Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə prezidenti Mixail Kavelaşvilinin ABŞ lideri Donald Trampa ünvanladığı məktuba münasibət bildirib.
"Report"un yerli bürosunun məlumatına görə, hökumət başçısı jurnalistlərə açıqlamasında deyib ki, münasibətlərin yenidən qurulmasına əsas maneə yalnız "Dərin dövlət"in təsiri ola bilər.
"İsmarışımız hamıya məlumdur: biz təmiz səhifədən başlamaq və Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlığı konkret yol xəritəsi ilə yenidən qurmaq istəyirik. Əgər "Dərin dövlət" güclənməsə, Gürcüstanla ABŞ arasında münasibətlərin bərpasına heç nə mane ola bilməz. Bizim üçün ən böyük təəccüb passivlikdir. Arzumuz odur ki, bu passivlik aktiv əməkdaşlıqla əvəz olunsun və strateji tərəfdaşlığın yenilənməsi istiqamətində konkret addımlar atılsın", - Baş nazir qeyd edib.
Xatırladaq ki, bu gün Gürcüstan Prezidenti Mixail Kavelaşvili ABŞ-dən olan həmkarı Donald Trampa açıq məktub ünvanlayaraq iki ölkə arasında strateji tərəfdaşlığın yenidən qurulmasının vacibliyini vurğulayıb.
"Cebheinfo.az"