AZ

Belçika Fələstini tanıyacaq və İsrailə qarşı sanksiyalar tətbiq edəcək

Belçikanın xarici işlər naziri Maksim Prevost bildirib ki, ölkəsi bu ay keçiriləcək BMT Baş Assambleyasında Fələstini rəsmi şəkildə tanıyacaq və İsrailə qarşı sanksiyalar tətbiq edəcək bir sıra ölkələrə qoşulacaq. Ulusal.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nazir qeyd edib ki, Belçikanın tətbiq edəcəyi sanksiyalar “sərt xarakterli” olacaq. Qadağalara aşağıdakılar daxil olacaq:

İsrailin qanunsuz məskunlaşmalarından məhsulların idxalına qadağa;

İsrail şirkətlərindən dövlət satınalmalarına yenidən baxılması;

Belə yaşayış məntəqələrində yaşayan Belçika vətəndaşlarına konsulluq yardımının məhdudlaşdırılması.

Bundan əlavə, İsrailin iki yüksək vəzifəli naziri və bir neçə zorakı məskunlaşan, həmçinin HƏMAS liderləri Belçika ərazisində “persona non grata” elan olunacaqlar. Politico-nun məlumatına görə, söhbət çox güman ki, artıq digər Qərb ölkələrinin sanksiyaları altında olan Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir və Maliyyə naziri Bezalel Smotriçdən gedir.

Nazir Maksim Prevost bu tədbirlərin İsrail xalqına qarşı yox, ölkə rəhbərliyinin beynəlxalq və humanitar hüquqa hörmət etməsi üçün nəzərdə tutulduğunu vurğulayıb.

“Bu, İsrailin xalqına qarşı sanksiya deyil. Məqsəd hökumətin beynəlxalq qanunlara əməl etməsini və bölgədə vəziyyətin dəyişməsi üçün konkret addımlar atmasını təmin etməkdir,” – deyə Prevost bildirib.

Prevost əlavə edib ki, Belçika Avropa İttifaqının İsraillə Assosiasiya Sazişinin dayandırılması təşəbbüsünü dəstəkləyir. Avropa Komissiyası artıq tədqiqat və inkişaf sahəsində əməkdaşlığın məhdudlaşdırılmasını təklif edib, lakin Almaniyanın müqaviməti səbəbindən bu təşəbbüs hələ ki irəli getməyib.

Nazir qeyd edib ki, Belçika Aİ səviyyəsində İsraillə əməkdaşlığın dayandırılmasına yönəlmiş səsvermədə iştirak etmək niyyətindədir.

Prevostun sözlərinə görə, Fələstinin beynəlxalq miqyasda tamhüquqlu dövlət kimi tanınması artıq qaçılmaz görünür. Lakin bu addım yalnız bütün israilli girovlar azad edildikdən və Fələstin ərazisində HƏMAS-ın idarəçiliyinə nəzarət itirildikdən sonra rəsmi olaraq kral fərmanı ilə həyata keçiriləcək.

Brüssel eyni zamanda antisemitizmə qarşı mübarizəni gücləndirməyi, yəhudi icmalarını ictimai dialoqa aktiv şəkildə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, bu ilin iyul ayında Fransa prezidenti Emmanuel Makron da 9-23 sentyabr tarixlərində Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında Fələstinin tanınacağını açıqlamışdı. Bir sıra digər Qərb ölkələri də bu təşəbbüsə qoşulacaqlarını bəyan ediblər.

İsrailin baş naziri Benyamin Netanyahu məsələ ilə bağlı kəskin reaksiya verərək bildirib ki, Fələstinin bu cür tanınması antisemitizmin alovlanmasına səbəb olacaq və bu addım “HƏMAS terrorizmini mükafatlandırır, onun qurbanlarını isə cəzalandırır”.

Seçilən
17
moderator.az

1Mənbələr