Ermənistanın baş naziri və Rusiya prezidentinin Çində, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşü olub. Kremlin məlumatına görə, Vladimir Putin Nikol Paşinyanla danışıqlar aparmaq fürsətindən şad olduğunu bildirib, qeyd edib ki, müzakirə üçün həm ikitərəfli, həm də regional xarakterli çoxsaylı məsələlər yığılıb:
“Ümid edirəm ki, görüşümüz, adətən hər görüşümüz zamanı olduğu kimi, faydalı və mənalı olacaq”.
Paşinyan da öz növbəsində qeyd edib ki, gündəmin dolğun olduğuna əmindir: “Mən bizim aramızda yaranmış tərəfdaşlıq və dialoqdan çox şadam, həm şəxsi dialoqumuzu, həm də əlbəttə ki, qardaş ölkələrimiz arasında çox fəal dialoqu nəzərdə tuturam”. Söhbətdən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tərəflərin yaxşı söhbət etdiklərini deyib. Ermənistan Respublikasının baş nazirinin dəftərxanası əlavə edir ki, tərəflər Ermənistan və Rusiya arasında davamlı və fəal dialoqu yüksək qiymətləndirərək, həm yüksək səviyyəli şəxsi əlaqələri, həm də dövlətlərarası institusional əməkdaşlığı vurğulayıblar. Görüş zamanı regional və beynəlxalq əhəmiyyətli məsələlər də müzakirə olunub. Amma erməni mediası Rusiyadan yaxşı heç nə gözləmədiklərini bildirir. Bu xüsusda “armenianreport” portalı yazır: “Rusiya Luqansk vilayətinin 99,7%-nə, Donetsk vilayətinin 79%-nə, Zaporojya vilayətinin 74%-nə və Xerson vilayətinin 76%-nə nəzarət edir. Bütün bunları Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gerasimov açıqlayıb. O, həmçinin Sumı vilayətində 210 kvadrat kilometr ərazinin və 13 yaşayış məntəqəsinin rus qoşunlarının nəzarətinə keçdiyini bildirib. Dnepropetrovsk vilayətində 7 yaşayış məntəqəsi ələ keçirilib. Bunun nə qədər olduğunu anlamaq üçün regionların rəsmi ərazilərini xatırlamaq kifayətdir. Luqansk - 26 684; Donetsk - 26 517; Zaporojya — 27 183; Xerson — 28,461. İndi Gerasimovun ifadə etdiyi faizləri yenidən hesablayaq. Deməli dörd vilayət üzrə cəmi 89,298 kvadratkilometr. Sumidə elan edilmiş 210 kvadratkilometri əlavə etsək, 89,508 kvadratkilometr alırıq. Müstəqil hesablamalara görə (Krım daxil olmaqla) Rusiya Federasiyasının faktiki ümumi nəzarəti: 114,500 kvadratkilometrdir. Bu baxımdan ölkəmizin böyüklüyünü xatırlatmalıyıq? Bəli, Rusiya 2014-cü ildən üç yarım Ermənistan boyda ərazisini zəbt edib! Qərbin köməyinə arxalanmağın cinayətkarlığını, xain mahiyyətini anlamaq üçün daha hansı rəqəmlərə istinad etmək lazımdır?! Daha bir neçə rəqəm gətirəcəyik, onlarla tanışlıq hər kəsi ayıq-sayıq etməlidir. Tam miqyaslı işğaldan əvvəl Rusiya Krımı və Donbasın bir hissəsini - cəmi 44 min kvadratkilometr, Ukrayna ərazisinin təxminən 7%-nə nəzarət etdi. “Kyiv Post”un hesablamalarına görə, 24.02.2022-ci ildən sonra tutulan ərazi 70.474 kvadratkilometrdir. Bu, Ermənistandan 2,37 dəfə çoxdur. Yəni Rusiyanın genişmiqyaslı işğalından əvvəl də, ondan sonra da kollektiv Qərb qorxaqlığını, Kremlin planlarına müqavimət göstərə bilmədiyini nümayiş etdirir.
Ukrayna xalqının əsl faciəsi isə odur ki, sükan arxasında savadsız, lakin dəhşətli dərəcədə narsist xarakterli, pul müqabilində camaatı güldürməyə öyrəşmiş dünənki komediya aktyoru dayanır. O, artıq ölkəni çökdürüb, amma vəziyyət daha da pisləşəcək. Rusiya dayanmaq fikrində deyil. Xüsusilə, Rusiya ordusu Pokrovsk yaxınlığında 100 mindən çox şəxsi heyətini saxlayır və strateji yenidən qruplaşmadan sonra ruslar payız-qış hücumunu həyata keçirməyə - şəhərə girib orada döyüşməyə çalışacaqlar. Bu fikri “Espresso”nun efirində Ukrayna Könüllülər Ordusunun nümayəndəsi Sergey Bratçuk deyib. Ukrayna isə buna qarşı dura bilməyəcək. Onsuz da ciddi şəkildə silah qıtlığı var, daha çox insan qıtlığı var. Gənclər ölkədən qaçır. Çünki hər şeyin necə cəhənnəmə doğru getdiyini, doğulub boya-başa çatdıqları dövlətin necə itdiyini görürlər. Onlar hökumətlərinin nə qədər korrupsioner və axmaq olduğunu görürlər. Ancaq bu hamısı deyil. Avropa ölkələri Ukraynanı daha da dəstəkləmək üçün "külli miqdarda vəsait çatışmazlığı" yaşayır. Bunu brifinqdə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas deyib. Ukraynanın ehtiyaclarını ödəyə biləcək dondurulmuş Rusiya aktivlərinin mümkün müsadirəsi ilə bağlı məsələni şərh edən Aİ-nin baş diplomatı xatırladıb ki, bunun üçün blokun bütün ölkələrindən “yekdil qərar” lazımdır. Əslində o, vacib açıqlama verdi - tezliklə hətta Ukraynanın müttəfiqlərinin də onu dəstəkləmək üçün vəsaitləri tükənəcək. Bu isə o deməkdir ki, Ukraynanın döyüş meydanında süqutu sürətlənəcək və o, təslim olmağa razılıq verməli olacaq, amma indikindən qat-qat pis şərtlərlə. Bütün bunlar isə “Qərb bizə kömək edəcək” nağıllarına inanaraq Ermənistanı eyni uçuruma sürükləməkdə davam edənlərin hamısı üçün gözəl dərsdir”. Ermənistanın “Past” nəşri isə yazır ki, bütün bunlara baxmayaraq, Paşinyan Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında Avropa qurumunu seçib. Nəşr qeyd edib ki, Ermənistan parlamenti 2025-ci ilin martında “Avrointeqrasiya haqqında”, Aİ-yə üzvlük prosesinə başlamaq barədə qanunu qəbul edib: “Bundan sonra Rusiya Ermənistana dəfələrlə xəbərdarlıq edərək bildirib ki, bu, ciddi nəticələrə səbəb ola bilər, hətta bütün nəticələri ilə birlikdə Ermənistan Aİİ-dən çıxarıla bilər. Onlar Ermənistana Aİİ-dən aldığı imtiyazları xatırladaraq qeyd ediblər ki, qurumu tərk etdiyi halda ağır iqtisadi nəticələr qaçılmaz olacaq. Son dəfə hətta Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Paşinyanla danışaraq mümkün fəsadlardan bəhs edib. Paşinyan bu günlərdə Ermənistanın Aİİ-dən çıxma ehtimalını da istisna etməyib. O xatırladıb ki, Aİ-yə üzvlük prosesi başlamaq barədə qanun qəbul edildikdən sonra bəyan etmişdi ki, Aİ-yə və Aİİ-ə eyni vaxtda üzv olmaq mümkün deyil. “Seçimin qəti və qaçılmaz olacağı bir məqam gələndə, biz müvafiq qərar qəbul edəcəyik”, - deyə Paşinyan bildirib və əlavə edib ki, bu seçim xalqın iradəsindən, cari vəziyyətdən, danışıqlar prosesindən, imkanlar və alternativlərin təhlilindən asılı olacaq. Hal-hazırda imkanlar və alternativlər barədə heç bir təhlil yoxdur. Ermənistan Aİ-yə cüzi miqdarda məhsul ixrac edə bilir, çünki Ermənistan məhsulları Aİ-nin tələb olunan standartlarına cavab vermir və heç bir iqtisadi analiz sübut etmir ki, Aİİ-dən çıxmaq və Aİ-yə üzvlük müraciəti etmək Ermənistan üçün faydalı ola bilər. Əksinə, Aİ-də Ermənistanı gözləyən yoxdur, heç bir meyar yoxdur, heç bir iqtisadi analiz yoxdur. Amma AİB-dən çıxmağın nəticələri açıq-aşkar ortadadır və hakimiyyətin bu addımları həmin ssenarinin reallığa çevriləcəyinə heç kimin şübhə etməməsinə səbəb olur”.
Nahid SALAYEV