“Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova QHT.az- a açıqlamsında yeni araşdırmanın nəticələri barədə məlumat verib.
Onun sözlərinə görə, işlənmiş qazların ekoloji təsirləri təkərlərin yaratdığı problemlərlə müqayisədə daha az təhlükəli hesab edilə bilər. İ.Həsənova bildirib ki, aparılan son araşdırmalara görə avtomobil təkərləri adi nəqliyyat vasitələrinin emissiyalarından 1000 dəfə pis emissiya istehsal edə bilirlər. O vurğulayıb ki, Avropada hökumətlər yeni avtomobillərin qaz emissiyalarını məhdudlaşdırmağa çalışsalar da, təkərlər bu günə qədər diqqətdən kənarda qalan tamamilə yeni bir ekoloji problem sahəsidir.
“Göründüyü kimi, təkərlər özləri emissiya yaratmır. Problem onların zamanla köhnəlməsindən qaynaqlanır. Avtomobil hərəkət etdikcə təkərlər yeyilir, nəticədə kiçik hissəciklər ətraf mühitə qarışır. Bu hissəciklər havaya, torpağa və suya daxil olmaqla yanaşı, yağış vasitəsilə kanalizasiya sistemlərinə, oradan isə çay və okeanlara qədər gedib çıxır,” – deyə İ.Həsənova qeyd edib.
Mütəxəssislərin fikrincə, təkərlərin əsasını təşkil edən sintetik kauçuk, doldurucular və kimyəvi maddələrdən ayrılan bu mikrohissəciklər ekosistemə ciddi zərər vurur və ekoloji risklərin artmasına səbəb olur.
Pərvanə Fərhadqızı