Aynur Turan
(27 avqustda Qəzənfər Paşayevin 88 yaşı tamam olur )
(əvvəli BU LİNKDƏ)
Onun qələmə aldığı bütün əsərlər həmişə ədəbi, elmi sferanın diqqətini cəlb etmiş, maraqla qarşılanmışdır. Bu da təbiidir... Çünki Qəzənfər müəllimin müraciət etdiyi mövzular əsasən “xam torpaqlar” aləmindən alınır, təkrarsız bir hadisəyə çevrilir. Lakin bütün bunlara rəğmən, onun yaradıcılığının Everest zirvəsi “Altı il Dəclə-Fərat sahillərində” (1985) bədii-publisist, elmi-memuar üslubunda qələmə aldığı, qızların cehizinə, oğlanların qüdrət daşına çevrilmiş əsəridir... Tayı-bərabəri olmayan bu əsəri milyonlar oxudu. Bu əsər Q.Paşayev yaradıcılığının rəmzinə, pasportuna döndü. Hələ sağlığında qəlblərdə Qəzənfər Paşayevin mənəvi heykəli ucaldı. Necə ki, Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası, Bülbülün “Sənsiz” i, Səməd Vurğunun “Azərbaycan” ı, Tahir Salahovun “Qara Qarayev” portreti, Səttar Bəhlulzadənin “Təbiət mənzərələri”, Məmməd Arazın “Dünya sənin, dünya mənim” i, Sabir Rustəmxanlının “Ömür kitabı” əsərləri kimi.”
“Altı il Dəclə-Fərat sahillərində” kitabı filologiya elmləri namizədi Q.Paşayevin altı illik müşahidə və tədqiqatının nəticəsi olan bu kitab qədim mədəniyyətin beşiyi İraq və iraqlıların dünəni, bu günü, adət-ənənəsi, içtimai həyatı, inkişafı haqqında geniş məlumat verir. Bir vaxtlar gözəl nəfəsli müğənnimiz Nərminə Məmmədovanın iraqlı Sinan Səidlə birgə oxuduğu
Evlərinin önü yonca,
Yonca qalxıb dam boyunca...
misralı məşhur Kərkük bayatısı varlığımıza süzülərək bizə çox mətləbləri açıqlayırdı. Bu həzin və məlahətli səsin qəlbimizdə yaratdığı ilk təlatüm sonralar görkəmli tədqiqatçı-alim Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” kitabı ilə bir daha ruhumuzu dara çəkərək bizi silkələdi. Ötən əsrin 80-ci illərində Q.Paşayevin ən böyük tirajla (130 min) çap olunmuş “Altı il Dəclə-Fərat sahillərində” adlı sanballı, elmi publisistik daha dəqiqi, bir səyahət salnaməsi olan kitabı əllərdə gəzdi, dillər əzbərinə çevrildi. Hamı bu əsərdən danışırdı. Qapalı bir mühitdə-sovet quruluşunun ağır diktələri və rejimi altında yaşadığımız bir zamanda biz əslində böyük dünyadan xəbərsiz idik. Məhz Q.Paşayevin bu kitabının vasitəsilə bizə bəlli oldu ki, o qədər də iraq olmayan ölkədə, İraqda dilimizdə danışan İraq türkmanları yaşayır. Biz ilk dəfə məhz professor Q.Paşayevin bu kitabının vasitəsilə İraq ellərindən, Kərkükdən xəbər tutduq. Bizi təccübləndirən təkcə bu xəbər deyildi, bizi heyrətləndirən bütün buxovları, sədd və sərhədləri sözün böyük qüdrəti ilə vurub dağıtmağı bacaran Q.Paşayevin yazıçılıq məharəti, vətəndaşlıq yanğısı, milli təəssübkeşliyi və cəsarəti idi. O zaman Q.Paşayev bizim üçün bir əfsanəvi insana çevrilmişdi. Q.Paşayev İraq-Azərbaycan ədəbi əlaqələrində bir elmi institutunun görəcəyi işi təkbaşına yerinə yetirir. “Altı il Dəclə-Fərat sahillərində” 1996-cı ildə Bağdadda ərəbcə nəşr olunmuş və bu ölkədə böyük ədəbi hadisəyə çevrilmişdi.
Müəllifin “İraq-türkmən folklorunun janrları” kitabı da həm Bakıda, həm Bağdadda, həm də İstanbulda nəşr edilib. “İraq-Türkmən ləhcəsi” araşdırmasıda böyük rəğbətlə qarşılanıb. Kərkükdə yaşayıb-yaradan söz adamları haqqında professor Q.Paşayevin müxtəlif yazılarını oxumuşuq. Görkəmli alimimizin çap etdirdiyi “İraq-Kərkük bayatıları”, “Kərkük mahnıları”, “İraq-Kərkük atalar sözləri”, “Kərkük tapmacaları”, “Kərkük folklor antologiyası”, “Nəsiminin İraq divanı” və s. kitabları ədəbiyyatımızın zənginləşməsinin bu yöndə böyük fədakarlıq, vətəndaşlıq mövqeyinin göstəricisidir. Müəllif kitabın bir fəslin belə adlandırmışdır: “İraq bizə iraq deyil”. Burada onu qeyd edə bilərik ki, ümumən uzaqların yaxın olmasını, o cümlədən İraqın bizə iraq yox, daha da yaxın olmasını arzulayan hər kəs dost xalqlarımız arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına qüvvəsi çatdığı qədər kömək göstərməlidir. “Altı il Dəclə-Fərat sahillərində” əsəri də məhz belə nəcib bir niyyətlə oxuculara təqdim olunur.
Professor Q. Paşayevin “Borcumuzdur bu ehtiram” kitabı 2010-cu ildə nəşr olunmuşdur. Kitabda filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin ünsiyyətdə olduğu, əksəriyyəti ilə illər boyu dostluq etdiyi dünyasını dəyişmiş dəyərli insanlar haqqında fikirləri, düşüncələri yer alır. O insanlar ki, örnək olan əməlləri və müdrik kəlamları ilə bizimlədir. “Borcumuzdur bu ehtiram” xalq tərəfindən sevilən unudulmaz insanların xatirəsinə bir töhfədir. Qəzənfər Paşayevin kitabı ömrünü xalq, millət, elm, mədəniyyət və dövlət yolunda fədakarlıqla həsr edib, bu dünyadan ləyaqətlə köçənlərə həsr olunub.Bu dəyərli kitabın bir məziyyəti də ondadır ki, kitabın müəllifi bu dünyada qalib gedənlər haqqında yazmağa mənəvi haqqı olan insandır.
Sözlərimizə Cabir Novruzun fikri ilə aydınlıq gətirə bilərik.
Sağlığnda qiymət verin insanlara,
Sağlığnda yaxşılara yaxşı deyin.
Sağlığnda yaman deyin yamanlara.
Qəzənfər Paşayev hər bir insanın həm sağlığında, həm də yoxluğunda insanlara qiymət verməyi bacaran biridir.
İstedadlı şəxsiyyət Q.Paşayevin “Ədəbi məktublar”kitabında yer alan məktublar XX əsrin 80-ci illərindən başlamış günümüzədək 35 illik dövrü əhatə edir.
Düşünürük ki, hər gün gördüyümüz, oxuduğumuz bu “İNSAN” əsəri elə Qəzənfər müəllimin özüdür. Bəli, bu kitabı oxuduqca, onunla tanış olduqca, ünsiyyət bağladıqca gözlərimiz önündə özü bütöv, sözü bütöv, amalı yalnız yaxşılıq, xeyirxahlıq olan, kimsənin qəlbini qırmayan, “əl tutmaq Əlidən qalıb” ideyasını kredosuna çevirən, ödədiyindən ödənc gözləməyən, istəməyən, əməlpərvər, ürəyiaçıq, mehriban, səmimi bir insan yüksəlir, heykəlləşir: Qəzənfər Paşayev!” (Vüqar Əhməd). Məncə Q.Paşayevin insanlığına, iç dünyasına, özü də sağlığında bundan böyük qiymət ola bilməz. Ömrünün bir müdriklik zirvəsi də keçildi, 81 yaş arxada qaldı. Qarşıda isə yeni zirvələr, yeni yaradıcılıq üfüqləri... Bu zirvələr də, üfüqlər də ona “gəl-gəl” deyir. Gəlin, bu dəyərli şəxsiyyət, elm adamı Qəzənfər Paşayevi 81-illik yubileyi münasıbəti ilə təbrik edək, ona həyatda və yaradıcılığında yeni-yeni nailiyyətlər arzu edək. Allah amanında, tanrı sevgisində, uğurlar qanadında!
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur