Əli Orucov: “Perspektivdə Moskvanın Azərbaycanla Ermənistana maneə törədəcəyini düşünmürəm”
“Çin Azərbaycan və Ermənistanın ŞƏT-ə daimi üzv kimi qəbulunu dəstəkləyir. Bu ölkələr hazırda Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusuna malikdir”. Bunu Çin Sədri Si Cinpin sentyabrın 1-də ŞƏT-in Tiancin şəhərində keçirilən sammitində deyib.
Çin lideri qeyd edib ki, ölkəsi üzv ölkələrə maliyyə dəstəyi verəcək: “Çin Şanxay Əməkdaşlıq Təşkilatının maliyyə cəhətdən daha da inkişaf etdirilməsinə dəstək verəcək. Təkcə bu il Çin ŞƏT-ə üzv olan ölkələrə 2 milyard yuan qrant verəcək. Növbəti üç il ərzində Çin ŞƏT-in Banklararası Assosiasiyasının üzvlərinə 10 milyard yuan yeni kreditlər verəcək”.
Göründüyü kimi, Çin lideri Azərbaycan və Ermənistanın ŞƏT üzvlüyünü dəstəklədi. Bu, önəmli məqamdır.
Maraqlıdır, sözügedən məsələdə bəs Rusiyanın mövqeyi necə olacaq? Əgər Azərbaycan və Ermənistan ŞƏT-ə üzv olmaq istəsə, Rusiya buna imkan verər?
“Ən azından ona görə ki, bu, bilavasitə Rusiyanın özünə zərər vuracaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov hesab edir ki, prinsipcə, Rusiya bu iki ölkənin ŞƏT-ə üzv olmasına mane olmamalıdır: “Niyə? Birincisi, bu qurumda Qərb təmsil olunmur. Şərq ölkələri, xüsusən də Çin, Hindistan kimi böyük ölkələr təmsil olunur. İkincisi, Rusiya istəyər ki, Azərbaycanla Ermənistan Avropa İttifaqı kimi bir qurumda yox, məhz ŞƏT-də təmsil olunsun. Çünki biz görürük ki, Moskva postsovet ölkələrinin NATO və Avroittifaqa inteqrasiyasına necə aqressiv yanaşır. Elə bunun nəticəsidir ki, 3 il 6 aydır Ukraynada qanlı və dağıdıcı müharibə aparır. Üçüncüsü, Ermənistan Rusiyanın patronu olduğu KTMT və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Son dövrlər isə İrəvan bu birliklərdən uzaqlaşmaq perspektivini nəzərdən keçirir. Bununla əlaqədar Aİ ilə əməkdaşlığın dərinləşməsinə can atır. Bu konteksdən yanaşsaq da Rusiya istəyər ki, Ermənistan ŞƏT-də təmsil olunsun. Çünki bu, hardasa Ermənistana təsir etmək imkanı verir. Dördüncüsü, Cənubi Qafqazın ən önəmli ölkəsi, böyük tranzit-logistik imkanlara sahib dövləti Azərbaycandır. Azərbaycan Şərqlə-Qərb arasında körpüdür. O cümlədən, ciddi iqtisadi sanksiyalar altında olan Rusiya üçün İran körfəzi və Hind okeanı hövzəsinə ən optimal çıxış yolu Azərbaycandan keçir. O üzdən, Rusiyanın ŞƏT-ə üzv olmaqda Azərbaycana maneə yaradacağı real görünmür. Ən azından ona görə ki, bu, bilavasitə Rusiyanın özünə zərər vuracaq. Bəli, məlum səbəblərdən Azərbaycan-Rusiya münasibətləri ötən ilin sonundan kifayət qədər soyuqlaşıb. İki ölkə münasibətlərində gərginlik davam edir. Ancaq düşünmürəm ki, bu daim belə olacaq. Son günlər hiss edilir ki, tərəflər münasibətləri yoluna qoymağa və ortaq məxrəc tapmağa çalışırlar. Ona görə də perspektivdə Moskvanın Azərbaycanla Ermənistana maneə törədəcəyini düşünmürəm”.
Vidadi ORDAHALLI