AZ

NYT: Si Tsinpinin paradı Çinin hərbi gücünü və avtokratlar ittifaqını nümayiş etdirəcək...

Pekində keçiriləcək genişmiqyaslı hərbi parad Çinin həm daxildə milli qüruru gücləndirmək, həm də beynəlxalq arenada diplomatik çəkisini göstərmək məqsədi daşıyır...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti yazır. Nəşr qeyd edir ki, tədbirdə əsasən avtoritar liderlərin iştirakı gözlənilir.

Çərşənbə günü Pekin səmasında qırıcı təyyarələr uçacaq, Tyananmen meydanında tanklar keçid edəcək. Çin lideri Si Cinpin diqqətlə hazırlanmış hərbi paradda başçılıq edəcək. Parad həm ölkənin ən yeni silahlarını nümayiş etdirməyi, həm də Çin Kommunist Partiyasının imperiya Yaponiyasının məğlub edilməsində roluna diqqət çəkməyi hədəfləyir.

Tədbirdə Rusiyanın prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen Inİran prezidenti Məsud Pezeşkiyan da iştirak edəcək. Bu, dörd ölkə rəhbərinin ilk dəfə bir yerdə toplaşması kimi tarixə düşəcək. Digər qonaqlar arasında Myanma xuntasının rəhbəri Min Aunq Xlainq və Konqo Respublikasının prezidenti Deni Sassu-Nqesso da var.

Freedom House-un qiymətləndirməsinə görə, paradda iştirak edəcək 25 ölkədən yalnız 7-si azad və ya qismən azad hesab olunur. İstisnalardan biri Slovakiyanın baş naziri Robert Fitso olacaq. NATO üzvü olan Slovakiya Mərkəzi Avropanın ən azad ölkələrindən sayılır. Fitso uzun müddətdir Qərbin Ukraynaya dəstəyini tənqid edir və Pekinlə diplomatik-iqtisadi əlaqələri gücləndirməyə çalışır.

Asiya Cəmiyyəti Siyasət İnstitutunun Çin siyasəti üzrə eksperti Nil Tomas hesab edir ki, bu tədbir Çinin özünü “dünyanın aparıcı avtoritar dövləti” kimi təqdim etdiyini nümayiş etdirir. Onun sözlərinə görə, Çinin sərhəd qonşularından 14-dən 11-nin liderlərinin iştirak etməsi də Pekinin artıq regional supergüc olduğunu aydın göstərir.

Parad Çin Kommunist Partiyasının milliçilik və antıyapon əhvali-ruhiyyəsini gücləndirmək məqsədli daha geniş kampaniyasının əsas hissəsidir. Son aylarda ölkədə Yaponiya imperiya ordusunun qəddarlıqlarına həsr edilmiş filmlər nümayiş etdirilir və tamaşaçıların auditoriyalara toplaşması Si Cinpinin mesajına zəmin hazırlayır.

Siyasi baxımdan bu, partiya üçün faydalıdır. Müharibə dövrünün travmalarını yenidən gündəmə gətirməklə partiya gənclər arasında işsizlik, ABŞ-la gərgin münasibətlər və iqtisadi tənəzzül fonunda daxili dəstəyi möhkəmləndirməyə çalışır. Bu kampaniya eyni zamanda Tokio ilə münasibətləri kəskinləşdirib. Ötən həftə Pekin Yaponiyaya etiraz notası təqdim edib, çünki Tokio Avropa və Asiya ölkələrindən paradda iştirak etməmələrini xahiş edib.

Si Tsinpinin çıxışında Çinin İkinci Dünya müharibəsində daha mühüm rolunu vurğulayacağı gözlənilir. Tarixi yenidən yozmaq partiyanın iki məqsədinə xidmət edir: özünü millətin xilaskarı kimi təqdim etmək və xüsusən Tayvan da daxil olmaqla bəzi ərazilərə iddialarını möhkəmləndirmək.

Poliqon.info

Seçilən
105
poliqon.info

1Mənbələr