Vüqar Bayramov: “Bu, beynəlxalq yükdaşımalarda dəhlizlərin daha da genişləndirilməsinə gətirib çıxaracaq”
Prezident İlham Əliyev Çinin aparıcı şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirib.
Səfər çərçivəsində ölkə başçısı Çinin Tiencin şəhərində "CCCC" (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşüb. Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılaraq, ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığı bildirilib. Həmçinin Transxəzər nəqliyyat dəhlizinin inkişafı və Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsində bu şirkətin iştirakına dair fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Prezident Əliyev "CETC" (China Electronics Technology Group Corporation) korporasiyasının baş direktoru Cu Pen, "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ, "China Energy Engineering Corporation Limited" ("Energy China") şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşüb.
Bütün bu deyilənlərin fonunda, Prezidentin şirkət rəhbərləri ilə Çində ikitərəfli görüşlər keçirməsi iqtisadi baxımdan ölkəyə nə verəcək?
“Çin şirkətləri ilə əlaqələrin genişlənməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə verə bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Çin dünyada ən çox sərmayə qoyuluşları həyata keçirən ölkələrdən biridir: “Bu sırada, təbii ki, Çin şirkətləri də aktivliyi ilə seçilir. O baxımdan Azərbaycan Çinlə iqtisadi əlaqələri sərmayə qoyuluşlarının genişləndirilməsi, qarşılıqlı investisiya layihələrinin reallaşması formasında davam etdirmək istəyir. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Çin arasında strateji əməkdaşlıq mövcuddur. Bu da iki ölkə arasında şirkətlərin qarşılıqlı olaraq sərmayə portfelinin genişləndirilməsinə imkan yaradır. Eyni zamanda nəzərə almaq lazımdır ki, hər iki ölkə qarşılıqlı olaraq vizasız rejim tətbiq edib. Bu da, təbii ki, biznesin inkişafını və qarşılıqlı əməkdaşlığı stimullaşdıran faktorlardan biridir. Ona görə də hesab edirəm ki, cənab Prezidentin Çin şirkətləri rəhbərləri ilə görüşü bir tərəfdən Azərbaycana daha çox sərmayənin cəlbinə imkan yaradacaq, digər tərəfdən həm də nəticə etibarı ilə, xüsusən beynəlxalq yükdaşımalarda dəhlizlərin daha da genişləndirilməsinə gətirib çıxaracaq. Çünki nəzərə almaq lazımdır ki, əsasən Orta Dəhlizin genişləndirilməsi əsas prioritetlərdəndir. Bu baxımdan şirkətlərin nəqliyyat-logistika sahəsində əməkdaşlıq perspektivləri böyükdür. Eyni zamanda enerji sahəsində daha sıx əməkdaşlıq qurulacağı gözlənilir. Bu konteksdən Azərbaycan Prezidentinin Çinə səfəri birmənalı şəkildə iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Bununla yanaşı, Çin şirkətləri ilə əlaqələrin genişlənməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə verə bilər. Nəzərə almaq lazımdır ki, bununla bağlı Çin şirkətlərinin imkanları genişdir və bundan maksimum faydalanmaq lazımdır”.
Vidadi ORDAHALLI