Əsas istiqamət sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır
ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Xarici İşlər Nazirliyinin verdiyi məlumatda qeyd olunub ki, qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib. Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib. Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir.
Minsk Qrupunun tarixi və səmərəsizliyi
Minsk qrupunun tarixi əslində Qarabağ münaqişəsinin tarixindən ayrı deyil. 1992-ci ildə yaradılan bu mexanizm guya münaqişəyə sülh yolu ilə son qoymaq üçün nəzərdə tutulmuşdu. Amma onun fəaliyyəti illər keçdikcə açıq şəkildə göstərdi ki, əslində məqsəd işğal faktını uzatmaq, Ermənistanın təcavüzünü gizlətmək və regionu nəzarətdə saxlamaqdan ibarət olub. ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə fəaliyyət göstərən bu qrup Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində bir addım belə atmadı. Əksinə, Ermənistanın təcavüzkar siyasətini müdafiə edərək qeyri-obyektiv mövqe sərgiləməklə prosesləri dondurdu. Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıyan BMT qətnamələrini icra etdirmək əvəzinə, Minsk qrupu faktiki olaraq status-kvonun qorunmasına çalışdı.
Bu mənada 8 avqust Vaşinqton görüşündə qəbul edilən qərar yalnız bir diplomatik protokol məsələ deyil, tarixi ədalətin bərpası və regionda yeni siyasi reallığın təsdiqi oldu. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla artıq hərbi-siyasi reallığı formalaşdırmışdı. Ermənistana vurulan ağır zərbə, işğalın sona çatdırılması, üçtərəfli bəyanatın imzalanması, ardınca Azərbaycan dövlətinin azad olunmuş ərazilərdə sürətli bərpa prosesinə başlaması göstərdi ki, Minsk qrupu artıq heç bir əhəmiyyət daşımır. Bununla belə, beynəlxalq hüquqi və siyasi sistemdə formal olaraq bu qurumun adının qalması Azərbaycanın mövqeyinə uyğun deyildi. Vaşinqton görüşü məhz bu məsələni birdəfəlik həll etdi.
Sülh və inkişaf yolu
Minsk qrupunun buraxılması ilə Azərbaycan beynəlxalq aləmdə bir daha göstərdi ki, regionun gələcəyini öz iradəsi ilə müəyyənləşdirir. Bu qərarın həm də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə qəbul olunması simvolik əhəmiyyət daşıyır. Çünki Vaşinqton uzun illər bu qrupun həmsədrlərindən biri olub və indi məhz ABŞ-ın siyasi dəstəyi ilə onun fəaliyyətinə son qoyulması göstərir ki, Azərbaycanın mövqeyi beynəlxalq miqyasda tanınır və qəbul edilir. Bu, həm də Qərb və ABŞ siyasətində Cənubi Qafqaza baxışın dəyişməsinin bariz göstəricisidir.
Azərbaycan diplomatiyası həmişə bəyan edirdi ki, Minsk qrupu öz missiyasını itirib. Prezident İlham Əliyev hələ avqustun 27-də Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də bildirmişdi ki, Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi. Ölkə rəhbərinin sözlərinə görə, Azərbaycanın məntiqi bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏT tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı: "Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir".
ATƏT Nazirlər Şurasının Minsk Prosesi və əlaqəli strukturların bağlanması barədə qərarı, eyni zamanda, beynəlxalq təşkilatların fəaliyyətinə də ciddi mesaj verdi. Çünki Minsk qrupu nümunəsi göstərdi ki, ədaləti bərpa etmək əvəzinə işğalçı dövlətin maraqlarına xidmət edən mexanizmlər tarix səhnəsindən silinməyə məhkumdur. Minsk prosesinin bağlanması ilə regionda yeni mərhələnin qapıları açılır. Bu mərhələdə əsas istiqamət sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Azərbaycan bu istiqamətdə iradəsini açıq ifadə edir və konkret addımlar atır. Ermənistan isə artıq manevr imkanlarını itirib. Çünki nə Minsk qrupu var, nə də işğal siyasətinə bəraət qazandıran mexanizm. Ermənistan rəhbərliyi sülh müqaviləsinə imza atmaqdan başqa yolunun olmadığını anlayır.
Bu tarixi qərar həm də Azərbaycan xalqının uzun illər gözlədiyi bir ədalətin bərpasıdır. Çünki 30 ildən artıq müddətdə Minsk qrupu xalqımızın yaddaşında yalnız ədalətsizliyin, ikili standartların, diplomatik fırıldaqların simvolu olub. İndi isə bu səhifə bağlanıb və Azərbaycan xalqı öz dövlətinin siyasi iradəsi ilə fəxr edə bilər. Bu, həm də gələcək nəsillərə verilən mesajdır ki, ədalətsizlik üzərində qurulan heç bir mexanizm uzunömürlü ola bilməz.
Azərbaycanın bu uğuru yalnız region üçün deyil, həm də beynəlxalq münasibətlər sistemi üçün mühüm dərsdir. Bu göstərir ki, beynəlxalq hüquqa əsaslanan mövqe, milli maraqları müdafiə edən siyasət və güclü dövlət iradəsi istənilən süni mexanizmi iflasa uğrada bilər. Azərbaycan həm hərbi, həm diplomatik müstəvidə bunu sübut etdi.
Sabitlik və davamlı əməkdaşlıq üçün zəmin
Nəticə etibarilə, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması Azərbaycanın münaqişə nəticəsində formalaşmış reallıqlar əsasında öz suverenliyini qorumaq və regionda sabitlik yaratmaq iradəsini nümayiş etdirir. Bu addım yalnız siyasi və diplomatik qələbə deyil, həm də uzunmüddətli sülhün təminatı üçün etibarlı zəminin yaradılması deməkdir. Azərbaycanın prinsipial mövqeyi və sistemli fəaliyyəti göstərir ki, beynəlxalq hüquqa əsaslanan mövqelər, milli maraqların qorunması və ardıcıl strategiya sayəsində tarixən ədalətsiz şəkildə qorunan mexanizmlər ləğv edilə bilər, region isə yeni, davamlı və konstruktiv əməkdaşlıq mərhələsinə qədəm qoyur.
Nigar Orucova, “İki sahil”