BAKI, 2.sentyabr. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstanda baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Fövqəladə Hallara Cavab Mərkəzi Fondundan (CERF) 5 milyon dollar ayırıb.
"BMT Baş katibi Əfqanıstan xalqı ilə həmrəyliyini ifadə edir, qurbanların ailələrinə səmimi başsağlığı verir və zərərçəkənlərə tezliklə sağalmağı arzulayır. BMT və Əfqanıstandakı tərəfdaşlarımız ehtiyacları operativ şəkildə qiymətləndirmək, təcili yardım göstərmək və əlavə dəstəyə hazır olmaq üçün de-fakto hakimiyyətlə koordinasiyalı iş aparırlar. Artıq yardım məqsədilə CERF-dən 5 milyon dollar ayrılıb" - BMT Baş katibinin ofisinin yayımladığı bəyanatda deyilir.
BMT humanitar ehtiyacları qarşılamaq üçün bu məbləğin kifayət etmədiyini və Baş katibin bu faciəyə operativ cavab vermək üçün əlavə resursların təmin edilməsinə çağırdığını açıqlayıb.
Xatırladaq ki, avqustun 31-də Hinduquş dağlarının Əfqanıstan ərazisində yerləşən hissəsində 6,2 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların episentri Əsədabad şəhərindən 27 kilometr cənub-qərbdə yerləşib. Son məlumatlara görə, zəlzələ nəticəsində 800 nəfərdən çox insan ölüb, təxminən 2800 nəfər xəsarət alıb.