Tural İsmayılov: "Kiçik modul reaktor texnologiyaları və aşağı karbonlu enerji sistemlərinə keçid Rusiyanın bazardakı dominantlığını zəiflədə bilər"
Ermənistan Respublikasının hökuməti ilə ABŞ arasında imzalanan üc memorandumdan biri "Enerji Təhlükəsizliyi üzrə Memorandum" olub.
Bu sənəd energetika sektorunda əməkdaşlığin aşağıdakı istiqamətlərini inkişaf etdirməyi nəzərdə tutur:
- sivil nüvə energetikasına, o cümlədən kiçik modul reaktor texnologiyalarına yönəlik əməkdaşlıq;
- aşağı karbonlu enerji sisteminə keçid, enerji infrastrukturunun təhlükəsizliyi və kiber müdafiənin gücləndirilməsi;
- enerji ötürmə və paylama şəbəkələrinin modernləşdirilməsi;
- regional enerji ticarətində iştirak məqsədilə investisiyaların təşviqi.
Məlum olduğu kimi, Ermənistanın energetika təsərrüfatı Rusiya şirkətlərinin inhisarındadır. Bu istiqamətdə ABŞ-Ermənistan əməkdaslığı Rusiyanın bu bazardan çıxarılmasını hədəfləyə bilərmi?
Siyasi şərhçi Tural İsmayılov məsələ barədə baki-xeber.com saytına açıqlamasında bildirib ki, ABŞ və Ermənistan arasında imzalanan “Enerji Təhlükəsizliyi üzrə Memorandum” region üçün strateji əhəmiyyət daşıyır: "Sənədin məqsədi Ermənistanın enerji sektorunda əməkdaşlığı diversifikasiya etmək, sivil nüvə enerjisi, kiçik modul reaktorlar və aşağı karbonlu enerji sistemlərinə keçidi sürətləndirməkdir. Eyni zamanda, enerji infrastrukturunun təhlükəsizliyi və kiber müdafiənin gücləndirilməsi, paylama və ötürmə şəbəkələrinin modernləşdirilməsi sənədin diqqət mərkəzindədir.
Ermənistanın enerji bazarı hazırda böyük ölçüdə Rusiya şirkətlərinin inhisarındadır. Bu baxımdan, ABŞ ilə əməkdaşlıq Rusiyanın bazardakı mövqeyini zəiflətmək üçün bir vasitə kimi qiymətləndirilə bilər. Lakin proses təkcə texnologiya transferi və investisiyalarla məhdudlaşmır, həm də geopolitik və iqtisadi balansları nəzərə almağı tələb edir. ABŞ-ın investisiya və texnologiya dəstəyi Ermənistanın enerji siyasətində alternativ marşrutların formalaşmasına imkan yarada bilər.
Digər tərəfdən, Rusiyanın bazardan tam çıxarılması bir neçə səbəbdən mürəkkəb görünür. Əvvəla, Ermənistanın enerji şəbəkəsi hələ də Rusiya infrastrukturuna bağlıdır və onun texniki baxımdan qısa müddətdə tam müstəqil olması çətindir.
İkincisi, Rusiya-Ermənistan enerji əməkdaşlığı uzunmüddətli müqavilələr və strateji investisiyalarla qorunur ki, bu da bazardan ani çıxmanı qeyri-mümkün edir.
Buna baxmayaraq, ABŞ ilə əməkdaşlıq Ermənistan üçün texnoloji və maliyyə baxımından diversifikasiya imkanı yaradır. Kiçik modul reaktor texnologiyaları və aşağı karbonlu enerji sistemlərinə keçid Rusiyanın bazardakı dominantlığını zəiflədə bilər. Eyni zamanda regional enerji ticarətində iştirak üçün ABŞ investisiyaları yeni infrastruktur layihələrinə stimul verə bilər ki, bu da Ermənistanın enerji strategiyasında balanslaşdırılmış müstəqilliyə xidmət edir".
Ekspert onu da vurğuladı ki, ABŞ-Ermənistan əməkdaşlığı Rusiyanın bazardan tam çıxmasını dərhal təmin etməsə də, uzunmüddətli perspektivdə bazarda ABŞ və Qərb təsirini artırmaq və Rusiyanın monopolist mövqeyini zəiflətmək imkanlarını yaradır: "Bu proses strateji və mərhələli yanaşma tələb edir. Ermənistanın enerji siyasəti texnoloji diversifikasiya və geosiyasi balans əsasında formalaşacaq. ABŞ-ın dəstəyi enerji təhlükəsizliyi və infrastrukturun modernləşdirilməsi baxımından Ermənistan üçün həlledici ola bilər, lakin Moskvanın bazardakı mövqeyi hələlik tamamilə aradan qalxmayacaq".
Dəniz NƏSİRLİ