AZ

“Memorandumda Rusiyanın maraqları təmsil olunmur”

Azərbaycan və Amerika Birləşmiş Ştatları Anlaşma Memorandumunun mətni açıqlanıb.

Əməkdaşlıq sahələrinin içərisinə müdafiə və terrorizmə qarşı mübarizə sahəsində daha möhkəm əməkdaşlığın qurulması da aiddir.

Bəs bu Rusiya üçün narahatlıq yarada bilərmi? Yaradarsa, bunun səbəbləri nə ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, Rusiya, ümumiyyətlə, Cənubi Qafqazda, yəni keçmiş postsovet məkanında özündən başqa kiminsə olmasını, hansısa bir dövlətin və ya gücün mövcudluğunu istəmir.

Onun sözlərinə görə, Rusiya postsovet məkanında olan ölkələrin müstəqil xarici siyasət yürütməsini də qəbul etmir.

"ABŞ-Azərbaycan arasında imzalanmış memorandumun detallarına baxanda görürük ki, orada Azərbaycanın, Amerika Birləşmiş Ştatlarının maraqları var və Cənubi Qafqazın maraqları nəzərə alınıb. Belə olan halda Rusiyanın marağı burada təmsil olunmur. Amma Azərbaycanın və ABŞ-nin imzaladığı bu anlaşmanın Rusiyaya qarşı yönəlmədiyi hər kəsə məlumdur, eyni zamanda mətndə də açıq göstərilir".

Politoloq əlavə etdi ki, bu, sadəcə Azərbaycanın və ABŞ-nin öz müstəsna istəkləri əsasında qurulan bir anlaşmadır və üçüncü tərəflərə yönəlmir.

"Bu anlaşmanın imzalanması Azərbaycan və ABŞ-nin öz istəyinə bağlıdır və müstəqil xarici siyasət hər bir ölkənin haqqıdır.  Ona görə də düşünürəm ki, Rusiya burada səbəb axtarmamalıdır və əgər axtarırsa, bu artıq qonşuluq siyasətində, Azərbaycanla münasibətlərində və regiona baxış bucağında sırf imperialist təfəkkürün nümunəsi ola bilər", - deyə S.Hümbətov fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Seçilən
3
1
redaktor.az

2Mənbələr