Qərb mediası Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə geniş diqqət ayırırır. Etiraf edilir ki, Çin-Hindistan yaxınlaşması dünyanın qalan hissəsinə təsir göstərəcək. Eyni zamanda, Çin qlobal nizamla bağlı mesajını verir.
Həmçinin, Pekin özünü beynəlxalq sülhyaratma qüvvəsi kimi göstərir. “Politico” nəşri yazır ki, hər il Tiencində keçirilən Avrasiya siyasət və təhlükəsizlik sammiti Pekinin nüfuzunu möhkəmləndirmək, onun çoxqütblü dünya nizamına dair baxışını təşviq etmək niyyəti güdən bir platformadır. Qeyd edilir ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə NATO kimi Qərb alyanslarına qarşı balanslaşdırıcı qurum olaraq yaradılıb, hazırda 10 üzvü, 16 dialoq tərəfdaşı və müşahidəçisi var. Builki sammit, əsasən, ABŞ prezidenti Donald Trampın ticarət müharibəsinə fokuslanır. Hindistan Rusiyadan neft almağa davam etdiyindən Tramp bu ölkədən alınan məhsullara 50 faizlik tarif qoyub. Çin və Hindistan liderlərinin uzun illər etimadsızlıq və sərhəd mübahisələrindən dolayı gərginləşdiyi əlaqələrini yenidən qurmaq istədiyi görünür. Təhlilçilərin fikrincə, bunun riskləri Asiyanı aşacaq. “Chatham House” təhlil mərkəzindən Çietiqc Bacpai və Yu Ci sözügedən nəşrə açıqlamasında bildirirlər: “Bu münasibətdə baş verənlər dünyanın qalan hissəsi üçün əhəmiyyətlidir”. Onların fikrincə, Qərb ölkələri, özəlliklə də ABŞ Çinə qarşı Hindistanı dəstəkləməyə ciddi yanaşırsa, onda Hindistanın edə biləcəklərinə daha real yanaşmalıdır. Modinin Çinə səfəri isə potensial dönüş nöqtəsi sayıla bilər. “The Financial Times” yazır ki, Çin lideri Si Cinpin sammitdə Pekinin alternativ dünya nizamına dair ambisiyalarını ortaya qoymağa xüsusi diqqət edir: “Bu ölkələri Qərb, xüsusilə də ABŞ ciddi şəkildə narazı salıb. Çin onları bir araya gətirir və qlobal idarəetmə, qlobal nizam haqqında mesaj verir. Bildirilir ki, ŞƏT olaraq tamamilə fərqli bir baxışa sahibik”. Təhlilçilər həmçinin Çin, Rusiya və Hindistan liderləri arasında üçtərəfli dialoqun bərpasını xüsusi izləyirlər. 2020-ci ildə Çin və Hindistan qoşunlarının sərhəd toqquşmasından sonra dialoq dayanıb. CNBC bu sammitin Pekinin özünü qlobal sülhyaratma qüvvəsi kim təqdim etməsi fonunda keçirilməsinə diqqət çəkir. Təhlilçilərin fikrincə, Çinin Hindistanla gərginliyi azaltması Pekinin nüfuzunun möhkəmlənməsinə kömək edə bilər. “GeoMacro Strategy BCA Access” şirkətinin baş strateqi Marko Papiç bu baxımdan Hindistanla əlaqələrin yaxşılaşmasını böyük məsələ adlandırır: “Uzunmüddətli perspektivdə ABŞ Çini əsas araqarışdıran kimi göstərən təbliğat mübarizəsini uduzur”. Papiç bildirib ki, ŞƏT sammiti Çinin bir sıra ölkələrlə daha yaxşı münasibətlər qurmasına gətirib çıxara bilər.
Xatırladaq ki, ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir. Ümumilikdə ŞƏT-in 23 sammiti keçirilib. Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib. Azərbaycanın ŞƏT-lə əməkdaşlığında bir neçə strateji maraq ön plana çıxır: Bura ilk növbədə nəqliyyat və tranzit imkanları daxildir. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bakı–Tiflis–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri ŞƏT üzv ölkələrinin Avropa bazarlarına çıxışında böyük rol oynaya bilər. ikinci məqam kimi enerji əməkdaşlığı qeyd oluna bilər. Azərbaycanın zəngin neft və qaz ehtiyatları, həmçinin Cənub Qaz Dəhlizi layihəsi ŞƏT üzv ölkələri üçün enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Ticarət və investisiya başqa bir müstəvidir. Azərbaycan ŞƏT ölkələri ilə ticarət dövriyyəsini artırmaqda maraqlıdır. Çindən, Rusiyadan və Orta Asiya dövlətlərindən ölkəmizə gələn investisiyalar iqtisadiyyatın şaxələnməsinə dəstək verir. Təhlükəsizlik məsələləri də xüsusi diqqət mərkəzindədir. ŞƏT-in terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə təcrübəsi Azərbaycan üçün də aktuallıq kəsb edir. Çünki regionda sabitlik ölkəmizin inkişafı üçün əsas şərtdir. Azərbaycan və ŞƏT ölkələri arasında humanitar əməkdaşlıq da diqqət mərkəzindədir. Təhsil, mədəniyyət və turizm sahəsində birgə layihələrin həyata keçirilməsi xalqlar arasında yaxınlaşmanı gücləndirir. Azərbaycan mədəniyyətinin və incəsənətinin ŞƏT ölkələrində tanıdılması həm də ölkəmizin “yumşaq güc” siyasətinə xidmət edir. Azərbaycanın gələcəkdə ŞƏT-də daha yüksək status qazanması qaçılmazdır. Üzv ölkələrlə strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu, Azərbaycanın regionda oynadığı körpü rolu bu imkanı daha da real edir. Əgər Azərbaycan tamhüquqlu üzv olarsa, bu, ölkəmizin beynəlxalq nüfuzunu artıracaq, iqtisadi və siyasi maraqlarının təmin olunmasına xidmət edəcək. ŞƏT hazırda qlobal siyasətdə mühüm güc mərkəzlərindən biridir. Azərbaycanın bu təşkilatla əməkdaşlığı ölkəmizin xarici siyasətində balanslaşdırılmış kursun davamı kimi qiymətləndirilə bilər. Enerji, nəqliyyat, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlıq Azərbaycanın regional mövqeyini möhkəmləndirir. Qarşıdakı illərdə ŞƏT-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi gözlənilir ki, bu da ölkəmizin həm region, həm də dünya miqyasında rolunu gücləndirəcək.
Samirə SƏFƏROVA