AZ

Kamran Bayramov: Tiencin Bəyannaməsi Azərbaycan üçün yeni perspektivlər açır

Azərbaycan, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə fəal və dinamik əməkdaşlıq formatı quraraq, bu münasibətləri qarşılıqlı maraqlar və strateji tərəfdaşlıq əsasında inkişaf etdirir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının Tiencin şəhərində keçirilən iclası təşkilat üçün mühüm dönüş nöqtəsi oldu. Görüş zamanı qarşıdakı onilliklər üçün ŞƏT-in inkişaf istiqamətlərini müəyyən edən strateji sənədlər paketi imzalandı. Bu sənədlər arasında ən diqqətçəkəni isə artan qlobal qeyri-sabitlik şəraitində beynəlxalq münasibətlərin yeni prinsiplərini ortaya qoyan Tiencin Bəyannaməsi oldu. Bəyannamədə dövlətlərin daxili işlərinə qarışmamaq, güc tətbiqindən çəkinmək, beynəlxalq hüquqa hörmət və ortaq təhlükəsizlik çağırışlarına birlikdə cavab vermək kimi fundamental prinsiplərə sadiqlik öz əksini tapıb. Bu, həm də ŞƏT-in qlobal idarəetmədə ədalətli və çoxtərəfli yanaşmanın tərəfdarı olduğunu göstərir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Tiencin Bəyannaməsini imzalayanlar arasında uzun müddətdir gərgin münasibətlər yaşayan Hindistan və Pakistanın da olması, beynəlxalq ictimaiyyət üçün diqqətçəkən məqamdır. Bu, təbii olaraq sual doğurur, qarşılıqlı etimadın az olduğu, bəzən isə açıq qarşıdurma riski yaşanan ölkələr necə eyni təşkilatda bir araya gələ bilər?

Cavab isə ŞƏT-in mahiyyətində gizlidir. Təşkilatın əsas prinsiplərindən biri müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik baxışlarına malik ölkələr arasında ortaq dialoq platforması yaratmaqdır. Bu çərçivə dövlətlərin daxili işlərinə qarışmamaq, gücdən istifadədən çəkinmək və qarşılıqlı hörmət prinsipləri əsasında qurulub. ŞƏT, üzv ölkələrin fərqliliklərinə baxmayaraq, ortaq maraqlar ətrafında toplaşaraq, əməkdaşlıq və sabitlik üçün imkanlar yaratmağa çalışır. Hindistan və Pakistan kimi ölkələrin eyni strukturda yer alması da məhz, bu çoxtərəfli diplomatik yanaşmanın göstəricisidir.
Deputat diqqətə çatdırıb ki, Tiencin Bəyannaməsinin qəbul edilməsi təkcə ŞƏT-in gələcək inkişaf trayektoriyasını müəyyənləşdirməklə kifayətlənmir, eyni zamanda Çinin qlobal siyasətdə artan təsirinin bariz göstəricisi kimi çıxış edir. Bu sənəd vasitəsilə Pekin, özünü yalnız iqtisadi güc kimi deyil, həm də qlobal davranış qaydalarının formalaşmasında lider aktor kimi təqdim edir.  ŞƏT İnkişaf Bankının və Təhlükəsizlik Təhdidlərinə Qarşı Universal Mərkəzin yaradılması da bu strategiyanın tərkib hissəsidir. Bunlar sadəcə yeni institutlar deyil, həm də Çinin “bəşəriyyət üçün ümumi gələcək” konsepsiyasının reallaşmasına xidmət edən konkret addımlardır.  Çin bu yanaşma ilə Qərbin dominantlıq etdiyi maliyyə və təhlükəsizlik institutlarına qarşı alternativ model irəli sürür. 
Tiencin Bəyannaməsi ilə birlikdə qəbul olunan inkişaf institutlarının yaradılması, təhlükəsizlik sahəsində mexanizmlərin təkmilləşdirilməsi və ortaq siyasi yanaşmaların formalaşdırılması ŞƏT-in institusional əsaslarını gücləndirir. Bu isə təşkilatı sadəcə üzv dövlətlərin maraqlarını əlaqələndirən mexanizm deyil, eyni zamanda beynəlxalq sistemin yenidən qurulmasında fəal rol oynayan aktora çevirir.  Beləliklə, ŞƏT artıq yalnız regional təhlükəsizlik və iqtisadi məsələlərin deyil, həm də qlobal siyasi düzənin formalaşmasına təsir göstərən mühüm güc mərkəzlərindən biri kimi çıxış edir.
K.Bayramovun qənaətinə görə, Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olmasa da, Tiencin Bəyannaməsində əks olunan bir sıra əsas prinsiplər ölkəmizin xarici siyasət xətti ilə tam uyğunluq təşkil edir. Xüsusilə daxili işlərə qarışmamaq prinsipi Azərbaycanın beynəlxalq münasibətlərdə daim müdafiə etdiyi fundamental mövqelərdən biridir. Rəsmi Bakı bu yanaşmanı həm ikitərəfli münasibətlərdə, həm də qlobal müzakirələrdə ardıcıl olaraq tətbiq edir. Bəyannamədə vurğulanan güc tətbiqindən imtina prinsipi də Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Azərbaycan dəfələrlə bəyan edib ki, hərbi gücdən yalnız beynəlxalq hüquq çərçivəsində - öz suverenliyi və ərazi bütövlüyünü qorumaq məqsədilə istifadə edir. Bu baxımdan, ŞƏT-in qəbul etdiyi strateji sənədlərdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan yanaşması ilə oxşarlıqlar açıq şəkildə görünür. 
Digər önəmli aspekt nəqliyyat və iqtisadi əlaqələrin inkişafına yönəlik çağırışlardır. Azərbaycan bu sahədə uzun illərdir fəal mövqe tutur və faktiki olaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən Orta Dəhlizin əsas qovşaqlarından birinə çevrilib. ŞƏT və xüsusilə Çin üçün bu marşrutun əhəmiyyəti getdikcə artır. Azərbaycanın bu dəhlizdə həm geosiyasi, həm də iqtisadi baxımdan güclü rolu ölkəmizin təşkilatla əməkdaşlığının dərinləşməsinə real zəmin yaradır.
Deputat əlavə edib ki, Tiencin Bəyannaməsinin qəbulu Azərbaycan üçün strateji baxımdan bir sıra vacib təşəbbüsləri daha da aktivləşdirə bilər. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı kontekstində bu sənəd yeni koordinasiya imkanları yaradır. ŞƏT çərçivəsində daha sıx əməkdaşlıq və qarşılıqlı razılaşdırılmış layihələr, bu marşrutun yükdaşımalarında rəqabət qabiliyyətini artırmaqla yanaşı, Azərbaycanın logistik qovşaq kimi mövqeyini daha da möhkəmləndirə bilər. Bununla yanaşı, təşkilat daxilində nəzərdə tutulan İnkişaf Bankı kimi maliyyə institutları, Azərbaycanın nəqliyyat, energetika və rəqəmsal infrastruktur layihələrinin maliyyələşdirilməsində alternativ və sabit mənbəyə çevrilə bilər. Bu isə həm ölkənin iqtisadi dayanıqlığını artırar, həm də regionda həyata keçirilən beynəlxalq layihələrə töhfə vermiş olar. Nəticə etibarilə, Tiencin Bəyannaməsi yalnız ŞƏT-in gələcək strateji kursunu müəyyən etmir, eyni zamanda Azərbaycanın bu proseslərdə fəal tərəfdaş və aparıcı iştirakçı kimi çıxış etməsinə geniş imkanlar açır. Bu kontekstdə, ölkəmiz qarşıdakı illərdə bu mexanizmlərdən maksimum faydalanmağa çalışacaq və ŞƏT ilə əməkdaşlığını daha da dərinləşdirəcəkdir.

Seçilən
1
ikisahil.az

1Mənbələr