkişaf etdirməsinə rəvac verir. Qeyd edilənlər çərçivəsində ŞƏT-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın maraqlarına tam cavab verir. Bu, ölkəmizin beynəlxalq əlaqələrində yeni səhifə açmaqla yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir. Bütün bunların nzəərə alınması Azərbaycana əlavə manevr imkanları qazandırır.
Ramil QULİYEV